Texnologiyanın sürətli inkişafı və həyat tərzinin dəyişməsi bir çox ənənəvi peşələrin geriləməsinə səbəb olur. Hər bir peşə müəyyən bacarıq və biliklərin nəticəsidir, lakin zamanla yeni texnologiyalar və dəyişən iqtisadi şərtlər bəzi sahələri köhnəlmiş hesab etdirir. Bu dəyişikliklər Azərbaycanda da özünü göstərir və əmək bazarını yenidən formalaşdırır.
Bəs, hansı peşələr artıq unudulmaq üzrədir?
Məsələ ilə bağlı təhsil eksperti Məzahir Məmmədli SİA-ya açıqlamasında bildirib ki, artıq 21-ci əsrin 30 ilinə yaxın bir hissəsini geridə qoyuruq.
Onun sözlərinə görə, bu dövr ərzində texnologiyanın, xüsusilə də süni intellektin, rəqəmsallaşmanın və avtomatlaşdırmanın sürətli inkişafı cəmiyyətin bütün sahələrinə təsir göstərməkdədir:
"Bu təsirlər təkcə inkişaf etmiş ölkələrlə məhdudlaşmır, həmçinin Azərbaycan kimi inkişaf yolunda olan ölkələrdə də özünü göstərir. Yeni texnologiyalar əmək bazarına, təhsil sisteminə və ictimai münasibətlərə tədricən nüfuz edir və bu sahələrdə müəyyən dəyişikliklərə səbəb olur.
Hazırda Azərbaycanda texnoloji transformasiya prosesi tam gücü ilə baş verməsə də, artıq ilkin mərhələlərdə əhəmiyyətli addımlar atılır. Xüsusilə ali təhsil müəssisələri bu prosesin önündə gedərək süni intellekt, data analitikası, proqramlaşdırma və digər rəqəmsal bacarıqların tədrisinə başlayıblar. Bu istiqamətdə aparılan islahatlar və tədris proqramlarında edilən dəyişikliklər, yaxın gələcəkdə əmək bazarında ciddi nəticələr verəcək potensiala malikdir. Bütün bunlar onu göstərir ki, süni intellekt və digər yeni texnologiyalar artıq yalnız texniki bir anlayış deyil, həm də sosial, iqtisadi və mədəni həyatımıza təsir edən mühüm bir qüvvəyə çevrilməkdədir.
İnanıram ki, bir neçə il ərzində bu dəyişikliklərin daha geniş miqyasda təsiri görünəcək. Əmək bazarında süni intellektə uyğunlaşan yeni peşələr yaranacaq, mövcud peşələrin mahiyyəti dəyişəcək və işəgötürənlərin tələbləri daha çox rəqəmsal və analitik bacarıqlara yönələcək. Bu baxımdan, indidən bu istiqamətdə hazırlıqlı olmaq, təhsildə və idarəetmədə innovativ yanaşmaları tətbiq etmək Azərbaycanın gələcək inkişafında həlledici rol oynayacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə