“Səfər Azərbaycanın müstəqil xarici siyasətinin təzahürüdür” - ŞƏRH OLUNDU

“Azərbaycan Prezidentinin Tacikistanın paytaxtı Düşənbəyə səfəri bir neçə mühüm aspektdən xüsusi əhəmiyyət daşıyır. Bu səfər ilk növbədə Azərbaycanın Müstəqil Dövlətlər Birliyi (MDB) çərçivəsində əməkdaşlığın qorunması və inkişafında maraqlı olduğunu bir daha nümayiş etdirdi. Azərbaycan bu təşkilatın fəaliyyətində hər zaman fəal iştirak etmiş, onun dağılmasında maraqlı olmayaraq əksinə, onun struktur və institutlarının davamlı fəaliyyətinə töhfə verməyə çalışıb”. Bu sözləri SİA-ya aıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.

O bildirib ki, MDB-nin dövlət başçılarının zirvə toplantılarında, hökumətlərarası komissiyaların iclaslarında və dövlət başçıları şuralarında Azərbaycanın aktiv iştirakı ölkəmizin regional əməkdaşlığa sadiqliyinin bariz göstəricisidir: “Bu baxımdan Düşənbə sammiti həm siyasi, həm də strateji əhəmiyyət kəsb edir.
Səfərin diqqət çəkən mühüm hadisələrindən biri Azərbaycan və Rusiya prezidentlərinin görüşü olmuşdur. Görüş əvvəlcədən planlaşdırılmasa da, onun baş tutması və konstruktiv məzmun daşıması regionda sabitlik və qarşılıqlı etimadın bərpası baxımından əlamətdardır. Təxminən on aya yaxın davam edən gərginlik məhz bu görüşdən sonra aradan qalxmış, tərəflər arasında yeni bir diplomatik mərhələnin əsasları qoyulmuşdur. Həmçinin, görüş zamanı AZAL təyyarə qəzası ilə bağlı yaranmış anlaşılmazlıqlara da aydınlıq gətirilmiş, bu hadisə ətrafında mövcud olan suallar cavablandırılmışdır. Beləliklə, Azərbaycan-Rusiya münasibətlərində gərginlik yaradan amillər aradan qaldırılmış və əməkdaşlıq əlaqələri daha sağlam əsaslar üzərində qurulmağa başlanmışdır.

Düşənbə sammitinin digər önəmli istiqamətlərindən biri Azərbaycanla Tacikistan və Türkmənistan arasında münasibətlərin inkişafı olmuşdur. Azərbaycan Prezidentinin Tacikistan rəhbərliyi ilə görüşü iki ölkə arasında iqtisadi və ticarət əlaqələrinin yeni mərhələyə qədəm qoymasına şərait yaratmışdır. Hazırda Tacikistan Mərkəzi Asiya məkanında Azərbaycanla iqtisadi dövriyyəsi nisbətən az olan ölkələrdən biridir. Bu səbəbdən görüşlərdə ticarət, sənaye, nəqliyyat və enerji əməkdaşlığının genişləndirilməsi məsələləri prioritet istiqamət kimi müəyyənləşdirilmişdir.

Türkmənistanla keçirilən görüşlərdə isə enerji və nəqliyyat dəhlizləri, Xəzər regionunda strateji tərəfdaşlıq və logistika əlaqələrinin dərinləşdirilməsi kimi məsələlər müzakirə olunmuşdur. Bu görüşlər Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında qarşılıqlı əlaqələrin yeni mərhələsinə keçidi təmin edir. Nəticə etibarilə, Düşənbə səfəri Azərbaycanın regional diplomatiyasının güclənməsi, MDB məkanında əməkdaşlığın dərinləşməsi və Rusiya, Tacikistan, Türkmənistan kimi tərəfdaş ölkələrlə siyasi-iqtisadi münasibətlərin yeni səviyyəyə yüksəlməsi baxımından mühüm tarixi hadisə kimi qiymətləndirilə bilər. Bu səfər, həmçinin Azərbaycanın müstəqil və balanslaşdırılmış xarici siyasətinin növbəti təzahürü kimi dəyərləndirilir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə