2,5 milyon əhali icbari tibbi sığorta xidmətlərindən yararlana bilir EKSKLÜZİV

2,5 milyon əhali icbari tibbi sığorta xidmətlərindən yararlana bilir EKSKLÜZİV

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən icbari tibbi sığorta 2020-ci il 1 yanvar tarixindən 23 inzibati ərazidə - Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Qobustan, İsmayıllı, Ağsu, Şamaxı, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab, Kürdəmir, Mingəçevir, Yevlax və Ağdaşda tətbiq edilir. SİA-nin sorğusuna əsasən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr departamentindən verilən məlumata görə, icbari tibbi sığortanın ilkin mərhələdə tətbiqi məqsədilə Agentlik tərəfindən bir sıra tədbirlər görülüb.

- Hazırda 23 rayon və şəhərdə tətbiq edilən icbari tibbi sığortanın tətbiqi ilə bağlı proseslər necə irəliləyir?

Belə ki, ilkin səhiyyə xidmətinin gücləndirilməsi çərçivəsində inzibati ərazinin mərkəzində Ailə Sağlamlıq Mərkəzləri yaradılmışdır. Təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin keyfiyyətini artırmaq məqsədilə xəstəxanaların Qəbul şöbələri bazasında Təcili Yardım şöbələri yaradılmış, xəstələrin ağırlıq dərəcəsinə uyğun olaraq çeşidlənməsi üçün "triaj" sistemi təşkil olunmuşdur.

Xəstəxanalarda ambulator və stasionar xidmətin təşkili, tibb işçiləri və pasiyentlərin hərəkətinin nizamlanması, şöbələrin optimal yerləşdirilməsini təmin etmək məqsədilə xəstəxanalarda rekonstruktiv təmir və tikinti işləri aparılmışdır. Tibbi xidmətin keyfiyyətinin artırılması məqsədilə xəstəxanalarda keyfiyyətə nəzarət komitəsi yaradılmış və keyfiyyət standartlarının tətbiqinə başlanılmışdır. Xəstəxanalarda proqram təminatı və yeni qeydiyyat sistemi qurulmuş, xəstəxanalar internetə çıxış və kompüter avadanlıqları ilə təchiz olunmuşdur.

Qeyd edilib ki, cari ildə Agentlik tərəfindən “Şəxsi Kabinetə giriş”, Tibbi xidmətlərin onlayn ödənişi” elektron xidmətləri istifadəyə verilib, “Laboratoriya analizlərinin nəticələri” adlı elektron xidmətin tətbiq edildiyi rayonların coğrafiyası genişləndirilərək xidmətdən istifadəyə əlçatanlıq artıb. İcbari tibbi sığortanın hazırda tətbiq olunduğu 23 inzibati ərazinin əhalisi “Şəxsi Kabinetə giriş” elektron xidmətinə daxil olaraq sözügedən şəhər və rayonların tibb müəssisələrində icbari tibbi sığorta çərçivəsində onlara göstərilən xidmətlərlə tanış ola bilərlər. Sözügedən regionların əhalisi Xidmətlər Zərfinə daxil olmayan tibbi xidmətdən istifadə edərkən isə xidmətin dəyərini “Tibbi xidmətlərin onlayn ödənişi” elektron xidməti vasitəsilə onlayn qaydada ödəyə bilir. Həmçinin icbari tibbi sığortanın tətbiq olunduğu ərazilərdə sığortaolunmayan vətəndaş ödənişli tibbi xidmətdən istifadə edirsə bu zaman sözügedən elektron xidmət vasitəsilə xidmətin dəyərini onlayn qaydada ödəyir.

“Laboratoriya analizlərinin nəticələri” elektron xidmətindən icbari tibbi sığortanın hazırda tətbiq olunduğu Ağdaş, Ağsu, Göyçay, Xaçmaz, Quba, Qusar, Yevlax rayon Mərkəzi Xəstəxanalarında və Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında xidmət alan vətəndaşlar istifadə edə bilərlər. Bu elektron xidmət vətəndaşlar üçün vaxt itirmədən və kağız daşıyıcıdan istifadə etmədən laboratoriya analizlərinin nəticələrini öyrənmək imkanı yaradır. Laboratoriya analizlərinin nəticələrini elektron xidmət vasitəsilə əldə etmək üçün vətəndaşa xəstəxana tərəfindən “Nümunə nömrəsi” və “Xəstə ID”-si qeyd olunan yarlıq (etiket) verilir.

Tibb müəssisələrinin resurslarından və kadr potensialından səmərəli istifadəni təmin etmək, fəaliyyətlərini optimallaşdırmaq və əhalinin müxtəlif növ tibbi yardıma əlçatanlığını təmin etmək məqsədilə yanvar ayında respublikanın inzibati ərazi vahidləri üzrə tibbi ərazi bölmələri təsdiq edilmişdir. Ümumilikdə 13 sayda tibbi ərazi bölməsi müəyyənləşdirilmişdir. Bir tibbi ərazi bölməsinə bir neçə şəhər/rayon üzrə dövlət tibb müəssisəsi daxil edilmişdir. Hazırda icbari tibbi sığortanın tətbiqi 5 tibbi ərazi bölməsini (Şəki – Zaqatala TƏB, Bərdə – Yevlax TƏB, Quba – Xaçmaz TƏB, Göyçay – Kürdəmir TƏB və Dağlıq Şirvan TƏB) əhatə edir.

Görülən tədbirlərdən biri də səhiyyə işçilərinin rifah halının yaxşılaşdırılması, tibb işçilərinin həvəsləndirilməsi ilə bağlıdır. 2020-ci ilin əvvəlində Agentlik tərəfindən “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi sistemi haqqında” Qayda təsdiq edilmişdir. Qaydaya əsasən tibb işçisinin əməkhaqqına tutduğu vəzifədən, stajından və xidməti fəaliyyətinin qiymətləndirilməsindən asılı olaraq müəyyən edilən vəzifə (tarif) maaşı, əmək şəraitinə görə ödənilən əlavələr, həvəsləndirici əlavələr və Əmək Məcəlləsində nəzərdə tutulmuş digər ödənişlər daxildir. Tibb işçilərinə həvəsləndirici əlavələr vəzifədən və yerinə yetirilən işin xüsusiyyətindən asılı olaraq, sabit və ya xidmətə görə həvəsləndirici əlavə formasında verilir.

- Nə qədər vətəndaş sığortadan yararlanmaq imkanını artıq əldə edib və gələcəkdə də edəcək?

İcbari tibbi sığortanın tətbiq edildiyi 23 şəhər və rayonun əhalisi (2 490 000 nəfər) Xidmətlər Zərfindən yararlana bilir. Xidmətlər Zərfi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiqlənib. Xidmətlər Zərfi sığortaolunanlara müvafiq növdə, həcmdə və şərtlərlə göstərilən icbari tibbi sığortanın təminat verdiyi tibbi xidmətlərin toplusudur.

Xidmətlər Zərfinə təcili və təxirəsalınmaz tibbi yardım, ilkin səhiyyə xidməti, ixtisaslaşdırılmış ambulator yardım, stasionar tibbi yardım üzrə 2550 sayda müxtəlif tibbi xidmət daxildir. Bunlardan təcili və təxirəsalınmaz tibbi yardım üzrə 6, ilkin səhiyyə xidməti üzrə 35, ixtisaslaşdırılmış ambulator yardım üzrə 1265 və stasionar tibbi yardım üzrə 1244 xidmət təminata alınıb. Ölkədə geniş yayılmış, əlillik və ölüm riski olan xəstəliklərin stasionar şəraitdə medikamentoz və cərrahi müalicəsi icbari tibbi sığorta təminatına alınıb. Təminata alınmış əməliyyatlar sırasında sayı 150 xidmətdən çox olan həyati vacib-dəyəri yüksək olan əməliyyatlar da daxildir.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə