"Böyük Qayıdış Azərbaycan xalqının mənəvi, siyasi qələbəsinin rəmzinə çevrilib" - ŞƏRH EDİLDİ
"Böyük Qayıdış proqramı Azərbaycan dövlətinin ən mühüm tarixi təşəbbüslərindən biridir və bu proqram təkcə bərpa-quruculuq layihəsi deyil, həm də milli kimliyin, sosial həmrəyliyin və ədalətin bərpası baxımından strateji əhəmiyyət daşıyır. 30 ilə yaxın müddətdə işğal altında qalmış ərazilərin azad edilməsindən sonra həmin torpaqlarda həyata keçirilən genişmiqyaslı bərpa işləri dövlətin gücünü, iradəsini və gələcəyə baxışını nümayiş etdirir". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Jalə Əliyeva deyib.
Onun sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan infrastruktur layihələri - yolların, hava limanlarının, su və enerji xətlərinin, sosial obyektlərin inşası - insanların öz doğma yurdlarına təhlükəsiz və rahat şəkildə qayıdışı üçün əsas zəmin yaradır. Dövlət bu prosesdə mərhələli və sistemli yanaşma tətbiq edir: əvvəlcə mina təmizlənməsi, sonra yaşayış məntəqələrinin bərpası və nəhayət, əhalinin köçü həyata keçirilir. Bu ardıcıllıq həm təhlükəsizlik, həm də sosial sabitlik baxımından mühüm əhəmiyyət daşıyır: "Böyük Qayıdış sadəcə humanitar və sosial layihə deyil, həm də geosiyasi və strateji əhəmiyyət kəsb edən prosesdir. Azərbaycan bu proqram vasitəsilə azad edilmiş ərazilərdə normal həyatın bərpasını təmin etməklə yanaşı, regionda dayanıqlı sülh və inkişaf modelinin əsasını qoyur. İnsanların doğma torpaqlarına dönüşü milli birliyin möhkəmlənməsinə, dövlət-vətəndaş münasibətlərinin daha da güclənməsinə və həm də dövlətin legitimliyinin praktiki şəkildə təsdiqlənməsinə xidmət edir.
Bundan başqa, Böyük Qayıdış proqramı iqtisadi baxımdan da böyük potensiala malikdir. Qarabağ və Şərqi Zəngəzur bölgələrinin təbii resursları, kənd təsərrüfatı və turizm imkanları Azərbaycanın ümumi iqtisadi artımına mühüm töhfə verəcək. Yeni iş yerlərinin yaradılması, yerli sahibkarlığın dəstəklənməsi və regionların bərabər inkişafı kimi amillər proqramın sosial-iqtisadi effektini artıracaq. Ən əsası isə bu proqram milli yaddaşın dirçəldilməsi, tarixi ədalətin bərpası və gələcək nəsillər üçün vətən sevgisinin möhkəmləndirilməsi baxımından əvəzsiz dəyərə malikdir. Böyük Qayıdış Azərbaycan xalqının həm mənəvi, həm də siyasi qələbəsinin rəmzinə çevrilib və ölkənin gələcək inkişafının əsas istiqamətlərindən biri olaraq qalacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə