Əliyar Fərzəliyev sən kimsən? - (Esse)

Əliyar FƏRZƏLIYEV-60

Mənim Əliyar müəllimlə tanışlığımın, dostluğumun üç ildən çox tarixçəsi var. Biz, Sumqayıt Dostlar Klubu idarə heyyətinin üzvləriyik. Və bu müddətdə də yaxından tanış olub, dostlaşmışıq. Tez-tez məmlkətimizin ayrı-ayrı yerləinə gəzməyə gedirik. Yol boyu və eləcə də həmin yerlərdə olanda Əliyar müəllimlə çox söhbət edirik. Bizim söhbətimiz yaxşı tutur. Ona görə də istəyirəm ki, siz də mənim dostumu yaxından tanıyasınız. Və görəsiniz ki, Əliyar müəllim həqiqətən böyük ziyalı, yüksək vətənpərvər, dövlətə, dövlətçiliyə sadiq insandır. Elə ona görə də gəlin əvvəlcə Əliyar müəllimi yaxından tanıyaq. Onu tanıtmanı da elə öz dilindən eşidək:
-Mən, Fərzəliyev Əliyar Abduləli oğlu, 1963-cü ildə Cəbrayıl rayonunun Minbaşılı kəndində dünyaya gəlmişəm. Uşaqlığım və yeniyetməliyim bu kəndlə bağlıdır. Orta təhsilimi də elə bu kənddə almışam. Əxlaqım, tərbiyəm, ziyalılığım və xasiyyətimdəki humanistlik tayfamız Fərzəlibəyli kökünə bağlıdır. Bizim tayfanın uşaqları istəsək də, istəməsək də belə mühitdə böyümüşük. El ağsaqqalı Məmməd ( el arasında ona Mətiş kişi deyirdilər. Allah ona Rəhmət eləsin) əmimizin təmkinli tədbirləri, ağıllı məsləhətləri imkan verməzdi ki, biz başqa cür davranaq. Mənim bəxtim onda gətirib ki, ana tərəfimdə bəy tayfasıdır. Hər yerdə fəxrlə Qaraş bəyin nəvəsiyəm deyirəm. Sonralar başa düşdümki, kənd həyatı başqa dünya imiş... Uşaqlıqdan bizə təbliğ olunmuşdu ki, heç vaxt tayfamızın adına xələl gətirən hərəkət edə bilmərik. Təhsilimiz yüksək səviyyədə olmalı və harda olsaq, ordan mütləq xoş sorağımız gəlməlidir. Və biz bunu belə də qəbul eləmişik. Belə də davam edirik.
Ailədə dörd uşaq olmuşuq. İki bacı, iki qardaş. Hər birimizin arasında üç yaş fərqimiz var. Qardaşım Sahib (1960), mən (1963), bacım Reyhan (1966), bacım Nəsibə (1969). Xoşbəxt olacaq qədər bir-birimizə mehribanıq.

- Deməli, Əliyar böyüdü, Bakıya təhsil almağa gəldi. Və ali məktəbə qəbul olundu. Eləmi?
- Bilirsiniz, yaxşı oxuyan uşaqlar kimi məndə ali təhsilli olmaq arzusunda idim. Orta məktəbi bitirib, çamadanımı götürüb, Bakıya gəldim. Yəqin “gəldim” deməyim sizə qəribə gəlir (gülümsəyir). Bəli, atam əvvəlcədən mənə qatarla getməyə bilet almışdı. Məni Mahmudlu stansiyasına gətirdi, cibimə 40 manat pul qoydu və tapşırdıki, get əmingilə (əmilərim və dayılarım Sumqayıtda yaşayırdılar) bundan sorasını onlar yaxşı bilər. İnanın ki, şəhərdə bircə dəfə 7-ci sinifdə oxuyanda olmuşdum. Heç bilmirdim Sumqayıt Bakıdan hansı tərəfdə yerləşir. Bircə şeyə arxayın idim ki, əmimgilin ünvanını yazıb qoymuşdum cibimə...
Bəli, Politexnik İnstitutunun Mexanika fakültəsinə daxil oldum. Müəyyən səbəblərdən axşam növbəsini seçdim. O vaxtki qaydalara görə axşam oxuyanlar mütləq gündüz işləməli idi. Mənidə Eldar əmim (Allah o gözəl insana rəhmət eləsin) yanına, yəni, 3 saylı Evtikmə Kombinatına yönəltdi. 1980-cı ildə əmimin və dayım Rəsulun sayəsində həmin idarədə fəhlə kimi əmək fəaliyyətinə başladım. Zəhmətkeş idim, çox çalışırdım. İşlədiyim sahədə səmərəli təkliflər verirdim. Təbii ki, buna görədə mənə maaşımdan əlavə mükafatda verirdilər. Mükafatlardan həvəslənərək, belə təklifləri tez-tez verməyə çalışırdım. Sən demə, bütün bunlara rəhbərlik diqqət edirmiş (onu da deyim ki, çalışqan işçilər heç vaxt rəhbərliyin diqqətindən kənarda qalmır). 1986-ci ildə IV kursu bitirəndə məni armatur sexinə böyük mexanik təyin etdilər. Beləliklə, mühəndis-tələbə oldum.
1989-cu ilin sonuna qədər məni həmin müəssisədə sex rəisi, Maşın Mexanizm Parkının rəisi və baş mexanik vəzifələrinə qədər irəli çəkdilər.

-Mən biləni siz ali təhsilinizi bitirib, kəndə qayıtmalı idiniz. Bu zərurət nədən yaranmışdı?
-Maraqlıdır, bu məlumat sizə hardan sızıb? Bu barədə hələ heç kimə danışmamışam. Amma bunun çox maraqlı tarixçəsi var. İstəyirsinizsə, danışa bilərəm.

- Əlbəttə, geniş tarixçəsini bilmirəm. Məmnuniyyətlə eşitmək istərdim. İnanıram oxucular üçün də maraqlı olacaq.
-Atam Abduləli kişi (Allah ona rəhmət eləsin. Bizə həyatda ayaqüstə durmamız üçün gözəl tərbiyə verib) bir axşam bizimlə söhbət edərkən ( yuxarı siniflərdə oxuyurduq) dedi ki, gedib təhsil alandan sonra biriniz kəndə qayıtmalısınız. Gəlib ocağıma, qoyun-quzuya sahib çıxmalısınız. Bunu öz aranızda könüllü edəcəksiniz. Yəqin ki, mən qərar verməyə məcbur olmayacam. Bütün hər şey bundan sonra başladı.
Qardaşım Sahib orta məktəbi bitirib, Bakıya gəldi. Ali təhsil almaq üçün imtahan verdi və yüksək bal toplasa da konkursa düşdü. Daxil ola bilmədi. İki ildən sonra hərbi xidmətə getdi. Növbəti il mən orta məktəbi bitirib, imtahan verdim. Qismət elə gətirdi ki, həmin ili instituta qəbul oldum. Əfqanıstanda hərbi xidmətdə olan qardaşıma qıcıq vermək üçün yazdım ki, xidmətdən qayıdanda birbaşa gedərsən kəndə qoyun otarmağa (gülür). Əlbəttə, bunu zarafatla yazırdım. Çünki o Əfqanıstanda xidmət edirdi, salamat gəlməyi üçün gecə-gündüz dua edirdik. Mən hərbi xidmətə getdim, sonra qardaşım xidmətdən qayıtdı (şükürlər olsun Allaha). Biz bir-birimizi düz dörd il görmədik. Bir ildən sonra instituta daxil oldu. Mən xidmətdən qayıdandan sonra ikimizdə eyni kursda paralel təsilimizi davam etdirdik. Eyni müəssisədə çalışırdıq. Burda da vəzifə yarışında idik. Mən böyük mexanik keçəndə, o baş idarədə əməkhaqqı şöbəsində aparıcı mütəxəssis təyin olundu. Mən Maşın Mexanizm Parkının rəisi olanda o, həmin şöbədə müdir oldu. Bax, beləcə həyat davam edirdi. Onu da deyim ki, bu illərdə hər ikimiz ortaq xərc qoyub, kənddəki köhnə evimizi söküb, yerində yeni, gözəl proyektli ev tikdirirdik. Atamıza da deyirdik ki, evi tam qurtarıb birimiz qayıdacağıq. Hər ikimiz institutu bitirib, yayda kəndə getmişdik. Müəyyənləşdirməli idik ki, kəndə kim qayıdır. Fikirləşirdim, yəqin püşk atarıq, yada seçimi atamız edər. Amma hər şey tərsinə oldu, qardaşım Sahib stolun üstünə bir vəsiqə qoydu və dedi ki, məni təbrik edə bilərsiniz. Moskvada Aspiranturaya qəbul olmuşam, həm də yaxşı oxuduğuma görə mənə institutda qalıb müəllim işləmək təklifi olunub. Hamımız sevinib, onu təbrik elədik. Arada bir dəfə atam çönüb üzümə baxdı. Nə deyə bilərdim. Və bununla da kəndə qayıtmaq məsələsi bir daha müzakirə olunmadı... ( Hər ikimiz ucadan güldük.) Artıq qardaşım Sahib, elmlər doktoru, professordur. İnşaat və Memarlıq Universitetində Dekan vəzifəsində çalışır. Onunla həmişə fəxr edirəm.

-Kənd həyatınız yəqin maraqlı oldu?
-Əlbəttə. Əvvəlcə kəndə qayıtmaq tədbirlərimi gördüm. Eşitmişdim ki, Sumqayıtda olan “Neftqazavtomat” Elmi-İstehsalat Birliyi Cəbrayılda cihazqayırma zavodu açır. Şəhərdaxili köçürmə yolu ilə işlədiyim müəssisədən ora keçdim. Onlarda məni Cəbrayılda yaradılan zavoda baş mühəndis göndərdilər. 1989-cu ilin sonlarında kəndə köçdüm. Təzə evimizdə toy elədim, ailə qurdum. Xoşbəxt yaşayırdıq, 1993-cü ildə mənfur düşmənlərimiz torpaqlarımızı işğal edənə qədər...

-Hə. Şərəfsizlər bizə çox pislik elədilər. Onların ucbatından gör nə qədər qaçqınlarımız, qazilərimiz, şəhidlərimiz oldu. Çox təssüflər olsun ki, siz də məcburi köçkün həyatıda yaşadınız.
- Düz deyirsiniz Hacı. Bu dönəm həyatımda silinməyəcək iz qoydu. Bütün planlarım pozuldu, həyatım puç oldu. Kəndə böyük arzularla, həvəsli gənclik eşqi ilə qayıtmışdım. Allah onlara qəni-qəni lənət eləsin. Təbii ki, məcburi köçkün kimi Sumqayıta qayıtdım. Bir müddətdən sonra baş idarəmiz olan “Neftqazavtomat”a getdim. Müəssisənin rəhbəri olan rəhmətlik akademik Əsgər Abullayevin (Allah ona da rəhmət eləsin) qəbulunda oldum. Bildirdim ki, işləmək istəyirəm. Dedi: “müvəqqəti burda işləyərsən, bir-iki aya torpaqlarımız işğaldan azad olar, qayıdarsan. Əvvəlkindən də yaxşı zavod tikərəm, gedib işləyərsən”. (Allah ondan razı olsun). Təcrübə sınaq şöbəsində (institut daxilində ora zavod deyirdik) konstruktor bölməsində işə başladım. Bir müddət sonra bizi Hərbi Sənaye Nazirliyinin tabeliyinə verdilər. Düşməndən intiqamimizi almaq üçün gecə-gündüz çalışdıq. Əsgər Abdullayevdən sonra bu müəssisənin rəhbəri olan Əli Əmirov (ustadımız) bilikli və çalışqan əməkdaşlara xüsusi diqqət göstərirdi. Çalışqanlığım və öz üzərimdə ciddi işləməyim sayəsində məni işlədiyim bölməyə rəhbər təyin etdi. Elə o vaxtlardan belə bir qənaətdəyəm ki, fəaliyyəti konstruktorluqdan keçən mühəndis mükəmməl və yaradıcı olar. Təvazökarlıqdan uzaq olsa da indi özümü yaradıcı mühəndis hesab edirəm. Sonra şöbədə (zavodda) Sex Rəisi, İstehsalat Rəisi, Baş Mühəndis və Direktor müavini olaraq çalışdım. Düz iyirmi il bu müəssisədə fəliyyət göstərdim. Neçə-neçə hərbi təyinatlı məmulatların yaradılmasında mənim də əməyim oldu. Dolayısı ilə ordumuzun zəfər çalmasında xidmətimin olmasından mən də qürurlanıram. Hal-hazırda Cəbrayıl rayon İcra Hakimiyyətində çalışıram. Yenə xalqımıza xidmətdəyəm.

-Siz özünüzü yaradıcı mühəndis hesab edirsiniz. Amma eşitdiyimə görə şeir də yazırsınız. Deməli, şairliyinizdə var.
-Bəli, özümü yaradıcı mühəndis hesab edirəm ancaq, ustad şairlərimizin xidməti qarşısında özümü şair hesab eləsəm bu gülünc olar. Şeir yazmaq, dolan içini boşaltmaq, ruhunu sakitləşdirməkdirsə, məndə hər hansı qurğu və ya makina hazırlayıb onun işləməsinə baxarkən eyni hisləri yaşayıram.

-Bizə çox maraqlıdır, bəlkə yazıb gizlətdiyiniz o sandığı açasınız. Doğrudur. Dostlar Klubunun üzlərilə harasa gəzməyə gedəndə, Əli Ələmi- sizin keçmiş baş direktorunuz Əli Əmirov qəzəllər deyəndə siz də hərdən həvəslənib, bir neçə bənd deyirsiniz. Amma indi məqamıdır ürəyinizi boşaldasınız.
-Olar. Mənim sandığımın qapısı ürəyim, könlüm kimi hər kəsə açıqdır.
Ustadların əlindən öpürəm. “Bu dünya” adlı şeirim belədir:
-Taledən, həyatdan gileyli dostum,
Həmişə, şən mahnı çalmır bu dünya.
Nadana-əyləncə, təlxəyə-meydan,
Aqili vecinə almır bu dünya.

Demə, qocalıram, saçım ağ olur,
Qocalan cahandır, qönçələr solur,
Biz əldən düşürük, gözümüz dolur,
Eh, bizi yadına salmır bu dünya.

Yarandığı gündən, öz işindədir,
Bineyi qədimdən gərdişindədir,
Gələni göndərmək vərdişindədir,
Dayanıb, xəyala dalmır bu dünya.

Əlyaram, günbəgün çoxalır yaşım
Didər ginlik dərdin çəkibdir başım,
Vətən-vətən, deyə axır göz yaşım,
Dərdliyəm, dərdimə qalmır bu dünya.

Vətən nisgili, vətən həsrəti, yaşadığım acı taleyim əl-qolumu bağladı. Açığı məni çox ruhdan saldı. Bu yaşadıqlarım, qaçqınlıq həyatım olmasaydı, bəlkə də hər şey başqa cür olardı. Neynəmək olar... “Qismət beləymiş”,-deyib barışmışam...
Ona görə də “Məni” adlı şeirimdə belə deyirəm:
-Bahar gəlib, çıxım çəmən seyrinə,
Dağlar deyir, sinəm üstə gəz məni.
Ovsunladı, düşdüm çəmən sehrinə,
Lalə deyir, öp qönçəmi, üz məni.

Bir gözəlin həsrətin çək, gözəldir,
Ürəyində tək ola tək, gözəldir.
Dəli könlüm xəyal qurur, düzəldir,
Süzəcəkmi xumar-xumar göz məni.

Şehli-şehli çəmənliyə çıxım mən,
Çiçək dərib saçlarına taxım mən,
Gözlərindən ürəyinə axım mən,
Bu məhəbbət yaşadacaq yüz məni.

Aşiq gərək, yar başına dolana,
Düşərsə də, qan donduran borana.
Əliyaram, yol vermərəm yalana,
Ucaldacaq dilimdəki düz məni.

Bax, beləcə gah təbiətlə ovundurdum, gah da xəyal qurub aldatdım özümü. Və dedim ki: “ Dağlar a dağlar”.
Zirvənizdə, çisgin olar, qar olar,
Ətəkdə qoy gəzim, dağlar, a dağlar.
Bu yerlərə, yenə gəlib növbahar,
Gəlim, qalsın izim, dağlar, a dağlar.

Ceyran ürkə-ürkə bərəyə gəlib,
Bulaqlar süzülüb, dərəyə gəlib,
Sizi aşiqiniz görməyə gəlib
Deyir, vardır sözüm, dağlar, a dağlar.

Yenə duman gəlib aldı hər yanı,
Görünməz eylədi bağı, ormanı,
O gözəllik, o cəh-calal bəs hanı?
Görməz oldu gözüm, dağlar, a dağlar.

Əliyarın Ziyarəti, Tuması,
Var öz Diridağı, Qəlbi arxası...
Yada düşür o dağların havası,
Bənzəyirsiz, bizim dağlara, dağlar.

-Siz payızı sevmirsiniz. Bunun səbəbi nədir?
-Hacı. Yaman yaralı yerimə toxundunuz. Didərginliyimizin əvvəli payıza düşdü. Qara payız oldu, o payız. Küsdüm, incidim payızdan. Ona görə də həmin vaxtlar belə bir şeir yazdım: “Sevmirəm mən səni, sevmirəm payız”.

Soldurdun, çəmənin gülün-çiçəyin,
Küsüb, bülbüllər köç etdi yenə.
Əl atıb, meşənin yaşıl birçəyin,
Xəzan edib, qoparıb verdin yelə,
Bax, buna görə elə...
Sevmirəm mən səni, sevmirəm payız.

Sovdun bostanların, bağların barın,
Heç qalmadı, nişanası baharın.
Töküldü leysanın, ələndi qarın,
Çayı bulandırıb, döndərdin selə,
Bax, buna görə elə...
Sevmirəm mən səni, sevmirəm payız.

Daddırıb, didərginlik möhnətin,
Bir payız, gətirdi qara qismətin,
Ei-oba nisgilin, vətən həsrətin,
Əliyarın başına qaxınc eylə,
Bax, buna görə elə...
Sevmirəm mən səni, sevmirəm payız.

Zavallı payız, bütün bu illərdə nisgilli könlümü almaq üçün Qələbəni də, Zəfəri də elə o gətirdi mənə.
Bax, beləcə sığınıb, taleyin qucağına yaşayıram bir təhər.
-Yaşa Əliyar müəllim. Sizin bundan sonra yaşamağa daha böyük haqqınız var. Sağlıq olsun. Biz, sizinlə birlikdə Qarabağı ziyarət eləyib, sizin doğma ocaqda çay da içəcəyik. Təki sağlı olsun. Atalarımızın belə bir məsəli var: “Ümid insanın sığındığı ən böyük dağ və həyatın sərmayəsidi”. Biz də böyük ümid edirik ki, tezliklə hamımızın ən müqəddəs torpağı olan Qarabağ cənnətməkan bir yer olacaq və hamımız o yerlərə ziyarətə gedəcəyik. Necə ki, biz sizinlə birlikdə Dostlar Klubunun idarə heyyətinin üzvlərilə birlikdə keçən il Şuşanı ziyatə getmişdik. Orada hər birimiz bir dünya yaşadıq... Ordumuzla, xalqımızla, Ali Baş Komandanımızla fəxr elədik. Artıq Xankəndi, Xocalı, Xocavənd, Ağdərə, Əsgəran azad olunandan sonra və həmin yerlərdə üçrəngli bayrağımız dalğalananda və Xankəndində hərbi parad keçiriləndən sonra böyük qürürla deyirik: “Biz, qalib məmləkətik. Yaşasın bizim birliyimiz! Qarabağ Azərbaycandır!”.

Hacı Tahir MƏLİKOV,
“Azad Azərbaycan” qəzetinin əməkdaşı

Bütün xəbərlər Facebook səhifəmizdə