Londonda yaşayan azərbaycanlı komitə sədri təyin edilib

Londonda yaşayan azərbaycanlı, “Guavapay” şirkətinin qrup üzrə icraçı direktoru Elxan Nəsibov London Ticarət və Sənaye Palatasının (LCCI) nəzdində fəaliyyət göstərən Bacarıqlar Komitəsinin sədri təyin olunub.

SİA xəbər verir ki, Elxan Nəsibov komitəyə sədrlik etməyin onun üçün böyük şərəf olduğunu deyib. O bildirib ki, komitə üzvləri ilə birlikdə çalışaraq əməkdaşlığı təşviq etməyi, innovasiyaları dəstəkləməyi və London biznesmenləri arasında sahibkarlıq ruhunu gücləndirməyi səbirsizliklə gözləyir.

Palatanın siyasət və kommunikasiya direktoru Liz Giles Elxan Nəsibovun komitəyə sədr təyin olunmasını yüksək qiymətləndirib: “Onun liderliyi və sənaye üzrə peşəkarlığı bizə biznes, təhsil və təlim arasında əlaqəni gücləndirməkdə kömək edəcək. Bu isə Londonun gələcək işçi qüvvəsinin hazırlanması baxımından olduqca vacibdir”,- deyə o qeyd edib.

Elxan Nəsibov hazırda “Guavapay” şirkətində qrup üzrə icraçı direktor vəzifəsini icra edir. O, bank sektorundakı karyerasına 19 yaşında Avropanın ən böyük banklarından birində başlayıb. İllər ərzində biznesin inkişafı, məhsul dizaynı, əməliyyatlar və tənzimləyici komplayens daxil olmaqla bankçılığın müxtəlif sahələrində təcrübə qazanıb. Şirkətdə əvvəlcə baş komplayens inspektoru və MLRO vəzifələrini icra edən Elxan Nəsibov “Guavapay”in qurulmasında əsas rol oynayıb. Onun rəhbərliyi altında şirkət 5 nəfərlik komandadan IT, maliyyə və bankçılıq sahələrində fəaliyyət göstərən 650-dən çox mütəxəssisin çalışdığı qlobal təşkilata çevrilib. 2024-cü ildə isə həmyerlimiz Londonda yüksək dərəcəli “Freedom of the City of London” tituluna layiq görülüb. O, həmçinin müxtəlif beynəlxalq biznes və diplomatik forumlara spiker qismində dəvət olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə