Ümummilli lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli fərmanına əsasən hər il avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. Ulu öndər həmin tarixi sənədi latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkəmizdə 2001-ci ilin avqustunda bütövlükdə təmin edildiyini və yeni əlifbadan istifadənin müstəqil Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq imzalayıb. 1970-ci illərin ortalarından başlayaraq SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirildi. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq böyük cəsarət tələb edirdi.
Ümummilli Liderin təşəbbüsü 1978-ci il 21 aprel tarixində qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir” maddəsi öz əksini tapıb. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi ulu öndər Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir. Dahi şəxsiyyət bununla gələcək müstəqil dövlətçiliyin milli rəmzlərindən birini məharətlə qoruyub. Hər bir xalqın milli-mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Azərbaycan xalqının da ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Ana dili dövlət rəmzlərimiz olan bayraq, gerb, himn kimi müqəddəsdir.
Təbii ki, dövlət dili uğrunda ardıcıl mübarizə aparan Ulu Öndər Heydər Əliyevin cəsarətli mövqeyi olmasaydı, Ana dilimiz müxtəlif təsirlərə məruz qalardı və yaradılmış süni maneələr onu sıradan çıxarardı. Ulu Öndər hər zaman Ana dilinə böyük əhəmiyyət, qiymət verib. Onun bu dillə bağlı etdiyi çıxışlar bu gün də öz aktuallığını qoruyub saxlayır. Dil təkcə ünsiyyət vasitəsi deyil, həm də xalqın tarixi, ədəbiyyatı, mədəniyyəti, siyasətidir. Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi: “Dil ədəbiyyatla, mədəniyyətlə, mənəviyyatla bağlıdır. Bunlarsız isə vətənpərvərlik formulu yoxdur".
Doğrudan da, vətənpərvərliyin başlıca şərtlərindən biri Ana dilini bilmək və sevməkdir. Prezident İlham Əliyevin 17 iyul 2018-ci il tarixli “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamı da Azərbaycan dilinin inkişafı və tətbiqi dairəsinin daha da genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Ana dilimizi qorumaq üçün böyük addımlar atan Ümummilli Liderin siyasi xətti Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir. Bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı xalqımızın ən qiymətli mənəvi-ideoloji sərvəti sayılan milli birliyə nail olmaq və dövlətçiliyimizin daha da möhkəmləndirilməsi uğrunda bütün güc və bacarığını səfərbər etməyə borcludur. Prezident İlham Əliyevin vurğuladığı kimi: “Bizim bir Vətənimiz var - Azərbaycan! Bizim bir dilimiz var - Azərbaycan dili! Bizim ümumxalq ideologiyamız var - azərbaycançılıq məfkurəsi”.
Abil Ağasəfov
YAP Qəbələ rayon təşkilatının sədri
Bütün xəbərlər Facebook səhifəmizdə