... Bu, bir rəvayətdir, əslində həqiqətən belə bir hadisə olubmu-olmayıbmı, bilinmir, çünki tarixi mənbələrdə bu mövzuya dair heç bir qeyd yoxdur... SİA bu barədə Türkiyə mətbuatına istinad edir.

Bir rahib yuxu görür. O yuxunun təsiri ilə yola düşür, dənizləri keçir, dağları aşır, təpələrdən dolanır...

Nə idi yuxusunda gördüyü? Həzrət İsa və Məryəm ananı bir mağarada görmüşdü rahib. Məryəm Müqəddəs Lukanın onun üçün ikona düzəltdiyini və bu ikonanın mələklər tərəfindən mağaraya gətirildiyini söyləmişdi ona.

Afinadan yola düşən rahib Trabzon limanında başqa bir rahiblə rastlaşır. İstanbuldan gələn bu rahib də eyni yuxunu görüb və mağaranı axtarırdı. Bir-birindən xəbərsiz və müxtəlif yerlərdən gələn bu iki rahib yuxuda gördükləri mağaranı tapırlar, həqiqətən ikona da mağaranın içərisindədir. Onlar dərhal buranı kilsəyə çevirmək üçün işə başlayırlar. Sonralar Xristianlığın mühüm mərkəzlərindən birinə çevriləcək Sümela monastırı belə inşa edilir.

Bu, bir rəvayətdir, əslində həqiqətən belə bir hadisə olubmu-olmayıbmı, bilinmir, çünki tarixi mənbələrdə bu mövzuya dair heç bir qeyd yoxdur.

İstəkli dinləyicilər, TRT “Türkiyənin səsi” radiosundan “Anadolunun ilkləri” başlığı altında bu gün sizə Türkiyənin Trabzon rayonu ərazisində yerləşən, hündürlüyü dəniz səviyyəsindən 1150 metr olan, başı buludlara dəyən, sanki sıldırım qayalıqlarda ilişib qalmış kimi görünən, şəfalı damcıları olan müqəddəs bulağının möcüzələr yaratdığına inanılan, Məryəm ikonası və təsirli freskaları ilə dünyanın ən mühüm inanc mərkəzləri arasında yer alan möhtəşəm Sümela monastırı haqqında danışacağıq. Mətni Neslihan Değirmencioğlu hazırlayıb, mən Sevda Mirzə oxuyub təqdim edirəm.

KEÇİD

Yaradana yaxın, müxtəlif mədəniyyət və inancların təsirinə düşməmək üçünsə insanlardan uzaq yerlərdə, dağların zirvəsində, dünyanın kimsəsiz guşələrində tikilib monastırlar. “Monos” sözü də elə təklik, tənhalıq deməkdir.

Monastır həyatı ilk dəfə hind mənşəli dinlərdə başlayıb və inkişaf edib. Həyatı dərk etmək və mükəmməl ömürə nail olmaq üçün materiyadan uzaq olmasına inanılıb. Dünyadan və onun nemətlərindən uzaqlaşmaq isə fiziki və yerindən təcrid olunmaqla mümkündür. Ona görə də səhralarda, qayaların üstündə, karvan olmayan yerlərdə min bir əzab-əziyyətlə monastırlar tikilib. Zaman keçdikcə bu düşüncə tərzi müxtəlif coğrafiyalara və fərqli dinlərə də sirayət edib.

Xristianlıqda monastırlar xüsusi əhəmiyyətə malikdir. Bir müddət monastırlar kiçik uşaqların dini yaymaq üçün öyrədildiyi məktəblərə çevrilib, həyatın normal axınından uzaqda, təbiətin insanları məcbur etdiyi və asanlıqla əldə edilə bilməyən yerlərdə tikilib. Ehtiyaclara uyğun olaraq sonralar monastırlara yeni otaqlar da əlavə edilib.

Trabzondakı Sümela monastırı sanki coğrafi şərtlərə meydan oxuyaraq ucaldılıb və görənləri heyrətə salmaqda davam edir.

Monastırın “sümela” adı “qara” mənasını verən “melas” sözündən götürüb. Bəziləri monastırın adının üzərində qurulduğu qara rəngli dağdan gəldiyini deyir, bəziləri isə buradakı Məryəm ikonasının qara rəngdə olduğunu, ona görə belə adlandırıldığını söyləyir.

Sümela monastırı çox müqəddəs idi, çünki burada möcüzələrinə inanıldığı bir ikona var idi. “Qara Madonna” kimi tanınan bu Məryəm ikonasının xəstəlikləri, aclığı və hər cür bəlaları aradan qaldırdığına inanılır.

Dəniz səviyyəsindən 1150 metr yüksəklikdə yerləşən Sümela monastırı həm də Məryəm monastırı kimi tanınır. Şəhərdən kənarda, meşədəki sıldırım qayaların bir hissəsi kimi görünür bu monastır. Qayalıqdakı mağara kilsəyə çevrilərək zamanla oyulmağa və tiklməyə başlanılıb, min il ərzində indiki formasını alıb.

Yunan pravoslav monastırı olan Sümela rahiblərin yetişdirilməsi üçün bir məktəb olduğu üçün Trabzon və Qara dəniz bölgəsinin ən mühüm monastırı idi.

KEÇİD

Sümela monastırını ziyarət etmək istəyənləri bir qədər çətin dırmaşma gözləyir. Xüsusi maşınlar qonaqları ancaq monastıra aparan pilləkənlərin yanına qədər apara bilir. Buna görə də təxminən 300 metr uzunluğundakı pilləkənləri tələsmədən, gözəl mənzərələri seyr edə-edə və təbiətdən zövq ala-ala qalxmağınız yaxşıdır.

Qara dəniz bölgəsinə xas olan meşə güllərinin zərif qoxusunun və nəhəng vələslərin əhatəsində olan bu yol sizi uşaqlıqda oxuduğunuz sehrli nağıllara apara bilir. Dar pilləkənləri bitirib monastırın həyətinə çatanda sizi tamam başqa sehrli məkan qarşılayır. Girişdə çox geniş əraziyə yayılan binanın gözətçi otaqları var.

Kilsəyə çevrilmiş mağara rahiblərin otaqları, ibadətgahları, şagird otaqları, mehmanxana və kitabxanası olan 72 otaqdan ibarətdir.

Sümela monastırının ortasında müqəddəs adlanan bir bulaq var. Yuxarıdakı qayalardan iri su damcıları şəklində düşür. Əsrlər boyu heç zaman kəsilməyən bu suyun bəzi xəstəlikləri sağaltdığına inanılır, ona görə müqəddəs sayılır. Bura nəinki xristianlar, müsəlmanlar tez-tez gəlir.

Trabzonlu məşhur yazıçı Səbahəddin Eyyuboğlu (Sabahattin Eyuboğlu) “Anadoluda xalq təbabəti” adlı məqaləsində Sümela monastırındakı bu müqəddəs suyu belə təsvir edir: “Xəstələr soyunub damcıların üzərlərinə düşməsini gözləyirlər. Damcılar həmişə eyni yerə düşmədiyindən 7, 11 və ya 20 damcı ilə müalicə bir müddət davam edir. Bu yer şəfa mənbəyi kimi görüldüyündən Sümela monastırına Anadolunun hər tərəfindən müsəlmanlar da müalicə məqsədilə gəlir. Məryəm monastrırı Anadolunun əvvəlki tanrıçalarının yerinin də işarəsi ola bilər.''

KEÇİD

Sümela monastırı UNESCO-nun Dünya Mədəni İrs Siyahısında yer alıb. Coğrafiyasına zidd belə böyük bir kompleksin inşa edilməsi insanın inandığı şeylər uğrunda nələr edə biləcəyini bir daha ortaya qoyur.

Sümelanın təsirli memarlığı ilə yanaşı, freskaları da diqqəti cəlb edir. Az adamın oxuyub yaza bildiyi bir dövrdə insanlara dünyanın yaradılışı, İncilin nazil olması, oradakı hədislər, möcüzələr, Həzrət Məryəm və İsa peyğəmbərin həyatından parçalar rəngarəng freskalarda əks olunub. Bəzi freskalar zamanla sökülüb, lakin yerində qalan izləri və divar rəsmləri onların bir vaxtlar necə möhtəşəm olduğundan xəbər verir.

Son illər aparılan bərpa işləri zamanı əvvəllər naməlum gizli keçid də tapılıb Sümela monastrırında. Keçidin kilsəyə apardığı bu yolda “Cənnət və cəhənnəm” və “Ölüm və həyat”ın təsvir olunduğu freskalar var.

Türkiyənin Qara dəniz bölgəsində çoxlu monastırlara rast gəlmək mümkündür. Nəhəng meşələri, sıldırım qayaları, çətin çıxılan dağları monastır üçün uyğun sayılıb. Müxtəlif dövrlərə şahidlik edən və günümüzə qədər gəlib çatan bu tikililər təbiəti və möhtəşəm arxitekturası ilə insanı valeh etməkdədir.

Bütün xəbərlər Facebook səhifəmizdə