Vaksindən sonra necə qidalanmaq lazımdır?

“Həkim məsləhəti” rubrikasında Mərkəzi Gömrük Hospitalının uzman dietoloqu Məlahət Kərimova sualını cavablandırıb

İstər vaksindən əvvəl, istər vaksindən sonra qidalanma rasionumuzda karbohidrat, zülal, yağ, vitamin və minerallar vəhdət təşkil etməlidir. Bunun üçün qida rasionuna düzgün ərzaqlar daxil edilməli və onların lazımi qaydada təmizlənib bişirilməsinə diqqət edilməlidir.

Əsas olaraq su müntəzəm və düzgün şəkildə qəbul edilməlidir. Suya zəncəfil, nanə, yaşıl alma, darçın və 2-3 dilim limon (bunlardan hər hansı biri və ya ikisini) əlavə edərək içilməsi immun sistemi üçün çox faydalıdır. Bu həmçinin, mədə-bağırsaq sisteminə müsbət təsir edir, bağırsaqların müntəzəm şəkildə çalışmasına yardımcı olur. Bağırsaqların gündəlik çalışması immun sisteminə yaxşı təsir göstərir, orqanizmin təmizlənməsinə kömək edir. Hətta Yessentuki, Sarıkız kimi mineral sulardan istifadə orqanizmdən ağır metalların atılmasında yardımçı olur.

Gündəlik D vitamini qəbulu 10 mkq olmalıdır. D vitamini balıq, yumurta, kərə yağı, balıq yağı kimi məhsullarda var. Orqanizmdə isə D vitamini sintezi günəş işığının təsiri ilə baş verir. Vitaminlər meyvə və tərəvəzlərin tərkibində yetərincə olur:

- Keşniş, kəvər, göy soğan, qırmızı soğan, sarımsaq, brokkoli və gül kələmi A, C və E vitaminləri ilə zəngindir;

- Portağal, limon, qreypfrut meyvələri C vitamini ilə zəngindir, orqanizmdən ağır metalların atılmasına yardımçı olan əsas qidalardır.

Selen – immun sisteminin güclənməsi, DNT və tiroid hormonlarının sağlam şəkildə çalışması üçün əsas mineraldır. Bu mineral antioksidant olaraq orqanizmin tez yaşlanmasının qarşısını alır, ürək-damar sistemi, saç və dırnaqların sağlamlığında, zehni fəaliyyətdə aktiv rol oynayır. Selen E vitamini ilə birlikdə təsir edir. Gündəlik qəbul edilən selen miqdarı 55 mkq olmalıdır. Selen qəbulunun az olması immun sistemini zəiflədir, xərçəng kimi xroniki xəstəliyin inkişafına yol açır. Selen ən çox yumurtada, mal, balıq və toyuq ətində, günəbaxan tumunda (1 ovucda 19 mkq), göbələk (100 qr-da 12 mkq), yulaf, süd, qatıq, mərcimək, qovrulmuş keşyu (10 qramda 3 mkq) və bananda yetərincə var.

Sink – insan orqanizmi üçün vacib mineraldır. Şaçların parlaqlığında, dərinin təravətli və dırnaqların möhkəm olmasında mühüm rol oynayır. Sinkə gündəlik ehtiyac 10-20 mkq-dir. Sinkin əsas funksiyası zülal, yağ və karbohidratların parçalanmasında və sintezində rol oynamasıdır. İmmun sistemini möhkəmlədir, həmçinin orqanizmdən toksinlərin, ağır metalların atılmasında yardımçı olur, antioksidant təsir göstərir. Əsasən günəbaxan və balqabaq tumu, göbələk, qaraciyər, yumurta sarısı, qoz, fındıqda, dovşan və toyuq ətində, balıqda, qırmızı soğan, sarımsaq, alma, armud, albalı, gül kələmi və brokkolidə yetərincə olur.

Zülalların gündəlik olaraq kifayət qədər qəbulu əsas amillərdəndir. Yumurtada (100 qr-da 16 qr), balıqda (100 qr-da 26 qr), pendirdə (100 qr-da 32qr), həmçinin, çərəzlərdə, lobya, mərcimək, noxud, lobya növlərində zülalın miqdarı yetərincədir. Zülallar gündəlik qida rasionumuza mütləq əlavə olunmalıdır (bədən çəkisinin hər kiloqramına 0.8-1 qram).

Müəllif: Zakir Rəhimli

Bütün xəbərlər Facebook səhifəmizdə