"Ermənistan sülh prosesində zaman qazanmağa çalışır" - POLİTOLOQ ŞƏRH ETDİ

"Ermənistanın sülhlə bağlı məsələdə durumu, əslində, bir az ciddidir, həm də gözlə görünür. Ermənistan bir az da geosiyasi amillər içərisində sıxılıb qalıb. Yəni, bir tərəfdə Rusiya amili var, bir tərəfdə Qərb amili var, bir tərəfdə Azərbaycan amili var". Bu sözləri SİA-ya açıqlamasında politoloq Samir Hümbətov deyib.

Onun sözlərinə görə, Azərbaycanın mövqeyi və Ermənistana təsiri elədir ki, Ermənistanı seçim qarşısında qoyur. Bu, çox ciddi məsələdir. Sülhü inşa etmək və onu qoruyub saxlamaq təkcə sözlə olmur. Yəni burada sözdən də öncə əmələ fikir vermək, əməl həyata keçirmək lazımdır. Ermənistan hələ ki, bunu edə bilmir. Sülh üçün təkcə atəşkəsin olması kifayət etmir. Yəni əsgər ölümü yoxdursa, bu, kifayət deyil: "Burada davamlı sülhü yaratmaq imkanları var və ona xüsusi diqqət yetirilməlidir. Təəssüf ki, hələ ki, biz bundan uzağıq. Davamlı sülh üçün biz 8 avqustda bir anlaşma imzaladıq.

Mən əminəm ki, bu anlaşma icra olunacaq və Ermənistan tərəfi də müəyyən addımlar atacaq. Amma əvvəlki dövrlərdə Ermənistanın tutduğu mövqe və imzalanmış sənədlərə laqeyd yanaşması hadisələrin uzanmasına gətirib çıxarıb. Yəni bu proses elə də asan bir proses olmayıb. Ona görə düşünürəm ki, Ermənistanın istəyi bizə bəllidir. Ermənistan daha çox təhlükəsizliklə bağlı narahatdır və düşünür ki, necə edəcək? Təkcə Azərbaycanla sülh bağlamaqla məsələ bitmir. Əgər bu prosesdə sülh sənədi imzalanacaqsa, Ermənistan düşünür ki, Rusiyanın qəzəbindən necə qorunacaq? Və yaxud da İranın reaksiyası necə olacaq? Bu da narahatlıq doğurur. Bütün bu məsələlər Ermənistan üçün yalnız siyasi deyil, eyni zamanda iqtisadi və hərbi təhlükəsizlik baxımından da çətindir. O baxımdan düşünürəm ki, indiki halda Azərbaycanın Ermənistan üzərində təsiri davam edir. Ermənistanın sülh prosesində əsas istəyi görünür ki, bir az zaman qazanmaqdır və ola bilsin ki, ərazi məsələləri ilə bağlı bu anlaşmanı imzalamağı gecikdirmək istəyirlər. Hadisələrin gedişi də bunu göstərir".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə