Virusla bağlı yenidən qapanmalar olacaq? - YOLUXMA ARTDI - HƏKİMLƏ MÜSAHİBƏ

Həkim-infeksionist Namiq Nəbiyevin SİA-ya verdiyi müsahibəsini təqdim edirik:

- Koronavirusa gündəlik yoluxma və ölənlərin sayının artmasını nə ilə izah edərdiniz?

- Təbii ki, bu gözlənilən bir variant idi. Çünki 2-3 ay bundan əvvəl "Omicron" ştammının yayılması ilə bağlı gündəlik informasiya gedirdi. Yanvar ayının 15-dən sonra bizdə də "Omicron"a rast gəlindi. Tapılandan sonra isə yayılmağa doğru getdi. "Omicron" ştammının yayılması onu göstərdi ki, bizdə bu iki il müddətində qapanmalar baş verir və ilk dəfə idi ki, 6 minin üzərinə gəldi və 6500-ə yaxın xəstəlik aşkarlandı.

- Hansı hallarda yenidən qapanma ola bilər?

- Bu suallarla çox tez-tez qarşılaşırıq. Bir vətəndaş kimi mən də qapanmalara gedilməsinin tərəfdarı deyiləm. Buna lüzum yoxdur. Çünki bizdə ölüm faizi azdır və xəstəlik ağır formada getmir. Düşünürəm ki, özümüzü ailəmizi qorumaq üçün toplu məclislərdən uzaq durmalıyıq.

- Virus nəticəsində yoluxma və ölümlərin sayının artması insanların öz sağlamlığına etinasız yanaşmasından irəli gəlir?

- Vaksindən sonra insanlar rahatladılar ki, virusa daha yoluxmayacaqlar. Saxta yolla peyvənd olunanların sayı da az deyildi. Amma biz özümüzü aldatmaqla, həm də ailəmizə xəyanət etmiş oluruq. Evdə xroniki xəstəmiz varsa biz onları bu saxtakarlıqları edərək uçuruma doğru aparırıq. Tibb işçilərimizin bəziləri də belə hallara görə cəzalandırıldı. Amma indi bu halların qarşısı alınıb. Artıq vətəndaşlar özləri könüllü olaraq peyvənd olunur. Çünki virusdan can qurtarmağın yeganə yolu peyvənd olunmaqdır. Peyvənd vaxtında olunduqca xəstəliyin kökü kəsiləcək və bu adi qrip şəklində keçəcək.

- Ümumiyyətlə, insanlar arasında vaksinasiyaya maraq necədir? Yoluxmanın çoxalması fonunda vəziyyəti necə qiymətləndirmək olar?

- Bizdə peyvənd olunmağa qarşı səhlənkarlıq var. İnsanlar vaxtı-vaxtında peyvənd olunmurlar.

- İnsanlar “Omicron” ştammına yoluxduğu halda bədənin bərpası üçün nə qədər vaxt lazımdır?

- Bu xəstəliyi ilk dəfə mən özüm ağır formada keçirmişəm. Xəstəliyin ən böyük təsiredici forması insanların hədsiz dərəcədə tərləməsidir. Tər vasitəsilə bütün minerallar bədəndən xaric olunur. Tərləmələrin də müxtəlif variantları var. Koronavirus xəstəsində tərləmə mütəmadi olur, ara vermir. Mən xəstəlikdən sonra 2 aya qədər hiss edirdim ki, hələ də tərləyirəm. İnsanlara tövsiyyəm budur ki, istənilən meyvə şirəsindən istifadə etsinlər, çoxlu maye qəbul etsinlər, soyuqdəymədən uzaq olsunlar.

- Özümüzdə koronavirusun “Omicron” variantının əlamətlərinin olduğunu düşünürüksə, nə etməliyik?

- Termometrlə temperaturu yoxlamaq və bundan sonra test üçün Təcili Tibbi Yardım çağırmaq lazımdır. Bundan sonra məlum olacaq ki, vəziyyət hansı yerdədir.

- “Omicron” uşaqlarda özünü hansı simptomlarla göstərir?

- Uşaqlarda ən böyük simptom kəskin qarın ağrılarıdır. Həmçinin, asqırma və öskürmə də müşahidə olunur. Valideynlərə məsləhət görürəm ki, uşaqlara dərhal antibiotik verməsinlər. Eyni zamanda hormonal preparatlardan da uzaq olsunlar.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...