“Gəncə Memorial Kompleksi gələcək nəsillərə tarixi həqiqətləri çatdıracaq” - MÜNASİBƏT BİLDİRİLDİ

“Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Gəncə Memorial Kompleksində tikinti-quraşdırma işlərinin tamamlanması və muzey ekspozisiyasının təşkili ilə bağlı bu gün imzaladığı sərəncam dövlətin mülki əhalinin təhlükəsizliyi, tarixi ədalətin bərpası və milli yaddaşın qorunması istiqamətində ardıcıl siyasətinin davamı kimi qiymətləndirilməlidir”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin üzvü, deputat Elnarə Akimova deyib.

Elnarə Akimova sözlərinə belə davam edib: “Bütün digər tərəfləri ilə yanaşı belə bir sərəncamın imzalanması yaddaşa xidmət işidir. Sərəncamın mətnində də qeyd olunduğu kimi, müharibə reallıqlarının əbədiləşməsi yönündə düşünülmüş məqsədyönlü addımdır. Bilirik ki, İkinci Qarabağ müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərinə raket hücumları nəticəsində dinc sakinlər həlak oldu, uşaqlarımız tələf edildi, evlər dağıdıldı, ocaqlar söndü, talelər qaraldı. Bir gecədə yerlə-yeksan olmuş bu ömürlərin izi, sorağı tarixdə qalmalıdır. Hər şeydən əvvəl ona görə ki, bu bir terror, vandalizm, qəsd nümunəsidir.

Hücumların dağıdıcı nəticələrini və mülki insanlara qarşı törədilmiş bu hərbi cinayətləri gələcək nəsillərə çatdırmaq mütləq lazımdır. Bütün taleyüklü məsələlərə həssaslığı ilə seçilən ölkə başçısı cənab İlham Əliyevin bu məqamda da xüsusi diqqəti və qayğısı riqqət doğurmağa bilmir. Bu, tarixi yaddaşın qorunması və həlak edilən dinc sakinlərin xatirələrinin əbədiləşməsidirsə, digər tərəfdən önəmli bir missiya daşıyıcısıdır. Dolğun və informativ muzey-ekspozisiya məkanı yaratmaq yetişən yeni nəslin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi deməkdir. Buranı ziyarət edən insanlar tarixi zəfərimizin hansı keşməkeşlərlərdən keçdiyini anlayıb onun qədrini daha yaxşı biləcək, torpaqlarına daha yaxşı sahib çıxmağa çalışacaqlar”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə