Dəridə baş verən qaşıntlar, qızartılar, səpkilər göbələk xəstəliyinin əlamətləridir. Bəs görəsən göbələk xəstəliyi nədir? Necə yaranır? Əlamətləri nələrdir? Dermanevroloq Günay Bilalova göbələk xəstəliyinin əlamətləri haqqında SİA-ya açıqlama verib.
Göbələk xəstəliyi dəridə qızartıya, qaşınmaya, iltihaba səbəb olan infeksion xəstəlikdir. Ən çox rast gəlinən dəri xəstəliklərindən biri olan göbələk xəstəliyi keçici xəstəlikdir. Başlanğıcda məhdud xarakter daşıyan səpkilər zaman içərisində bədənin digər bölgələrinə yayıla bilər. Bu zaman xəstəlik daha şiddətli simptomlar nümayiş etdirir. Göbələk xəstəlikləri daha çox ayaq, dırnaq, qasıq, vagina, başın tüklü hissəsində meydana gəlir.
Göbələk xəstəliyi keçicidirmi?
Göbələk xəstəliyi birbaşa dəri təması və ya əşyaların ortaq istifadəsi ilə keçən xəstəlikdir. Daha çox tərlik, dəsmal, hamam xalatları, pastel kimi əşyalar, həmçinin ortaq istifadə olunan hovuz, hamam, sauna, otel otaqları, plaj kimi məkanlarda insanlar arasında yayılır. Göbələk insandan-insana keçə bildiyi kimi, heyvanlardan insana da keçə bilir. Bu göbələk növləri heyvanlarda dəri üzərində tük tökülməsinə səbəb olur. Müalicə olunmadığı halda təmasla insanlara da keçir və əlamətləri daha şiddətli müşahidə olunur.
Göbələk xəstəliklərinin növləri hansılardır?
Dırnaq göbələyi (Onixomikoz) - Daha çox ayaq dırnaqlarında müşahidə olunur. Dırnağın qalınlaşmasına, kobudlaşmasına, rəngini dəyişərək saralmasına və bozarmasına səbəb olur. Proses ayaq baş barmağından başlayaraq zamanla digər dırnaqlara, həmçinin əl dırnaqlarına da keçə bilər. Dar ayaqqabı geyinən şəxslərdə bu xəstəliyə tez-tez rast gəlinir.
Ayaq göbələyi (Tiena pedis)
Ən sıx rastlanan göbələk xəstəliyi növlərindən biridir. Ayaq dərisində quruma, qabıqlaşma, çatlar, barmaqlar arasında sulanma ayaq göbələyinin əlamətləridir. Xüsusilə də 4 və 5-ci parmaqlar arasında müşahidə olunur. İltihab və dəridəki çatlar səbəbi ilə ortaya çıxan pis qoxu, ağrı və göynəmə xəstəni narahat edir. Nəm və isti mühiti sevən ayaq göbələyi adətən hovuzlardan, hamamlardan, saunalardan və s. kimi ortaq məkanlardan istifadə zamanı yaranır. Həmçin ayaqların uzun müddət qapalı ayaqqabı içərisində qalması ilə ortaya çıxır.
Qasıq göbələyi (Tinea cruris)
Qasıq bölgəsində qaşıntı, qızartı və göynəmə hissinə səbəb olur. Proses tək və ya ikitərəfli olur, bəzən cinsi orqan da prosesə qoşulur.
Vaginal göbələk (Kandidiyazis)
Qadınlarda sıx müşahidə olunan göbələk xəstəliyidir. Normal vaginal mühitdə müşahidə olunan xeyirli göbələk və bakteriyaların disbalansı nəticəsində kandida olaraq bilinən maya göbələkləri kontrolsuz olaraq çoxalır. Bu hal vaginal kondidoza səbəb olur. Şiddətli qaşınma, dəridə çatlar qanama, cinsi əlaqə zamanı ağrı xəstənin həyat keyfiyyətini aşağı salır. Müalicə olunmadıqda genital bölgədəki digər nahiyələrə də yayıla bilər.
Göbələk xəstəliyi kimlərdə müşahidə olunur?
-Çox tərləyən insanlarda
-Dar paltar, ayaqqabı geyinən insanlarda
-Duş qəbulundan sonra bədənini, xüsusilə bükükləri yaxşı qurulamayan insanlarda
-Ayaqqabı, geyim, dəsmal, sabun, darak kimi əşyaları ortaq istifadə edən insanlarda
-QİÇS-li xəstələrdə
-Obezite, diabet xəstələrində
-Hamilələrdə
-İmmuniktet sistemi zəif olan insanlarda göbələk xəstəliyinə rast gəlmək olur.
Göbələk xəstəliyinin yaranma səbəbləri nələrdir?
-Nəm və isti mühit
-Çox tərləmək
-Dar paltar və ayaqqabılar geyinmək
-Xəstə heyvanlarla təmas
-Bəzi dərmanlardan istifadə
-Gigiyena qaydalarına düzgün əməl etməmək
-Dərini yetərincə quru saxlamamaq göbələk xəstəliyinin yaranmasına səbəb olur.
Mikroskopik müayinə ilə diaqnoz qoyulur. Mikrosopik müayinə ilə diaqnoz qoyula bilmədikdə kulturel müayinə üsulundan istifadə olunur. Göbələk əleyhinə kremlər, mazlar, lasyonlar, şampunlar və dərman preparatları ilə müalicə edilir.
Göbələk xəstəliyi müalicə olunmazsa nə baş verər?
Göbələk xəstəliyi müalicə olunmadığı hallarda digər infeksiyalara qoşulur və bu xəstəliyin daha da ağırlaşmasına səbəb olur. Xəstəlik geniş xarakter daşıyaraq xroniki hala keçə bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə