"Xarıbülbül" festivalı VƏTƏNDAŞLARIN GÖZÜNDƏ - SORĞU

1989-cu ildən başlayaraq hər ilin mayında Şuşa şəhərində keçirilən Xarıbülbül Musiqi Festivalı Azərbaycanın mədəni həyatında mühüm hadisələrdən biri olmuşdur. Bu festivalda nəinki keçmiş SSRİ respublikalarından, hətta bir çox xarici ölkələrdən nümayəndələr iştirak etdiyindən festival beynəlxalq status daşıyırdı. Lakin təəssüf ki, 1992-ci il mayın 8-də Şuşa şəhərinin Ermənistan ordusu tərəfindən işğalından sonra bu festivalın keçirilməsi dayandırıldı. Lakin Ali baş komandan və rəşadətli ordumuz nəticəsində Şuşa 8 noyabr 2022-ci ildə düşmən tapdağından azad olundu. Cənab Prezidentin 2021-ci il 7 may tarixli sərəncamı ilə Şuşa şəhəri Azərbaycanın Mədəniyyət paytaxtı elan edilərkən Vaqif Poeziya günləri və "Xarıbülbül" festivalının bərpasına da start verildi. Və artıq 2021-ci il mayın 12-i və 13-də biz azad Şuşada "Xarıbülbül" festivalının yenidən keçirildiyinin şahidi olduq. Ənənəyə sadiq qalar bu festival bu il yenidən Qarabağın cənnət guşəsi olan Şuşa şəhərində keçirilir. Mövzu ilə əlaqədar olaraq SİA şəhər sakinlərinin "Xarıbülbül" festivalı barədə fikirlərini öyrənmək məqsədi ilə sorğu keçirib.

Şəhər sakini Ədalət Muradov: “Şuşada “Xarıbülbül” festivalının keçirilməsi çox möhtəşəm bir addımdır. Çünki bu kimi tədbirlər Qarabağımızın tanınmasında mühüm rol oynayır. Demək olar ki, bu Festival nəticəsində bütün dünya bir daha bizim ölkəmizlə tanış olur. Bu Festival günü demək olar ki, dünyanın gözü işğaldan azad olunmuş Şuşada olur”.

Şəhər sakini Arzu Əlizadə: “Düşünürəm ki, təkcə “Xarıbülbül” Festivalı deyil, başqa simvollar adı altında da beynəlxalq festivallar olmalıdır. Bu kimi festivallar bütün dünyanın bizim mədəniyyətimizlə, tariximizlə, coğrafiyamızla tanış olmasına zəmin yaradır. Bir vətəndaş olaraq mən də bu kimi festivallarda iştirak etməyi çox istərdim”.

Şəhər sakini Rəfael Aydınoğlu: “Ölkəmizdə mədəniyyət sahəsinin inkişaf etməsi üçün bu kimi beynəlxalq festivalların çox önəmi var. Həmçinin bu festivallarda bizim mədəniyyət xadimlərimizin də iştirak etməsi çox vacibdir. Fikrimcə, belə tədbirlər təkcə Şuşada yox, işğaldan azad olunan digər rayonlarımızda da təşkil olunmalıdır”.

Şəhər sakini Aytac Babayeva: “Məncə, “Xarıbülbül” festivalı bizim tariximiz üçün çox böyük əhəmiyyətə malikdir. Çünki gələcəkdə uşaqlarımızı da bu haqqda söhbət açarkən, onlara müəyyən şeyləri əyani göstərmək üçün yardımçı olacaq. Bilirsiz ki, Qarabağ Azərbaycan üçün başqa bir məfhumdur. Bununla da əlaqədar olaraq Qarabağın da simvolu xarıbülbüldür. Məhz bu baxımdan festivalın da adının “Xarıbülbül” adlandırılması dərin məna kəsb edir”.

Şəhər sakini Elnur Səmədov: “Mən bir musiqiçi olaraq bu kimi beynəlxalq festivallarda iştirak etmək istərdim. Azərbaycan dövləti və milləti bütün dünyada incəsənət ölkəsi olaraq tanınır. Həmçinin Üzeyir Hacıbəylinin sayəsində bütün dünya bizi opera ölkəsi kimi tanıyır. Yəni bununla əlaqədar olaraq bu kimi festivalların məhz Şuşada keçirilməsi böyük tarixi əhəmiyyətə malikdir”.

Şəhər sakini Aynur Mayılova: “Bu kimi tədbirlər cənnət güşə olan Şuşamızın Azərbaycan üçün nə dərəcədə əhəmiyyətli olduğunu sübut edir. Bizim şəhidlərimiz və qazilərimizin qarış-qarış aldığı Qarabağ torpaqları hər bir azərbaycanlı üçün müqəddəs məkandır. Allah bütün şəhidlərimizə rəhmət, qazilərimizə də şəfa versin. Onlar bizə haqlarını halal etsin ki, biz o torpaqlarda rahat-rahat gəzə bilək”.

Şəhər sakini Valeh Talıbzadeh: “Mən solistəm və dostumla bərbabər “Mərdi-Məkan” adlı ansamblı qurmuşuq. Bu ansamblda gözdən əlil olan insanlar iştirak edirlər. Öz görməmdə də müəyyən problemlər var. Həmçinin dostumla mən Gözdən Əlillər Cəmiyyətinin üzvüyük. Bununla əlaqədar olaraq istərdik ki, bizim üçün də bir şərait yaradılsın və biz də “Xarıbülbül” festivalında iştirak edə bilək”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə