Həzi Aslanovun döyüş yoldaşı: O, böyük qəhrəman idi – REPORTAJ, VIDEO

Böyük Vətən Müharibəsinin 100 yaşlı veteranı, əfsanəvi tank komandiri Həzi Aslanovla birgə döyüşmüş Dmitri Ryazantsev Moskvada öz evində “Moskva-Baku” portalına maraqlı müsahibə verib. Veteran 2 dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov haqda xatirələrini danışıb. Müsahibəni oxucularımıza təqdim edirik.

Böyük Vətən Müharibəsi veteranı, Stalinqrad döyüşünün iştirakçısı Dmitri İvanoviç Ryazantsev öz evində azərbaycanlı dostları ilə görüşüb. Moskvadakı azərbaycanlıların milli-mədəni muxtariyyətinin nümayəndələri veteranı ilk dəfə deyil ki, ziyarət edirlər. Və onların dostluğu təsadüfi deyil.

Dmitri İvanoviç Ryazantsevin sağlamlığı qaydasındadır. Tam 100 yaşı var, özünü əla hiss edir və yaddaşından şikayətlənmir. Stalinqrad döyüşünün iştirakçısı müharibə illərini sanki dünənki kimi xatırlayır. Azərbaycan generalı Həzi Aslanovu da yaxşı xatırlayır, çünki onlar Stalinqrad yaxınlığında üçüncü mexanikləşdirilmiş tank korpusunda birgə döyüşmüşlər. Birlikdə Dmitri İvanoviçin ağır yaralandığı Verxnekumskayanı azad etmişdilər.

“Noyabrın 20-də səhər tezdən artilleriya hazırlığı apardıq. Hazırlıqda bütün artilleriya, korpus və tank alayları iştirak edirdi. O cümlədən Həzi Aslanovun 55-ci əlahiddə tank alayı. Hazırlıqdan sonra bizə hərəkətə keçməyə icazə verdilər. Və bu döyüşlərdə Həzi Aslanovun alayı böyük rol oynadı. Almanlar 200 tank çıxarmışdılar və sonda onları biz sürdük"- deyə Dmitri İvanoviç Ryazantsev xatırlayır.

O vaxt Dmitri İvanoviçin 20 yaşı var idi, lakin o, artıq tank komandiri idi. Sovet tank korpusu Paulus ordusunu mühasirəyə aldı. Tank korpusumuzun vəzifəsi cəbhənin yarılmasının qarşısını almaq idi, çünki Stalinqrada cəmi 40 kilometr qalmışdı.

Stalinqrad yaxınlığında döyüşlər çox ağır keçdi. Hamı qəhrəmanlıq göstərdi,- Dmitri İvanoviç xatırlayır. Axı onları döyüşə əfsanəvi Həzi Aslanov gətirib. Onlar- gənc tankçılar azərbaycanlı komandiri yalnız birləşmələrdə görürdülər. Amma onlar həqiqətən də tankçı adına layiq olmaq istəyirdilər.

“Həzi Aslanov Krımdan Stalinqrad cəbhəsinə- bizə gəldi. Xoş simalı, ağıllı, qətiyyətli, iradəli bir komandir idi. Onda gənc idi. Onun 32, mənim isə 20 yaşım vardı. Biz leytenantıq, tank məktəblərinin məzunlarıyıq, korpus yaratmışıq, orada onun haqqında danışıb, nümunə göstəririk. Həzi Aslanov təcrübəli komandir idi. O, həmişə korpusda şöhrət qazanıb. Stalinqrad döyüşündə göstərdiyi böyük qəhrəmanlıqlara görə o, Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü”- Dmitri İvanoviç Ryazantsev deyir.

Dmitri İvanoviçin və özünün bütün sinəsi boyu müxtəlif orden və medallar var. Hərbi forma üzərində siz həmçinin Qırmızı Bayraq ordeni, iki Qırmızı Ulduz ordeni, "Hərbi xidmətlərə görə" və "Stalinqradın müdafiəsinə görə" medallarını görə bilərsiniz. Azərbaycanlı dostları ilə ünsiyyətdə olan Dmitri İvanoviç daha çox maraqlı və qəhrəmanlıq hekayələri danışdı. Görüşün sonunda veterana xoş hədiyyə- Bakıya səyahət təklifi təqdim olundu.

Dmitri İvanoviç 2023-cü ilin yazında Bakıya səfər etmək təklifini öz planına yazdı. Onun əfsanəvi Azərbaycan sərkərdəsi Həzi Aslanovun vətəninə səfər etmək arzusu böyükdür. Əsas odur ki,- veteran zarafat edir,- indi sağlamlıqla razılaşmaq lazımdır.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi” çərçivəsində hazırlanıb.

Videoreportaja buradan baxa bilərsiniz

http://www.youtube.com/watch?v=ardXhEhHCIQ

Bütün xəbərlər Facebook səhifəmizdə