Xaricilərlə ailə qurmağa artan maraq: təsadüf, yoxsa dövrün tələbi? - SORĞU

Son illərdə cəmiyyətdə diqqət çəkən sosial dəyişikliklərdən biri də insanların, xüsusilə də gənclərin, xaricilərlə ailə qurmağa daha çox meyillilik göstərməsidir. Əvvəllər evliliklər əsasən milli və dini dəyərlər üzərində qurulurdusa, indi bir çoxları fərqli ölkələrdən olan insanlarla ailə həyatı qurmağa üstünlük verirlər. Bunun arxasında bəziləri daha yaxşı maddi şərait, digərləri isə münasibətlərdə hörmət, sevgi və qarşılıqlı anlayış axtarışını görür. Bəzi hallarda isə bu meyl “öz vətəndaşlarımız bir-birini dəyərləndirmir” fikri ilə əsaslandırılır. Lakin məsələ birmənalı deyil: bu seçimlər həqiqətən xoşbəxtlik gətirirmi, yoxsa sadəcə müasir dövrün təsiri ilə yaranan bir tendensiyadır? Maraqlıdır, insanlar bu dəyişən münasibətə necə baxır, bu halı nədən doğan bir reallıq kimi görürlər? SİA bu mövzu ilə bağlı şəhər sakinləri arasında sorğu aparıb.

Şəhər sakini Günel Həsənova: “İnsanın qarşısına düzgün insan çıxandan sonra onun xarici vətəndaş olub-olmaması mənim üçün önəmli deyil. Düşünürəm ki, ölkəmizdə bir çox insanın, xüsusilə qadınların, qarşı cinsin verdiyi sözü tutmaması onları xarici vətəndaşlarla ailə qurmağa meyilləndirən əsas amillərdəndir. Hər kəsin öz fərdi qərarı var, insan necə xoşbəxtdirsə, elə də davranmalıdır. Sosial şəbəkələrdə xaricilərlə ailə həyatı quran çoxlu insan görürəm və mənə bu münasibətlər səmimi gəlir. Şəxsən qarşıma belə bir fürsət çıxsa, mən də bu qərarı dəyərləndirərdim. Əksər hallarda belə tanışlıqlar xaricdə təhsil, xarici vətəndaşların Azərbaycanda yaşaması və ya turist kimi gəlməsi zamanı baş verir. Sosial şəbəkələr də bu prosesdə böyük rol oynayır”.

Şəhər sakini Sabir Muradov: “Mən xaricilərlə ailə həyatı qurmağı məsləhət görməzdim. Çünki belə evliliklərdə çox problemlər olur. SSRİ dağılandan sonra xarici şirkətlər Azərbaycana gələndə mən istehsalatda işləyirdim və o vaxt bəzi qadınlarımız xaricilərlə ailə qurub ölkədən köçdülər. Amma bir müddət sonra çoxu ayrıldı. Sovet dövründə oğlanlar Rusiyada ailə qururdu, indi isə qızlarımız ingilislərlə və ya başqa millətlərdən olanlarla ailə qurur. Məncə, əsas səbəb maddiyyatdır. Buna görə də belə evliliklərə yaxşı baxmıram”.

Şəhər sakini Mədinə Ələsgərova: “Fərqli millətlərdən olan insanla ailə qurmağa pis baxmıram. Sevginin milliyyəti və sərhədi yoxdur. Əgər mənim də qarşıma belə bir şans çıxsa, dəyərləndirərdim. Çünki bəzən azərbaycanlı kişilərdə mentalitetlə bağlı sərtlik müşahidə olunur, müasir düşüncə ilə ənənəvi baxış arasında uyğunsuzluq var. Xaricilər bu baxımdan daha müasir və azad düşüncəlidirlər, qadına söz haqqı tanıyırlar”.

Şəhər sakini Hüseyn Qurbanov: “Bu məsələyə baxışım müsbətdir. Mən bunu qismət məsələsi hesab edirəm. Kimin taleyində necə yazılıbsa, elə də olacaq. Yaxın qohumlarımdan biri İran vətəndaşı ilə ailə həyatı qurub və indi çox xoşbəxtdirlər. Əsas məsələ insanın düzgün seçim etməsidir.”

Şəhər sakini Zenfira Musayeva: “Xarici vətəndaşlarla ailə qurmaq üçün ilk növbədə dil bilikləri vacibdir. Əgər qarşılıqlı anlaşma varsa, niyə də ailə həyatı qurulmasın? Mənim iki qızım Türkiyədə təhsil alır, istər-istəməz belə hallarla qarşılaşa bilərlər. Ümumilikdə bu cür evliliklərə müsbət baxıram. Amma sosial şəbəkə vasitəsilə tanış olanlara münasibətim yaxşı deyil. Məncə, insanlar üz-üzə tanış olmalı, bir-birini yaxından tanımalıdır. Sosial mediada kiminsə real şəxsiyyətini tam bilmək olmur”.

Şəhər sakini Nərgiz Səlimova: “Bu məsələyə qarşı deyiləm. Hər kəs istədiyi kimi ailə qura bilər. Əksər hallarda belə evliliklər xaricdə təhsil zamanı baş verir — ya bizim gənclər xaricdə təhsil alarkən tanış olurlar, ya da xarici vətəndaşlar Azərbaycanda oxuyarkən. Sosial şəbəkə vasitəsilə tanışlığa bir qədər ehtiyatla yanaşıram, çünki insanlar orada bir-birini real tanımır. Mən də gələcəkdə xaricdə təhsil alsam və belə bir vəziyyətlə qarşılaşsam, yəqin ki, dəyərləndirərəm”.

Şəhər sakini Qəribə Məmmədova: “Əgər evlilik saf sevgi üzərində qurulubsa, millətin heç bir rolu yoxdur. Mən elə insanlar tanıyıram ki, Avropa vətəndaşları ilə ailə həyatı qurublar və xoşbəxtdirlər. Şəxsən mən müsəlman olan biri ilə — məsələn, Türkiyə vətəndaşı ilə — ailə qurmağın daha məqsədəuyğun olduğunu düşünürəm, çünki dil və din ortaqdır. Müasir dövrdə bu tip evliliklər təbii hal sayılmalıdır. Hətta həyat yoldaşı xarici olsa belə, uşaqlara əsas tərbiyəni Azərbaycanlı ana verir, bu da milli dəyərlərin qorunmasına kömək edir".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə