"Meymun çiçəyi" virusu Azərbaycana yayılıb? - DİQQƏT! - HƏKİM AYDINLIQ GƏTİRDİ

"“Meymun çiçəyi" virusu intoksikasiya dəri və selikli qişalarda vezikula pustula səpki ilə xarakterizə olunan kəskin infeksion xəstəlikdir. Bu virus ilk dəfə 1958-ci ildə meymunlardan əldə edilib. Xəstəliyə ən çox Afrika ölkələrində təsadüf olunur”. Bu sözləri SİA-ya açıqlamasında həkim infeksionist Xatirə Əliyeva deyib.

Onun sözlərinə görə, xəstəliyin əsasən 2 ştammı var ki, bunlar Mərkəzi və Qərbi Afrika ştamıdır: “"Meymun çiçəyi" xəstəliyi pandemik infeksiya deyil, tək-tək rast gəlinən infeksiyadır. Ən çox 4 yaşa qədər uşaqlar arasında təsadüf edilir və ölüm faizi isə 4 faiz ilə 22 faiz arasında olur.

Hal-hazırda bu xəstəlik Portuqaliya, Böyük Britaniya və İspaniyada qeydə alınıb. Hələlik Azərbaycanda yoxdur. Lakin insanların ölkələrə səfər etməsi ilə əlaqədar bu xəstəliyin ayrı-ayrı ölkələrə yayılmasına səbəb ola bilər. Çünki infeksiya sərhəd tanımır. Ölkəmizdə də ola bilər ki, tək-tək müşahidə olunsun”.

Xatirə Əliyeva sözlərinə belə davam edib: “Xəstəliyin keçmə yolu hava, damcı və fiziki təmas yolu ilədir. Xəstəliyin mənbəyi bu infeksiyaya yoluxmuş viruslu insandır.

Bütün infeksion xəstəliklərdə gizli dövr deyilən bir dövr olur. Yəni, insan xəstəliyə yoluxub, lakin əlamətlər 14 gündən sonra üzə çıxır. Gedişi təbii çiçəyi xatırladır. Xəstəlik ümumi zəiflik, titrətmə, baş ağrısı və temperaturun 39-40 dərəcə selsiyə yüksəlməsi ilə başlayır. Sonra xəstənin iştahı pozulur. Əzələ-oynaq ağrıları da qoşulur.

Xəstəliyin 3-4-cü günü dəri və selikli qişalarda əvvəl üzdə, yuxarı ətraflarda, ovucun içində sonra gövdədə və aşağı ətraflarda səpkilər əmələ gəlir. Əsasən xəstəni narahat edən bu səpkilərin qaşınma ilə müşahidə olunmasıdır. Səpkilər monomor xarakteri daşıyır. Yəni, dəri və selikli qişaların üzərində eyni zamanda həm vezikula, pustula həm qabıq, həm də çapıqlaşma müşahidə olunur.

Bir də onu qeyd etmək istərdim ki, əgər profilaktik məqsədlə uşağa suçiçəyi əleyhinə vaksin vurulubsa, onda bu xəstəliyi ya tutmur, tutursa da çox yüngül keçirir.

Əgər bu əlamətlərdən hər hansı biri uşaqda qeyd olunursa, mütləq həmin uşaq izolyasiya edilməli və dərhal həkimə müraciət etmək lazımdır”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...