Meyvə-tərəvəz bolluğu bazar qiymətlərinə necə təsir edib? - RƏY BİLDİRDİLƏR
Hazırda bazarlarda meyvə-tərəvəz bolluğu müşahidə olunur. Mövsümə uyğun olaraq qiymətlərdə ucuzlaşma var. Bu vəziyyət alıcıları sevindirsə də, satıcılar qazanc azlığından narazıdırlar.
Satıcı Kamran Atakişiyev: “Hazırda qarpız mövsümü olduğuna görə tələbat da artıb. Sahələrdə azalıb, alıcı kütləsi isə artıb. Topdan satışda 60 qəpik, tək-tək isə 70 qəpik olur. Qarpız Ağcabədidən, Saatlıdan, Sabirabaddan, Kürdəmirdən gəlir. Ən çox isə Sabirabad qarpızına tələbat var. Çünki o daha şirin olur”.
Satıcı Bayram Dünyamalıyev: “Bazarda qiymətlər əlbəttə çox aşağıdır. Bu satıcıları qane eləmir. Yol xərclərinin gəlməsi, arendanın puludur – bunları nəzərə alanda ucuzdur qiymətlər. Bazarda yer pulu da çox olur. Topdan məhsul gətirənlərin malları tez köhnəlir, əriyir. Alıcı qüvvəsi də aşağı olanda məhsullar yığılır, əlimizdə qalır. 2-3 gün müddətində satmasan xarab olur. İndi pomidor, alma çox ucuza gəlir”.
Satıcı Səfa Hüseynli: “Məhsul bolluğu var, amma xaricə idxalımız yoxdur. Başqa ölkələrə göndərmirik deyə, məhsul bollaşıb, qalır, çürüyür. Müştəri həmən müştəridir, mal o qədər çoxdur ki, alıcı kütləsi gözə görünmür. Pomidorun qiyməti 50 qəpikdir, 3 kilosu isə 1 manatdır. Mən özüm kəndliyəm, məhsulu da özüm gətirmişəm. Amma öz xərclərimi ödəyə bilmirəm. Bankdan kreditlə 5-10 min götürürük ki, pomidor alaq, sataq. Ordan bizə 20 qəpik qalır, heç mayası da eləmir”.
Satıcı Azad Yusubov: “Bazar münasibdir, kasıb təbəqə bazardan hər şeyi ucuza alır. Səliqəli, təzə gələn məhsullardır. Özünüz də görürsünüz, gigiyenik qaydalara əməl edirik. Qışda çox adam gəlir, yayda az. Alıcı qüvvəsi qışa nisbətən azalıb. Camaatda da imkan zəifdir, əvvəl 5-10 kilo birdən alanlar indi 1 kilo alır. Qiymət də düşür, 5 manata satdığımız məhsul indi 3 manatdır”.
Alıcı Qorxmaz Zərbəliyev: “Qiymətlər əladır, indi ucuzlaşıb hər şey. Böyük mağazalara nisbətən bazar sərf edir. Başqa nə deyə bilərik, münasib qiymətə görəndə alırıq”.
Alıcı Zeynəb Hüseynova: “Əvvələ baxanda pomidor ucuzdur, yaxşıdır. Ala bilmirdik, keçən il 1 manat 50 qəpikdən ucuzlaşmadı. Çox bahaydı, şükür bu il 50-60 qəpikdir. Satanlar da sağ olsun, indi ala bilirik. Bazar qiyməti ilə mağazalarda çox fərq var, bu qiymətə alıb qışa tədarük edə bilirik. Ona görə sərf edir”.
Alıcı Safiya Muxtarova: “Bakıda hər şey boldur, meyvələrin hamısı ləzzətlidir, qiyməti də münasibdir. Bazarda ucuzdur, ancaq marketlərdə bahadır. Ona görə gəlib burdan alırıq.Hər şey var, çeşidləri də boldur”.
Alıcı Zaman Məmmədov: “İndi meyvə-tərəvəzin ucuz olan vaxtıdır, boldur. İndi hamı istirahətdədir, ona görə bazarda çox adam yoxdur. Camaat əkib, becərir, əziyyət çəkir. 50-60 qəpik, lap 1 manat nədir ki? Bunun maşın pulu, fəhlə pulu da var. Bunlara rəğmən ucuzluqdur”.
“Meyvə-tərəvəzin qiymətində onun yetişdirmə, daşıma, satış xərcləri rol oynayır. Əsas bazara çıxarma həcmidir – bu da məhsuldarlıqdan asılıdır”.Bunu SİA-ya açıqlamasında iqtisadçı Xalid Kərimli deyib.
Onun sözlərinə görə,mövsümə görə qiymətlər dəyişir: “Məhsuldarlıq yaxşı olsa, mövsüm dövründə bazara kütləvi çıxışı baş verir. Təbii ki, bu zaman qiymətlər alıcılar üçün əlverişli olur. Adətən meyvə-tərəvəzlərin qiyməti bazara ilkin çıxış – nübar mərhələsində daha çox olur. Tədricən mövsümün əsas hissəsinə keçdikcə bazara daha çox məhsul çıxarılır. Nəticə etibarilə, qiymətlərin kəskin enişinə səbəb olur. Əvvəlki illərlə müqayisə etsək, daha baha olduğunu görürük. Burada qazanan alıcı, itirən isə satıcılar olur. Satıcı istədiyi qazancı əldə etmədikdə, növbəti ildə məhsulu bazara necə çıxaracağı haqda fikirləşir. Məhsul sürətlə satılmadıqda xarab olur və gəlir gətirmir. Buna görə satışı çoxaltmaq üçün satıcılar qiyməti azaldırlar.
Bütün xəbərlər Facebook səhifəmizdə