Laçın, Şuşa, Kəlbəcər üçbucağı Təhlil+ Yanaşma

Azərbaycanın bənzərsiz, möcüzəli, bəzən saatlarla qarşısında heyrət içərisində qaldığımız inanılmaz təbii gözəlliyə, yerlə göy arasına sığınan füsunkar coğrafi mövqeyə malik olan üç rayonu – Laçın, Şuşa, Kəlbəcər... Sanki Yaradan bu yerləri yaradarkən ilahi qüvvəsini, bütün gücünü ortaya qoymuş, sübut etmişdir ki, mən nələrə qadirəm. Dünyanın hansı gözəlliyinə bu üç rayonda rast gələ bilməzsən ki?.. Onların hər üçündə ayrı-ayrı coğrafi zənginlik, təbii füsun cəmlənib. Dəniz səviyyəsindən yüzlərlə metr yüksəklərə doğru bir Laçın, bir Şuşa, bir Kəlbəcər var. Göz baxdıqca uzanan dərələri, zirvəsi səmalarla öpüşən dağları, çılpaqlığından par-par parıldayan yalçın qayaları, aşağıdan yuxarıya doğru yüzlərlə metr məsafədə dolanbac yolları, bəzən üzərindəki səmanı əvəz edən dumanı-çəni, yalnız özünəməxsus gülü-çiçəyi, meşəsi, çəməni, çayı, bulağı ilə bir nağıldımı, əfsanədimi bu yerlər, bilmirəm, amma bizimdir. 30 ildi yad əllərdə idi, lakin artıq doğmasındadır... Bu üç rayonun gözəllikləri fonunda təbiət özü onları bir üçbucağa sığdırmışdısa, tarixi Zəfərimizdən sonra bu torpaqlara yenidən qayıdışımızla və coğrafiyasına görə dövlətimizin başçısı mümkünsüzü mümkün etməklə Laçın, Şuşa, Kəlbəcər üçbucağını yaradır.

Laçın Beynəlxalq Hava Limanı Laçın şəhərinə 30, Şuşaya 70, Kəlbəcərə 60 kilometrlə üçbucaq yaradır

Laçın, Şuşa, Kəlbəcər üçbucağı... Bu üçbucağı Laçın Beynəlxalq Hava Limanı yaradır. Çünki bu hava limanı vasitəsilə bu üç rayona asanlıqla, rahat şəkildə gedib-gəlmək mümkün olacaq və hava limanı bu rayonların turizm qapılarını açmaqla onları bu yerlərə üz tutanlara birgə təqdim edəcəkdir. Bu hava limanından ayrılan üç şaxə ilə 30, 70 və 60 kilometr çərçivəsində bir üçbucaq yaranacaq ki, illər sonra bu üç zənginliyin faydasından bütün ölkə bəhrələnəcəkdir. Həm strateji, həm iqtisaqdi, həm logistik cəhətdən hava limanının böyük əhəmiyyəti zaman-zaman görəcəyik.

Ötən ilin avqust ayında Prezident İlham Əliyev Laçın Beynəlxalq Hava Limanının təməlini qoyarkən Laçına həqiqətən də yeni həyat bəxş edəcək bu liman barədə deyirdi: “Mən hesab edirəm ki, dünya tarixində belə relyefdə bəlkə də ilk dəfə hava limanı tikilir. Çünki bütün hava limanları adətən düzən ərazidə inşa edilmişdir. Burada belə yer olmadığı üçün yeganə yer bura - Laçın rayonunun Qorçu kəndi seçilib. Bu yerin üstünlüyü, eyni zamanda, ondadır ki, Laçın şəhərinə məsafə 30 kilometrdən bir qədər çox, Kəlbəcər şəhərinə məsafə isə 60 kilometrdən bir qədər çoxdur. Eyni zamanda, Şuşa şəhərinə məsafə də 70 kilometrə yaxındır. Yəni, gələcəkdə Şuşaya təyyarə ilə getmək üçün həm Füzuli, həm də Laçın hava limanlarından istifadə etmək mümkün olacaq”.

Bəli, elə Laçın, Şuşa, Kəlbəcər üçbucağının da təməli həmin gün qoyuldu. Bu üç coğrafiyanın məsafələri bir hava limanı ilə yaxınlaşdırıldı. Bir üçbucaqla üç tirurizm qapısı açıldı, üç əlverişli torpaqları olan rayonumuzun dünyaya çıxışı təmin edildi. Mümkünsüzü mümkün etməyin yolu möcüzələrin hər an baş verə biləcəyini təsdiq etdi. Prezident İlham Əliyevin ötən ayın 26-da Kəlbəcərdə “İstisu” sanatoriyasının təməlqoyma mərasimində Laçın hava limanı haqqında dediyi kimi: Laçın rayonunda yeni hava limanı inşa edilir. Bu hava limanının tikintisinin ən çətin tərəfi Laçın rayonunda və Kəlbəcər rayonunda düz yerin olmamasıdır. Ona görə biz dağları yarırıq, dağları kəsirik ki, zolaq üçün uyğun şərait yaradılsın. Ona görə bu torpaq işləri hələ gələn il də davam edəcək. Ümid edirəm ki, 2024-cü ildə Laçın rayonunda beynəlxalq hava limanı açılacaq və ondan sonra gediş-gəliş daha rahat olacaq. Əminəm ki, bu bölgə turizm zonası olacaq. Çünki burada olan təbii gözəllik heç bir yerdə yoxdur. Təbii gözəllik – çaylar, bulaqlar, meşələr - biz bütün bu sərvətdən məhrum idik, ermənilər bizim xalqımızı məhrum etmişdilər. Otuz il ərzində bizim təbii sərvətlərimizi istismar edir, ağaclarımızı kəsirdilər, - 60 min hektar ağac fondu, meşə fondu məhv edilib, - çaylarımızı zəhərləyir, binalarımızı sökür, qızıl yataqlarımızı qanunsuz istismar edirdilər. Hər şeyi qanunsuz edirdilər. Bu gün erməni vəhşiliyi haqqında dünyada kifayət qədər böyük məlumat var və biz bu məlumatı daha da genişləndirəcəyik.

Həmin gün dövlətimizin başçısı Laçın Beynəlxalq Hava Limanında aparılan tikinti işləri ilə tanış olarkən görülən işlər barədə məlumatda bildirilirdi ki, təməli 2021-ci ildə qoyulan Laçın Beynəlxalq Hava Limanının tikintisinin 2024-cü ildə tamamlanması planlaşdırılır. Hava limanının uçuş zolağının uzunluğu 3000 metr, eni isə 60 metr olacaq. Laçın dağlıq bölgə olduğuna görə ərazinin planlaşdırılması işləri davam etdirilir. Aeroportun beynəlxalq standartlara uyğun olaraq layihələndirilən terminal binasının sahəsi 5000 kvadratmetrdir və saatda 200 sərnişinə xidmət edə biləcək. Aeroportun hava hərəkətini idarəetmə qülləsinin, transformator binalarının, nəzarət-buraxılış məntəqəsinin və digər yardımçı tikililərinin layihələndirilmə işləri də başa çatdırılıb. Laçın Beynəlxalq Hava Limanında yaradılacaq şərait ICAO və IATA standartlarına uyğun uçuşların həyata keçirilməsinə imkan verəcək.

Qeyd olunub ki, hava limanı Laçın şəhərinə 30, Şuşaya 70, Kəlbəcərə 60 kilometrlik məsafədə yerləşir. Bu hava limanı strateji təyinatı ilə yanaşı, gələcəkdə regionun turizm potensialının tam inkişafına da imkan verəcək.

Bəli, dövlətimizin başçısının da vurğuladığı kimi, bu, bir çoxları üçün gözlənilməz oldu: “Bəziləri bunu möcüzə hesab edirdilər. Çünki sovet dövründə heç vaxt bu bölgədə - Kəlbəcər-Laçın zonasında hava limanı olmayıb. Məhz bu səbəbə görə. Çünki çox bahalı bir layihə ola bilərdi və məqbul yer də tapmaq mümkün deyil. Ancaq biz bunu edirik. Müstəqil Azərbaycan dövləti buna da qadirdir. Buna texniki imkanlarımız da, maliyyə imkanlarımız da və güclü iradəmiz də var.”

Laçın Beynəlxalq Hava Limanı bir yenilikdir. Laçını əldən vermək istəməyən ermənilər 2024-cü ildə istifadəyə verilməsi nəzərdə tutulan hava limanına enən və buradan səmaya qalxan təyyarələri gördükcə məğlubiyyətlərinin acısını bir daha yaşamalı olacaqlar.

30 il əvvəl... 30 il sonra...

Bu gündən dünənə, yəni 30 il əvvələ nəzər saldıqda torpaqlarımızın işğalı zamanı düşmənin bu üçbucağı nəzərə aldıqlarını da görmək olur. Çünki bu rayonların hər üçü coğrafi quruluşuna görə açar rolunu oynayırdı. Bir-biriləri ilə zəncirvari əlaqələri kəsmədən onları işğal etmək mümkün deyildi. Buna dövlətimizin başçısı çıxışlarının birində ətraflı açıqlamasını verir: Həyat göstərdi ki, biz güclü iradə, cəsarət göstərərək istədiyimizə nail ola bildik. Laçın rayonunu qaytarmaq fikirləri belə yox idi onların. Biz gəldiyim yolla gələrək, yol boyunca yerləşən bütün rayonları, kəndləri, şəhərləri azad edərək bax, buralara gəldik. Laçın rayonunun cənub hissəsini işğalçılardan azad etdik, Güləbird kəndini azad etdik. Burada Səfiyan və Türklər kəndləri yerləşir, onları da azad etdik və Laçın dəhlizinə nəzarət etmək üçün hərbi plasdarm yaratdıq və artıq Laçın dəhlizi atəşimiz altında idi. Faktiki olaraq bu istiqamətdən hərəkət edərək biz strateji əməliyyatlarımızı aparmışdıq. Eyni zamanda, əks tərəfdən - Xocavənd rayonundan Şuşa şəhərinə gedərək, dağlardan, dərələrdən keçərək uğurlu əməliyyat apara bilmişik. Laçın rayonunun bax, bu cənub hissəsi hərbi əməliyyat nəticəsində azad edilmişdir. Biz döyüş meydanında düşməni məğlub etdik və tarixi ədaləti bərpa etdik.

Laçın rayonu Şuşadan sonra işğala məruz qalmış ikinci rayondur. Laçın rayonunun işğal altına düşməsi faktiki olaraq Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaratmışdır. Halbuki sovet vaxtında bu bağlantı yox idi. 1992-ci il mayın 8-də Şuşanın işğalından 10 gün keçəndən sonra Laçın rayonu işğal altına düşdü. Bu, böyük faciə idi. Hər bir rayonun itirilməsi böyük faciə idi. İnsanlar həlak olub, insanların əmlakı dağıdılıb, insanlar öz dədə-baba torpaqlarından didərgin salınıb. Eyni zamanda, Laçın rayonunun işğal altına düşməsi strateji nöqteyi-nəzərdən çox böyük məğlubiyyətimiz idi. Laçın rayonunu satanlar, Şuşanı satanlar eyni adamlardır. Mən bunu demişəm. Bir daha demək istəyirəm ki, Azərbaycan xalqı bunu bilsin və heç vaxt unutmasın. AXC-Müsavat mənfur cütlüyü hakimiyyətə gəlmək üçün bu torpaqları düşmənə satıb. O vaxt hakimiyyəti yıxmaq üçün Bakıda mitinqlər təşkil edirdilər, çaxnaşma təşkil edirdilər, hakimiyyətə gəlmək üçün istənilən satqınlığa hazır idilər və bu satqınlığı etdilər. Şuşanı boşaltdılar. Halbuki onların nəzarəti altında qüvvələr var idi. Şuşa ermənilər oraya girəndə, faktiki olaraq, boş idi. Şuşanı heç kim müdafiə etmirdi. Sonra Laçın rayonunu da satdılar və ondan sonra heç bir ay keçməmiş hakimiyyətə gəldilər. AXC-Müsavat cütlüyü bu satqınlığı, bu xəyanəti edib, bu cinayəti törədib. 1993-cü ilin aprelində Kəlbəcər də işğal altına düşəndən sonra qorxaqcasına qaçıb gizlənib, fərarilik edib. Azərbaycan xalqı bunu heç vaxt unutmamalıdır, bu satqınları, bu xainləri, bu düşmənləri unutmamalıdır! Onlar satıblar bizim torpaqlarımızı. Biz qaytarmışıq bu torpaqları, qayıtmışıq. Bax, durmuşam burada - Laçın rayonunda. Bu torpaqları düşməndən azad edən Müzəffər Ordunun Ali Baş Komandanı kimi Azərbaycan bayrağını qaldırmışam və bu bayrağın altında Azərbaycan xalqına doğma Laçın diyarından müraciət edirəm. Bizim Qələbəmiz tarixi Qələbədir. Biz tarixi ədaləti bərpa etdik. Biz öz haqlarımızı bərpa etdik, biz şəhidlərimizin qanını aldıq, biz düşməndən qisas aldıq və qayıtmışıq. İndi isə bərpa işləri gedir və gedəcək. Mən demişəm, biz bu bölgəni - Qarabağı cənnətə çevirəcəyik. Artıq bütün göstərişlər verilib. Bütün işlər görülür, planlı şəkildə görüləcək və biz bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq. Heç kim bizi bundan sonra bu torpaqlardan tərpədə bilməz. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

Azad Şuşa, azad Laçın, azad Kəlbəcər...

Bütün işğaldan azad edilən rayonlarımız kimi, bu rayonlarda da böyük quruculuq işləri həyata keçirilir ki, insanlar öz ata-baba yurdlarına rahat şəkildə qayıda bilsinlər. Axı bu torpaqlarda düşmən daşı daş üstündə qoymayıb. Tarixi, mədəni abidələr, məscidlər, sosial obyektlər kimi, bütün evlər, həyətlər dağıdılıb, vuran edilib, ərazilər minalanıb. Vətəndaşlarının sağlamlığının, rifahının daim qeydinə qalan dövlətimiz müharibədən dərhal sonra azad torpaqlarımızda bu işlərə ona görə başlayıb ki, bu yerlərin sakinləri yurdlarına dönə bilsinlər, orada yaxşı yaşamaları üçün hərtərəfli şəraitləri olsun. Yolların abdlaşdırılması, yeni yolların çəkilməsi, azad torpaqlarımızın elektrik enerjisi ilə təminatı, digər obyektlərin tikintisi hər biri ayrı-ayrılıqda Böyük Qayıdışa xidmət edən amillərdir.

Laçın Baynəlxalq Hava Limanı isə azad edilmiş torpaqlarımızda görülən işlərin nəhəngliyindən xəbər verir. Görülən işlər həm də vətəndaşlarımızı tez bir zamanda yurd-yuvalarına qaytarmaqla bu əhazilərin resurslarını ortaya çıxarıb onların sahiblərinin daha da yaxşı yaşamasına yönəlmiş perspektiv planların paralel şəkildə aparıldığını sübut edır.

Laçın kimi, Şuşa, Kəlbəcər, eləcə də digər azad edilmiş rayonlarımızda həyata keçirilən tədbirlər onların yaxın gələcəkdə inkişafının bəhrələrindən xəbər verir. Prezident İlham Əliyevin dediyi kimi:Yəni, biz hərtərəfli iş görürük - həm infrastruktur işləri, xəstəxanalar, məktəblər, yaşayış binaları, mədəniyyət obyektləri, məscidlərimizin bərpası, muzeylər, hava limanları, dəmir yolları, tunellər. Cəmi bir il yarım ərzində görülən bütün işləri sadalamaq mümkün deyil. Bu, onu göstərir ki, biz bu torpaqların sahibləriyik. Bu torpaqlar 30 il ermənilərin əlində idi. Nə qoyub getdilər? Xarabaxana, viran qoyulmuş şəhərlər, kəndlər! Dəfələrlə demişəm, hər dəfə də bu dağıntıları görəndə bir daha deyəcəyəm: Elə bil ki, burada vəhşi qəbilə yaşayıb. Burada ondan da eybəcər işlər görülüb - ancaq dağıtmaq, sökmək, yandırmaq. Bu qədər nifrət, bu qədər qeyri-insani hərəkət, görəsən, haradan qaynaqlanır? Bunu gərək psixoloqlar, yaxud psixiatrlar bizə desinlər. Çünki normal adam bu əməllərə əl atmaz.

Bəli, ermənilərin torpaqlarımıza qarşı bu qədər nifrəti, qeyri-insani hərəkətləri acgöz, mənəvi yoxsulluqla dünyaya gəlmələrindən qaynaqlanır. Bir də Azərbaycanın sahib olduqlarına dözə bilməməkdən, gözü götürməməkdən... Hələ bu harasıdır, yağı düşmən. Haqqında danışdığımız Laçın, Şuşa, Kəlbəcər üçbucağı yaxın gələcəkdə gözünüzü kor edəcək. Başın üzərindən təyyarələr Laçın Baynəlxalq Hava Limanına enib qalxdıqca, turistlər bu abad yerlərə axın-axın gəldikcə, bu hava limanından Laçına, Şuşaya, Kəlbəcərə abad yollarla üz tutduqca, 30 il işğal altında saxladığın topraqları yurddaşları cənnətə çevirib bu cənnətin məhsullarını həmin hava limanı vasitəsilə dünya bazarına çıxardıqca qonşuluqda bağrın çatlayacaq. Çünki torpaqsızsan. Bütün bunlar doğma torpaqlar üzərində edilir. O doğma torpaqları isə azad etmişik. Artıq onlar əbədiyyən bizim nəzarətimizdə olacaqdır. Bu ölkə, bu xalq, bu ordu o torpaqları göz bəbəyi kimi qoruyacaq. Çünki bizdə torpaq şərəfdir. Biz şərəfimizi qoruyuruq!

Mətanət MƏMMƏDOVA

Bütün xəbərlər Facebook səhifəmizdə