Gülnar Taclı (Teymurzadə). Bu imza artıq bir neçə ildir ki, oxuculara çox yaxşı tanışdır. Çünki onun yazdığı şeirləri, hekayələri, publisist yazıları, məqalələri oxucular çox maraqla oxuyur və bu yazılar haqqında özlərinin maraqlı fikirlərini də yazırlar. 23 yaşı iyun ayının 21- də tamam olan belə istedadlı xanım, əgər oxucular tərəfindən sevilirsə və maraqla qarşılanırsa, inanırıq ki, az bir vaxta böyük uğurlara imza atacaq.

Bəli. İstedad Allah vergisi olanda, həmin yaradıcı insan oxucular tərəfindən sevilir və hər bir yazısı da maraqla qarşılanır. Belə insanların “dayısı” da, arxası da məhz özlərinin yüksək təfəkkürü, ağlı, savadı və öz istedadları olur. Bu gün belə istedadlı gənclərə lazım olan şərait yaradmaq lazımdır ki, onlar zaman gələndə Azərbaycan ədəbiyyatını dünya səviyyəsinə çıxara bilsinlər. Məşhur klassiklərimizin layiqli davamçıları olsunlar.

Biz, redaksiya olaraq, Gülnar Taclını ad günü münasibətilə təbrik edib, ona daha böyük yaradıcılıq uğurları arzulayaraq, yeni şeirlərini oxucularımızın ixtiyarına veririk. İnanırıq ki, onun bu şeirləri də oxucuların xoşuna gələcək.

GÜLNAR TACLI

Əyməliyəm

Mənimlə nə işin, ay qoca dünya,

Hələ dağ sındırıb, daş əyməliyəm.

Baharı adlayıb çatmışam yaya,

Payız qatlamalı, qış əyməliyəm.

Qayalar çapıram, amma tişəm yox,

Sevgidən savayı özgə peşəm yox,

Qismətsiz alnımda hələ işim çox,

Gözə qələm çəkib qaş əyməliyəm.

Susqun dənizlərin ölüb sahili,

Quriyub çayları, səngiyib seli,

Yerlərin göylərdən üzülüb əli,

Torpağa gözümdə yaş əyməliyəm.

Gülnaram, İlahi, min şükür sənə,

Sən elə bir sevgi vermisən mənə,

Sözdən heykəl qurub hər gün şəninə,

Qarşında min dəfə baş əyməliyəm...

15.06.2020-ci il

Kölgəsi ilə rəqs edən qadın

Şam işığında kəpənəyin şəklinə bənzəyir,

Ağappaq qanadları qara kölgələrə çevrilir,

Şam şöləsi güclü olduqca,

Bəyaz qanadlar daha da qara görünür.

Xəyalların səmasında buluda dönüb dizin-dizin sürünür,

Əriyib heçliyə bürünür

Kölğəsi ilə rəqs edən qadın.

Sürüşür əlləri xatirələrin çiynindən,

Dizinə düşür kölgəsi.

Gecələr süzülüb çıxır əynindən,

Yenə günəşin üfüqdə ilk şəfəqindən tutub dikəlir,

Qabarır, çəkilir

Dan yeri kimi sökülür

Kölğəsi ilə rəqs edən qadın.

Qüruba uzanır rəqsinin əksi

Elə uzanır ki, əlləri Tanrının ətəyinə toxunur,

Kölgəsinə yazdıqları min işıq ili məsafədən oxunur.

İşığa çırpılan yarasaya bənzəyir,

Çarmıxda qıvrılan İsaya bənzəyir

Kölgəsi ilə rəqs edən qadın.

Qara gecələrmiş bəstəkarı, bu rəqs havasının,

İfaçı dərdlərin xor kapellası,

Və tənha ruhların möhtəşəm ifası...

Hər gecə fərqli ifada, fərqli ifadə...

Bircə günün günortası kölğəsini tapa bilmir rəqs edə

Kölgəsi ilə rəqs edən qadın...

18.06.2020-ci il

Qaranquş yuvası

Bahar gəldi evimizə,

Qoşa qaranquş qanadında...

Neçə günlər nəğmə oxuyub hərləndilər eyvanda.

Uçdular, oturdular, gah o yanda, gah bu yanda.

Sonra biri ot gətirdi,

Biri palçıq.

Yorulmadan işlədilər gecə gündüz,

Nəhayət ki, iki günə hazır oldu yuva-alaçıq.

Xoşbəxt-xoşbəxt təzə evdə oturdular,

Sinəsi ağ, alnı açıq...

Bir gün civilti səsi bürüdü eyvanı.

Həyat səsinə sevindi yuva.

Qaranquşların cəhcəhi götürdü dünyanı.

Bu balaca yuvadan xoşbəxtliyin səsi car çəkdi bəşəriyyətə.

Baxanlar heyran olurdu bu İlahi səadətə...

Xoşbəxt olmaq üçün çox şey lazım deyilmiş.

Bir damla sevgi,

Bir udum hava,

Bir çəngə ot

Və palçıq yuva...

09.06.2020-ci il

Xəbər tutmaya

Kaş ölüb gedəm bu gecə,

Yetənim xəbər tutmaya.

Ruhum tərk edə gizlicə

Bədənim xəbər tutmaya.

Ruhuma göylər yarıla

Tanrı hüzuru yar ola,

Nə zəmim xəbərdar ola,

Nə dənim xəbər tutmaya.

Əbədi nura bələnim,

Göydən süzülüb ələnim,

Mat keçib qala gələnim,

Gedənim xəbər tutmaya.

Sökülə göylərin tağı,

Düşə baxanın papağı,

"Bir şair" arta torpağı,

Vətənim xəbər tutmaya.

07.06.2020-ci il

Köçüm var

Tikan güldə, gül tikanda var olur,

Tikan, ya gül olmağında seçim var.

Dost unudur, düşmən dönüb yar olur,

Hər təzadda bir ölçü var, biçim var.

Ömür hərbdi, çox arzular yenildi,

Ağı qaçdı, qara qoyun minildi,

Boşaldıram gözlərimi min ildi,

Dolub daşmır, dərya boyda içim var.

Gecələrin qalasını gün sökür,

Eşq girməyən könüllərə kin çökür,

İlahinin verdiyinə min şükür,

Yoxa lənət, hər vardan bir heçim var.

Sevinc küsdü, əzablara xoş gəldim,

Deyən yoxdu, Gülnar Taclı, xoş gəldin,

Günbatandan gündoğana boş gəldim,

Gündoğandan günbatana köçüm var.

05.06.2020–ci il

Bu yağış

Elə bil ki, xəstə düşüb bu torpaq,

Cadar olmuş can sulayır bu yağış.

Böcəkləri, çiçəkləri ağladır,

Qəm üstünə qəm calayır bu yağış.

Gölməçələr dama-dama göl olur,

Cığirları çamır basır, lil olur,

Arxlar dolur, çaylar daşır, sel olur,

Sahilləri qamçılayır bu yağış.

Ürək ritmi, damcı səsi görüşüb,

Cığırların ayaqları sürüşüb,

Ümidlərin tavanına çat düşüb,

Ürəyimə damcılayır bu yağış ...

27.10. 2017 – ci il

Vurar

Hər kəsə gül açma, könül ağacım,

Şaxta ağacları gülündən vurar.

Dilsizə dil versən ehtiyatlı ol,

Dönüb ilan kimi dilindən vurar!

Qəsdinə dayanar sən yaşatdığın,

Sənə aman verməz dada çatdığın,

Durub arxasında əl uzatdığın,

Ayağından çəkər, əlindən vurar.

Dördnala çapırmış yorğa bildiyin,

Qartala çevrilər qarğa bildiyin,

Yaddan betər olar arxa bildiyin,

Kürəyindən oxlar, belindən vurar.

Allah, məqam gəlib, qiyamət eylə,

Doğma doğmasına bəd niyyət eylər,

Candan keçdiyin dost xəyanət eylər,

İçini verdiyin çölündən vurar.

Çatladı

Susmağın nəyinə qızıl deyirlər,

Çəkildi əsəbim tarım, çatladı .

Səbrim silkələndi, qayam uçuldu,

Evim ləngər vurdu, barım çatladı.

Od tutdum, elə bil günəşə girdim,

Odlara çırpıldım, atəşə girdim,

Nəhəng səbrim ilə döyüşə girdim,

Yarım xilas oldu, yarım çatladı.

Oxuyan varmı ki, yazdım sözümü,

İtirdim, unutdum, pozdum özümü,

Axır ki səsindən asdim özümü,

Bir kəlmə deyincə gorum çatladı!

Bütün xəbərlər Facebook səhifəmizdə