2002-ci ildən bəri Türkiyəyə 13 mindən çox sənət əsəri qaytarılıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin tarixi irsinin qorunması məsələsində qətiyyətli olduğunu bəyan edib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Türkiyə dövlətinin lideri avqustun 6-da Ankarada keçirilən “Arxeologiyanın qızıl dövrü” adlı beynəlxalq arxeoloji simpozium və sərginin açılışında çıxış edib.

Onun sözlərinə görə, 2002-ci ildən bu günə qədər Türkiyə hakimiyyəti ölkədən qeyri-qanuni yolla çıxarılan ümumilikdə 13 min 291 sənət əsərinin geri qaytarılmasına nail olub.

Dövlət başçısı Anadolunun mədəni irsinin zənginliyinə diqqət çəkərək, cənub-şərq Şanlıurfa vilayətinin ərazisində Misir piramidaları və Britaniya Stounhencindən xeyli qədim, 12 min ildən çox yaşı olan ən qədim meqalit Göbəklitəpənin ziyarətçilər üçün açıldığını xatırladıb.

“Tariximizin və mədəniyyətimizin əsl əhəmiyyətini dərk etməsək, gələcək üçün dəqiq bir kurs müəyyən edə bilməyəcəyik. Türklər min ildir Anadoluda yaşayırlar və bundan sonra da belə olacaq”, - deyə Prezident həmvətənlərini Vətənin irsini qorumağa çağırıb.

Ərdoğan təkcə 2024-cü ildə ölkənin müxtəlif bölgələrində aparılan arxeoloji qazıntılarda 2 mindən çox mütəxəssisin iştirak etdiyinə diqqət çəkib. “Əvvəllər qazıntılar ildə 40-50 gün aparılırdısa, bu gün söhbət ilboyu aparılan arxeoloji tədqiqatlardan gedir”, - deyə siyasətçi Anadoluda ilk arxeoloji qazıntıların hələ 163 il əvvəl qədim Efes şəhəri ərazisində aparıldığını bildirib.

Türkiyə Prezidenti və xanımı “Arxeologiyanın qızıl dövrü” sərgisi ilə tanış olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə