Dünyanı cənginə alan koronavirusla mübarizədə etibarlı silah vaksinasiya olunmaqdır

Bu gün yeni növ koronavirus infeksiyasının coğrafiyası genişlənib və hər gün dünya ölkələrdə çoxlu sayda insan bu yoluxucu xəstəliyin qurbanına çevrilir. Azərbaycanda da bu yoluxucu xəstəliyə qarşı ciddi mübarizə aparılır, əhalinin sağlamlığının qorunması istiqamətində görülən tədbirlər davamlıdır. Əhalinin "COVID-19"-a dair müayinələrinin keçirilməsi ilə bağlı işlər davam etdirilir, müvafiq laboratoriyalar qurulub, habelə tibb müəssisələri zəruri ləvazimat və preparatlarla təchiz edilib. Dövlət başçısının koronavirus infeksiyasının Azərbaycanda yayılmasının qarşısının alınması, insanların sağlamlığının qorunması ilə bağlı verdiyi qərarlar "COVID-19"-un geniş yayılmasının qarşısının alınması məqsədi daşıyır.

Dünyanı cənginə alan koronavirusun yayılmasının qarşısının alınması üçün görülən tədbirlər davamlıdır. Dünyanı sarsıdan pandemiya ilə mübarizədə ən etibarlı silah COVID-19 əleyhinə vaksinasiya olunmaqdır. Azərbaycan Cənubi Qafqaz regionunda vaksinasiya işlərinə ilk start verən ölkədir. Nazirlər Kabineti tərəfindən qəbul olunmuş "Vaksinasiya Strategiyasına" əsasən, artıq xeyli sayda insanlar peyvənd olunub və vaksinasiya prosesi bu gün də davam edir. Pandemiyanın ilk günlərindən başlayaraq, beynəlxalq təşkilatlarla ölkəmizin qurduğu təmasların, işlərin düzgün təşkilinin nəticəsidir ki, ilkin mərhələdə Azərbaycana 4 milyon doza vaksin gətirilib. Vaksinasiyaya start verən Avropa İttifaqından bir ay sonra Azərbaycanda bu prosesə başlanılıb. Bu, dövlətin öz vətəndaşlarının sağlamlığına və təhlükəsizliyinə verdiyi önəmin təzahürüdür. Cənubi Qafqaz regionunda vaksinasiya işlərinə ilk start verən Azərbaycanda bu günə qədər birinci dozadan 600 min şəxs, ikinci dozadan isə 300 min şəxs peyvənd olunub. Ölkəmizdə vaksinasiya tədbirləri davam edir. Pandemiya şəraitində normal iş mühitinin davam etdirilməsi və sağlamlıqlarına laqeyd olmayan insanlar bu prosesə fəaldırlar. Bu günlərdə COVAX platforması vasitəsilə ölkəmizə "AstraZeneca" tərəfindən istehsal olunan 84 min doza COVID-19 peyvəndi gətirilib. Bu, ilk partiyadır və ümumilikdə, "AstraZeneca" şirkətinə məxsus 432 000 doza COVID-19 vaksin dərman vasitəsinin mayın sonunadək Azərbaycana idxalı nəzərdə tutulub.

Statistik məlumatlara əsasən, ölkəmizdə gün ərzində 30-35 min insan peyvənd olunur. Göründüyü kimi, bu gün ölkəmizdə mərhələli şəkildə təsirli tədbirlər həyata keçirilir və vəziyyət nəzarət altındadır. Yoluxma hallarının artımının qarşısını almaq üçün hər bir vətəndaş maska taxmalı, sosial məsafə prinsiplərinə və əl gigiyenası qaydalarına əməl etməlidir. Müxtəlif gigiyenik qaydalara və karantin tədbirlərinə əməl olunmasında Azərbaycan vətəndaşları səfərbərlik nümayiş etdirməlidir. Əks halda sərt karantin rejiminin tətbiqi qaçılmazdır.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə