“Atmağa hazır deyilsinizsə, silahı tuşlamayın...”

Bloomberg: ABŞ-ın Rusiyaya verdiyi ultimatum sona çatır...

ABŞ prezidenti Donald Trampın Ukraynada atəşkəslə bağlı Putinə verdiyi ultimatum gələn cümə günü başa çatır. Əvvəlcə 50 gün müddətinə təyin edilmiş müddət qəfildən 10 günə endirildi. Şərtlərə məhəl qoymadıqda, ABŞ sərt iqtisadi tədbirlər tətbiq etməklə hədələyir- Rusiyanın nüvə arsenalına görə hərbi müdaxilə planlaşdırılmır.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Bloomberg yazır.

Tramp administrasiyası Rusiyanın enerji resurslarını alan ölkələrə qarşı ikinci dərəcəli sanksiyaların tətbiqi variantını nəzərdən keçirir.

Bunlar, ilk növbədə, Moskvanın əsas ticarət tərəfdaşları olan Çin və Hindistandır.

Senat artıq belə ölkələr üçün 500 faizə qədər rüsum nəzərdə tutan qanun layihəsi hazırlayıb. Tramp daha mülayim 100 faiz təklif edir, lakin təsir oxşar ola bilər: potensial müttəfiqlərlə münasibətlərin pisləşməsi...

Hindistan anti-Çin Quad ittifaqında iştirak etməsinə baxmayaraq, qətiyyətlidir.

ABŞ Hindistan mallarına 25 faiz rüsum tətbiq etdikdən sonra Yeni Dehli ikinci dərəcəli sanksiyalar təhdidlərinə cavab olaraq sərt mövqe tutdu.

Çin isə öz növbəsində uzun müddətdir ki, ABŞ-ı özünün əsas geosiyasi rəqibi hesab edir və Rusiya ilə strateji tərəfdaşlığını gücləndirməkdə davam edir.

Vəziyyətin gərginləşdiyi bir vaxtda Tramp xüsusi nümayəndə Stiv Vitkovu danışıqlar üçün Moskvaya göndərib.

Bununla belə, Rusiya və müttəfiqlərinin Amerika təhdidlərinə məhəl qoymaması perspektivi Vaşinqtonu seçim qarşısında qoyur: ya geri çəkilib zəif görünmək, ya da Birləşmiş Ştatların istifadə etməyə hazır olmadığı daha sərt tədbirlərə keçmək.

ABŞ-ın keçmiş dövlət katibi Corc Şultsun dediyi kimi: “Atmağa hazır deyilsinizsə, silahı doğrultmayın”.

Bu gün bu metafora həmişəkindən daha aktualdır.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə