“Hər bir xalqı, cəmiyyəti və toplumu millət kimi tarixdə yaşadan onun milli adət-ənənələri, etnik və kulturoloji dəyərlər sistemidir”. Bu sözləri SİA-ya açıqlamasında Yeni yazarlar və Sənətçilər ictimai birliyinin sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov bildirib.
O bildirib ki, Azərbaycan xalqı da qədim sivilizasiyalar dövründən etibarən zəngin mənəvi-mədəni irsi, özünəməxsus adət-ənənələri ilə seçilmiş, digər xalqlardan fərqli etnik xüsusiyyətlər formalaşdırmışdır: “Xalqımızın dəyərlər sistemi əsrlər boyu müxtəlif sivilizasiyaların – Qərb və Şərq, Asiya və Avropanın, atəşpərəstlik, xristianlıq və islam kimi dini sistemlərin təsiri ilə zənginləşmiş, lakin bu dəyərlər Azərbaycan xalqının ruhuna uyğunlaşdırılaraq milli rəng qazanmışdır.
Azərbaycan xalqının adət-ənənələri onun məişət həyatında, dünyagörüşündə, ədəbiyyatında, mədəniyyət və incəsənətində dərin iz buraxmışdır. Toy, yas mərasimləri, milli bayramlar və ailə münasibətləri kimi sahələrdə öz əksini tapan bu ənənələr xalqın mənəvi kimliyini qoruyan sütunlardan biridir. Təkcə Novruz bayramı, ailə dəyərləri və böyüklərə hörmət kimi adətlər xalqımızın mənəvi mədəniyyətinin nə qədər zəngin olduğunu göstərir. Lakin müasir dövrdə, qloballaşmanın və texnologiyanın sürətli inkişafı nəticəsində milli adət-ənənələrimizin bir hissəsi unudulmaq təhlükəsi ilə üz-üzə qalıb. Gənc nəslin bir qismi qlobal dəyərlərə üstünlük verərək milli köklərindən uzaqlaşma meyli göstərir. Bunun əsas səbəblərindən biri, bu dəyərlərin gənclərə müasir formatda çatdırılmamasıdır.
Hazırda adət-ənənələr haqqında məlumatların çoxu sosial şəbəkələr vasitəsilə yayılır, lakin bu sahədə məqsədyönlü işlər azdır. Halbuki, milli kimliyimizi əks etdirən kulturoloji əsərlər, televiziya verilişləri, bədii filmlər və sosial media layihələri vasitəsilə bu dəyərlərin təbliği gücləndirilməlidir. Bu istiqamətdə Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, eləcə də Gənclər və İdman Nazirliyi tərəfindən qrant layihələri və maarifləndirici proqramlar hazırlanmalıdır. Eyni zamanda, QHT-lər və ictimai birliklər də bu prosesdə fəal rol oynamalıdır. Məsələn, “Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi” kimi təşkilatlar könüllülük əsasında müəyyən işlər görsə də, bu təşəbbüslər dövlət dəstəyi ilə daha geniş miqyasda həyata keçirilməlidir.
Bu gün gənclərin bir qismi milli ənənələrin mənasını dərk etmir: bayramlarda böyükləri ziyarət etmək, çətin durumda olanlara yardım göstərmək, orucluq və ehsan kimi mənəvi dəyərlərin mahiyyətini bilmirlər. Halbuki, bu adətlər milli mənəviyyatın, insani həmrəyliyin və vətənpərvərliyin təməlidir. Nəticə etibarilə, milli adət-ənənələrin sistemləşdirilməsi, tədrisə və mədəniyyət siyasətinə inteqrasiya olunması, gənclər üçün əlçatan və maraqlı formatlarda təqdim edilməsi vacibdir. Bunun üçün dövlət proqramı hazırlanmalı, müxtəlif qurumların birgə fəaliyyəti təmin edilməlidir. Gənclər öz xalqının dəyərlərinə sahib çıxmalı, adət-ənənələrini unutmamalı, milli kimliyinə sadiq qalmalıdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə