"Ermənistan Baş naziri Nikol Paşinyanla Azərbaycan Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarındakı görüşü böyük gözləntilər doğurur". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Sahil Kərimli deyib.
O bildirib ki, ən azından, görüş nüfuzlu bir ölkədə – ABŞ-da keçirilir: "Xüsusilə də Amerika Prezidenti Donald Trampın da tərəflərlə görüşü əsasında həyata keçiriləcəkdir. Ona görə də biz bu görüşdən müəyyən irəliləyişlər gözləyə bilərik. Ən azından, görüşün nəticəsi olaraq birgə bəyanatın səsləndirilməsi, eyni zamanda ehtimal var ki, memorandum və yaxud da hər hansı bir çərçivə sazişinin imzalanması da real ola bilər.
Çünki Əbu-Dabidə bundan əvvəl keçirilən Azərbaycan Prezidenti ilə Ermənistan Baş naziri arasında görüşdə də müəyyən irəliləyişlər olmuşdu, müəyyən razılaşmalar əldə edilmişdi və bu danışıqların nəticəsi olaraq ABŞ-da çox böyük nəticələr gözlənilir.
Azərbaycanın Ermənistan tərəfinə irəli sürdüyü haqlı tələblər, ATƏT-in Minsk Qrupunun buraxılması ilə bağlı məsələ, Konstitusiyanın dəyişdirilməsi, Azərbaycana qarşı ərazi iddialarından əl çəkilməsi məsələsi də bu görüşdə əsas predmetlərdən biri olacaqdır və elə bu istiqamətdə müəyyən irəliləyişlər əldə etmək mümkün olacaqdır. Xüsusilə də Amerikanın Cənubi Qafqazda sülhə və təhlükəsizliyə vermək istədiyi töhfəni də biz nəzərə almalıyıq. Tramp hakimiyyəti əvvəlki illərdə olduğu kimi yenə də Cənubi Qafqazda sülh və təhlükəsizlik görmək istəyir.
Həm bölgədə sabitliyin, həm də iqtisadi fəallığın artırılması, xüsusilə də Zəngəzur dəhlizinin açılaraq bölgə və digər maraqlı ölkələrin, dünya dövlətlərinin bu dəhlizdən iqtisadi dividentlər əldə etməsi məsələsi də gündəmdədir. Amerikada keçiriləcək görüşdə heç şübhəsiz ki, Zəngəzur dəhlizinə bağlı məsələlər də müzakirə olunacaq. Yəni dəhlizin təhlükəsizliyinin qorunması, Azərbaycanın hansı ki, haqlı tələbi var – bir hissəsi ilə digər hissəsinin maneəsiz olaraq birləşdirilməsi bu dəhliz vasitəsilə təmin olunması da əsas danışıqlar predmeti olacaqdır".
Bütün xəbərlər Facebook səhifəmizdə