Rezident Leyla Abuşova: “Peşəkar həkim kimi yetişmək üçün hər bir şərait var”

.

Mərkəzi Gömrük Hospitalında müxtəlif ixtisaslar üzrə rezidentura təhsili alan rezident həkimlər də COVİD-19 infeksiyasına qarşı səfərbər olunaraq, koronaviruslu xəstələrə tibbi xidmət göstərirlər. Onlar öz ixtisasları ilə yanaşı dünyada böyük bəlaya çevrilmiş yeni növ koronavirusa qarşı mübarizədə fəal iştirak edirlər.Mərkəzi Gömrük Hospitalında rezidentura təhsili alan I kurs rezidenti Leyla Abuşova da kovidli xəstələrinin müalicəsində yaxından iştirak edir.

Leyla Abuşova 1996-cı il iyunun 8-də Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində anadan olub. O,2013-cü ildə Bakıda 175 nömrəli orta məktəbi bitirdikdən sonra qəbul imtahanlarını müvəffəqiyyətlə verərək, 648 balla dövlət sifarişli əsaslarla Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsinə qəbul olunub. 2019-cu ildə Universiteti bitirib və 2020-ci ildə Mərkəzi Gömrük Hospitalının Radiologiya ixtisası üzrə rezidenturaya qəbul olunub.

Kuratoru yüksəkixtisaslı radioloq Emin Məmmədovun rəhbərliyi altında kompüter tomoqrafiyası, maqnit-rezonans tomoqrafiyası və ultrasəs müayinəsinin sirlərinə yiyələnir, koronaviruslu xəstələrin müalicəsində radiologiyanın rolunu öyrənir.

Həkim-rezident Leyla Abuşova rezidentura təhsili barədə deyir: “Koronaviruslu xəstələri Hospitalın təcrübəli həkimlərinin yanında öyrənərək müalicə edirəm. Baxmayaraq ki, radioloqlar əsasən ağ-qara görüntülərlə işləyirlər, onlar bir çox hallarda qaranlıq, qarışıq məsələləri işıqlandırıb, aydınlıq gətirirlər. Mən də öz növbəmdə, işimin peşəkarı olub pasiyentlərə və həmkarlarıma ən müşkül hallarda belə kömək etmək istəyirəm.Peşəkar həkim kimi yetişmək üçün Mərkəzi Gömrük Hospitalında hər bir şərait var”.

Müəllif: Zakir Rəhimli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...