"Prezidentin Misir səfəri Azərbaycanın diplomatik nüfuzunu gücləndirir" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ
"Prezident İlham Əliyevin Misirə işgüzar səfəri və Yaxın Şərq Sülh Sammitində iştirakı Azərbaycanın diplomatiyadakı rolunu daha da gücləndirən mühüm addım kimi qiymətləndirilə bilər. Belə səfərlər ölkəmizin regional və qlobal siyasətdə etibarlı və konstruktiv tərəfdaş kimi tanınmasına xidmət edir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib.
Onun sözlərinə görə, Misir kimi strateji əhəmiyyətli ölkə ilə dialoqun genişləndirilməsi, habelə ABŞ və digər beynəlxalq iştirakçıların bir araya gəldiyi bu tip sammitlər Azərbaycan üçün həm siyasi, həm iqtisadi, həm də humanitar əməkdaşlıq perspektivlərini açır: "Bu səfər Azərbaycan diplomatiyasına bir neçə vacib üstünlük qazandırır. Ölkəmizin regionda sülh və sabitliyin qorunmasında fəal iştirakçısı olduğunu nümayiş etdirir. Yaxın Şərq Sülh Sammiti kimi forumlarda iştirak Azərbaycanın sülh prosesinə verdiyi töhfəni göstərməklə yanaşı, diplomatik mövqeyini gücləndirir. İqtisadi və investisiya baxımından yeni imkanlar yaradır.
Misir və digər iştirakçı ölkələrlə əməkdaşlıq sahəsində razılaşmaların əldə olunması Azərbaycanın xarici ticarətini, enerji və nəqliyyat layihələrini genişləndirmək üçün şərait yaradır. Bu tip səfərlər Azərbaycanın beynəlxalq aləmdə mövqeyini daha çox görünən edir və qlobal media və siyasi dairələrdə ölkəmizin əhəmiyyətini artırır. Bu, həm də Azərbaycanın səsvermə və qərarvermə proseslərində daha təsirli iştirakına yol açır. Bu səfərlər həm dövlətlərarası münasibətləri möhkəmləndirir, həm də Azərbaycanın strateji maraqlarının qorunmasına xidmət edir. Eyni zamanda, belə təşəbbüslər vasitəsilə Azərbaycan regionda və qlobal miqyasda sülh və əməkdaşlığın təminatçısı kimi çıxış edə bilir. Prezident İlham Əliyevin Misirə səfəri və Yaxın Şərq Sülh Sammitində iştirakı ölkəmizin diplomatik nüfuzunu artırmaqla yanaşı, regional və qlobal əməkdaşlıq perspektivlərini genişləndirir və Azərbaycanın strateji mövqeyini möhkəmləndirir".
Bütün xəbərlər Facebook səhifəmizdə