İtaliya hökuməti Apennin yarımadasını Siciliya adası ilə birləşdirəcək dünyanın ən böyük asma körpüsünün layihəsini təsdiqləyib. SİA xəbər verir ki, 399 metr hündürlüyündə iki qülləsi və təxminən 3,3 kilometr uzunluğunda olacaq körpünün smeta dəyəri 13,5 milyard avrodur. Körpünü 6 il ərzində inşa olunması nəzərdə tutulur.
İtaliyanın Baş naziri Ciorcia Meloni bunu bütün ölkə üçün strateji layihə adlandırıb.
Baş nazirin müavini, nəqliyyat və infrastruktur naziri Matteo Salvini isə bildirib ki, körpü keçdiyi regionların və bütövlükdə ölkənin inkişafını sürətləndirəcək.
Bu, dünyada ən uzun biraşırımlı asma körpüdür və bir çox yeniliyi olan infrastruktur layihəsidir. İnfrastrukturun birləşdirilməsi üçün 40 kilometrdən çox avtomobil və dəmir yolu xəttinin tikintisi planlaşdırılır. Körpü Cənubi İtaliyanın və bütün ölkənin inkişafı üçün strateji infrastrukturdur və Trans-Avropa Nəqliyyat Şəbəkələrinin tamamlanması üçün milli maraq kəsb edir.
Qeyd edək ki, layihə ilk dəfə 1960-cı ildə gündəmə gəlib.
Bütün xəbərlər Facebook səhifəmizdə