Məmməd Kazımın təkrarsız yaradıcı dünyası

1960-cı illərdən yaradıcılığa başlayan, tanınmış yazıçı, jurnalist, publisist Məmməd Kazım böyük yaradıcılıq yolu keçməklə, həm də bir vətəndaş kimi çox işlər görüb. Belə ki, o, bir vaxtlar Azərbaycan Dövlət Televiziyasında "Hünər" adlı hərbi-vətənpərvərlik verilişini yaratmaqla, təkcə Azərbaycanda yox, keçmiş Sovetlər Birliyində də tanınırdı. Məhz Məmməd Kazımın böyük zəhmətinin, yüksək vətənpərvərliyinin sayəsində Böyük Vətən Müharibəsində itkin düşmüş, ölumləri, qalımları haqqında qohumlarının, yaxınlarının uzun illər çalışsalar da heç bir məlumat əldə edə bilmədiyi çoxlu insanları məhz Məmməd Kazım sevindirib. Sağ qalanları bir-birilə görüşdürüb. İtkin düşənlərin məzarlarını təkcə Sovetlər Birliyi ölkələrindən yox, Sosialist ölkələrinə səfərləri zamanı tapıb və yaxınlarının həmin məzarları ziyarət etməsi üçün dövlət rəsmiləri ilə danışıqlar aparıb və lazım olan bütün şəraitləri yaradıb. Həmin tarixi hadisələr də hər biri Məmməd Kazımın qələmindən yazılara və televiziya verilişlərinə köçərək, gələcək nəsillər üçün bir ərmağan kimi qalıb. Açığı belə böyük, xeyirxah işi hətta həmin vaxtlar üzdə olan dövlət rəsmiləri və fəxri adları olan heç bir qəlam sahibi edə bilməyib.

Məmməd Kazim çox maraqlı şairdir. Çox istetdalı yazıçıdır. O, əgər yalnız seirlər yazsaydı, bu gün onun cild-cild kitabları hamımızın stolüstü kitablar olar və dərslik kitablarında böyük yer alardı. Məmməd Kazim yalnız nəsr əsərləri yazsaydı, indi çoxlu romanları, povestləri, hekayələri 50 cilddən artıq kitablar olardı. Və nəhayət Məmməd Kazım yalnız jurnalistika ilə məşğul olsaydı bu sahənin də tarixdə qalan 3-5 yaradıcılarından biri kimi, yazdığı məqalələri, publisist yazıları jurnalistika dərsliklərində tələbələrin ən çox müraciət etdiyi yazılar olardı. Amma bu, böyük yaradıcı insan hər üç sahədə 50 ildən artıq bir yaradıcılıq dörvündə heç kimi təkrarlamadan öz sözünü deyib. Onun nəsr əsərləri, seirləri və publisistikası oxucuların xoşuna gəlir və çox insanların stolüstü kitablarıdır. Lakin onun bu böyük əməyi hələ bu vaxta qərər Dövlət səviyyəsində layiqincə qiymətləndirilməyib. Ona nə yaziçı, nə şair, nə də jurnalis kimi fəxri ad verilməyib. Belə böyük yaradıcı insanın yaddan çıxması, unudulması həqiqətən də onu hələ keçən əsrin 70-cı illərindən tanıyanlar və onun bədii əsərlərini, oçerklərini, publisist yazılarını sevə-sevə oxuyub, onlardan bəhrələnənlərə çox pis təsir edir. Mən də həmin insanların sirasındayam. Çünki hələ 1960-cı illərdə Məmməd Kazımın Masallıda yaratdığı Ədəbiyyat dərnəyindən çoxlu yazarlar çıxıb və artıq ədəbiyyat aləmində öz sözlərini də layiqincə deyirlər. Onun 1992-ci ildə təsis etdiyi və Masallıda çap olunan "Qala" qəzeti az bir zamanda ətrafina çoxlu yazarlar və minlərlə oxucu topladı. Həmin vaxt Xalq yazıçısı İsmayıl Şıxlının ona ünvanladığı məktub qarşımdadır. Bu məktub çox maraqlı olquğuna görə olduğu kimi burada yazıram.

Əziz Məmməd Kazım!

"Qala" qəzetinin iki nömrəsini böyük diqqətlə, maraqla oxudum. Sənin "Cəbhə qeydləri" və Mirvarid Dilbazi haqqında olan məqaləni xüsusi qeyd etmək istəyirəm. Ümumən qəzetiniz qarşıya qoyduğunuz tələbə cavab verir. Mənə həsr etdiyiniz məqaləni də oxudum. Ömrümün kövrək çağlarında hiss etdim ki, qədirbilənlərin ilıq və səmimi sözlərinə ehtiyacım var.

Hörmətlə İsmayıl Şıxlı.

Bunu ürək ağrısı ilə qarşılayıram ki, niyə Məmməd Kazım kimi belə istedadlı insan yaddan çıxıb? Bunun günahkarı kimdir?

Onu da vurğulayım ki, may ayının 25-də onun 82 yaşı tamam olur. Çoxminli oxucuları adından Məmməd müəllimi ad günü münasibəti ilə təbrik edib, həyatda can sağlığı və yaradıcılığında yeni-yeni uğurlar arzu edirik.

İndi çoxminli oxuculara onun bir neçə şeirini təqdim edirəm. Və buna qətiyyətlə inanıram ki, şairin onlarla belə şeirləri, nəsr əsərləri Azərbaycan ədəbiyyatında yaşamaqla, müəllifini də həmişə yaşadacaq.

Ağalar İDRİSOĞLU

Əməkdar İncəsənət Xadimi

Məmməd KAZIM

Əbədi ucalıq

Ürəyin genişdir üfüqlər kimi,

Ömrümün əbədi laylası anam.

Büllur təmizliklə yuyar qəlbimi,

Həyat yollarımın aynası anam.

Elə xeyirxahsan, nəcibsən ki, sən

Gözəllik bəxş edib gənclik itirdin.

Narahat, yuxusuz gecələrindən,

Bizə bol günəşli səhər gətirdin.

Bir ömrü ömürlük bahar eylədin,

Od oldun, kül oldun məhəbbətinlə.

Əhdini eşqinə hasar eylədin,

Qaldın öz analıq əzəmətində.

Əvəz də tapmıram könül varına,

Qaytara bilmirəm şux illərini.

Anacan izn ver qar saçlarına

Düzüm öz nəğməmin ağ güllərini.

*******

Masallıyıq

(Meyxana)

Dünyanı ölkə-ökə gəzmişik, dolaşmışıq,

Gözəllik sorağıyla qan-tərə bulaşmışıq.

Harda olsaq bu yurdun həsrətilə daşmışıq,

Dənizi bol balıqlı, meşəsi marallıyıq,

Fəxr edirik ürəkdən, çünki biz Masallıyıq.

Bulaqların gözündən dünyaya boylanmışıq,

Çimib isti suyunda xalqa eşqlə yanmışıq.

Çiçəyindən-gülündən təmizlik qazanmışıq,

Bu boy-buxun, bu görkəm, görün nə sığallıyıq,

Fəxr edirik ürəkdən, çünki biz Masallıyıq.

Azərbaycan yolunda sinəmizi gərmişik,

Azadlıq savaşında çox qurbanlar vermişik.

Kəlbəcərdə, Laçında laçınlar itirmişik.

Çətin vaxtda Cavanşir, Koroğlu misallıyıq,

Fəxr edirik ürəkdən, çünki biz Masallıyıq.

Xalqı xoşbəxt olmayan tapar yaxşı söz hardan?

Kasıblıq da can üzən, aləmdə üz qızardan.

İncəsənət deyirsən sal yolunu bazardan,

Xalça, beşik, həvəsi daşan xoş əhvallıyıq,

Fəxr edirik ürəkdən, çünki biz Masallıyıq.

Oğlu-qızı torpağı əziz bilir canından,

Narınc-turunc, limon, çay göyərdir vicdanından.

Müdrik kamal, söz əhli sıyırıb od qanından.

Sənət meydanında da daim cəng-cidallıyıq,

Fəxr edirik ürəkdən, çünki biz Masallıyıq.

Geniş açıb qolları dünyanı qucaqlayaq,

Yaxşı hər nə qazansaq nəsillərə saxlayaq.

"Alay" dəfınəmizlə sevə-sevə çağlayaq.

Onda aləm görər ki, necə cah-cəlallıyıq,

Fəxr edirik ürəkdən, çünki biz Masallıyıq.

Bəslənsək də köksündə biz demirik o təkdir

Yurdumuzun hər eli bir-birindən qəşəngdir.

Bizdən ötrü Masallı Azərbaycan deməkdir,

Vətən sevgimizdə də ağıllı, ehmallıyıq,

Fəxr edirik ürəkdən, çünki biz Masallıyıq.

*******

Dərbənd qalası

Bir qala bürcündə qalalanmışam,

Saçlarım qarışıb çənlə, dumanla.

Qayğılar yükündən qaralmış daşam,

Üz-üzə durmuşam vaxtla-zamanla.

O bürcü dənizdə kim bəndə vurdu?

Bu gündən dünənə min heyrət baxır.

Sanki daş zirehli məğrur bir ordu

Çıxıb dalğalardan dağlara qalxır.

Yer qat-qat sökülmüş, təki görünmür,

Tomris izləri var özül daşında.

Bu elə hörgüdür, sözlə hörülmür,

Daşlaşıb torpağın ilk yaddaşında.

Hər qatı soldurub milyon baharı,

Hər daşa baş qoyub min arzu yatmış.

İlahi, insanlar sal qayaları

Bu sərt ucalığa necə ucaltmış?

Bağrına köklənib ulu qüdrətim,

Zərdüşt alovunun nəfəsi burda.

Adı aşılmayan qaladan mətin

Qorqud dədəmizin türbəsi burda.

İlki bir əsrlə bağlanar çətin,

Əsrlər, nəsillər gücünə dönüb.

Vətən təlatümlü bu məhəbbətin

Köksündə qəzəblər, hiddətlər sönüb.

Çalxanıb qaynadı ərzin kürəsi,

Çox aclar burda da qılınca çapmış.

Alban igidlərin dəli nərəsi

O vaxtdan bu yerdə xoş mürgü tapmış.

Dayanıb baxıram heyrətimlə mən,

Ustündən ötməyib sanki qar, yagış.

Nəhəng divarlara narınlıq hörən

O ulu məktəbə, sənətə alqış!

Zəhmli-heybətli uca sədd-divar...

Kim silər ruhumdan odlu rəddini?!

Düşmən tək keçməyə kimin həddi var

Odlar yurdumuzun bu dar bəndini?!

Mən aşıq qəlbi qala,

Qalanıb qəlbi qala.

Bürcü həsrətdə itib,

Odunu qəlbi qala!

Mən aşıq daşlı qala,

Daşı qan-yaşlı qala.

Qorxuram düşüb öləm

Arzum təlaşlı qala!

*******

Azərbaycandan salamlar

Azərbaycanın sevimli qızı, Amerika-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Azəri Tomris xanıma (50 illiyə)

Tomris dəyanətli, Gəncə gözəli,

Sənə ellərimiz salam göndərir.

Cocuqkən sevdirən şeri-qəzəli

Tuti dillərimiz salam göndərir.

Vətəndə didəndə insan-insanı

Nəslin vətən seçdi Amerikanı.

Sənin əlindədir dostluq sükanı,

Gəl gəz, çöllərimiz salam göndərir.

Yurdumda Drayzer hər kəsə əziz,

Cek London ruhuna minnətdarıq biz.

Nizami sənəti çalxanan dəniz,

Daşqın sellərimiz salam göndərir.

Sizsiz dost telləri möhkəm bağlayan,

Sevgini, sevinci bol qucaqlayan.

Nəbzində durulan, coşub-çağlayan

Cüt Göy göllərimiz salam göndərir.

*******

Yaz qucağında

(təcnis)

Yenə şəlalədən qanad bağlayıb

Gəlir yurdumuza yaz qu çağında.

Gözəllik sirrini qışdan saxlayıb,

Xoşdur qönçələri yaz qucağında.

Göynədir köksümü bir dərdi-sərim,

Sinəmə saplanıb Araz xəncərim.

Qorlanan yarama kaş məlhəm sərim

Bu ağ günlərimin yaz qucağında.

Qalxaq Savalana, axşam sərini

Silsin ürəyimin yanğı tərini...

Məmməd, şimşək eylə ümidlərini,

Vüsal nəğmələri yaz qucağında.

*******

Həsrət heykəli

Polşanın Sanşiqnyovsk meşəsində 11 azərbaycanlı partizan sırasında Füzuli rayonunun Şıxlı kəndindən olan cəsur həmyerilmiz

Əli-Qarabala Cətərov da uyuyur.

Odlar ayaqladı o odlar oğlu,

Qalaya çevirdi tunc sinəsini.

Qoydu intizarda getdiyi yolu,

Bir də eşitmədik qartal səsini.

Qardaş ellərinə saldı səs-səda,

Düşməni titrətdi partizan ad.

Qalın meşələrdə daldalansa da,

Qeyrət arxasında daldalanmadı.

Torpaq, el həsrətli bir atəşdi ki,

Vətəndi ürəyi, Vətəndi canı.

O, uzaq diyarlarda heykəlləşdi ki,

Baxıb görə bilsin Azərbaycanı.

*******

Əllərim od kəməridir

Əlimi boynundan niyə götürdün?

Mən alın yazınam boyun qurbanı!

Olmaq istəyirsən yoxsa mənimtək,

Sən də bir gecəlik toyun qurbanı?!

Bəlkə həsrətimi oldu yarıdan

Boynundan ayırıb "alma canını".

Ən adi sözlərdən odur yaradan

İnci düzümünü, söz mərcanını.

Əllərim - eşqimin alışan alı,

Boynuna qonanda zərif çiçəkdir.

Dəli bir sevginin odlu sığalı,

Səni oxşayacaq, isidəcəkdir.

Neylərsən dünyanın cansız zərini?

Sevib-sevilməyə möhtacdır ürək.

Əllərim könlümün şəfəqlərini

Boynuna düzəcək boyunbağıtək.

İlk isti təmasdan ruhuma hopub –

Eşqin ürəyimdə ümid yerimdir.

Əllərim, qollarım bağrımdan qopub

Sənə sarılası od kəmərimdir.

*******

Mən

Məhəbbət məbədim, ulu dərgahım,

Sevda göylərindən qıyma enəm mən,

Bu çətin yollarda sənsən pənahım,

Taledən verilən qismətinəm mən.

Əllərim - saçını öpən hərarət,

Odlu gülüşlərin ətirli şərbət.

Həssas ürəyində sevinc, səadət,

Süzgün gözlərində həsrətinəm mən.

Eşqinlə güləcək əhdim, muradım,

Bağrımın başına yazılıb adın.

Sevinc günlərində uçar qanadın,

Ağrılı çağında şəfqətinəm mən.

Xətrimə dəyməyə gəlsə insafın,

Üşüdər canını tənhalıq yarın,

Neyləsəm üzümə bağlanmaz qapın,

Sənin öz ərköyün Məmmədinəm mən.

*******

Qəfəsdə ağlayan pələng

Əsnəyib-kükrədin qurtuluş deyə,

Çeynəyib gəmirdin dəmir qəfəsi.

Hiddətdən, qəzəbdən çıxsan da goyə

Hayına çatmadı bu yer kürəsi.

Məğrur fəryadına həyan gəlmədi,

Gəldi sahiblərin əldə dəyənək.

Tökülən qanını yuyan gəlmədi,

Diz çöküb inləmə, ay yazıq pələng!

Azadlıq deyirsən dol cəsarətə,

Ay azad ormanlar, çöllər aşiqi!

Başın üstündəki güc-əsarətə,

Zorba dəyənəkli əllərə şığı!

Bütün xəbərlər Facebook səhifəmizdə