"Operativ Qərargah təcili olaraq bu vaksindən sifariş verməlidir" ÖZƏL - AÇIQLAMA

"Ümumdünya Səhiyyə Təşkilatı bu barədə nə qərar verəcək, bilmirəm, lakin, bizim Operativ Qərargah təcili olaraq bu vaksindən sifariş verməlidir". Bu sözləri SİA-ya açıqlamasında "Biosfer" İctimai Birliyinin sədri Qorxmaz İbrahimli deyib.

O bildirib ki, Rusiyada tətqiq edilən peyvəndin kütləvi istehsalından və artıq bir çox dövlətlərdən sifariş aldıqları haqqında məlumatlar dünyada böyük ajiotaj yaranıb: "Hətta Rusiya Prezidenti Vladimir Putin öz qızının belə peyvənddən istifadə etdiyini söyləyərək və məhsulun keyfiyyətinə diqqət çəkərək onu reklam edib.

ÜST bu barədə nə qərar verəcək, bilmirəm, lakin bizim Operativ Qərargah təcili olaraq bu vaksindən sifariş verməlidir və ya ilk gündən Rusiya Səhiyyə Nazirliyi ilə sıx əlaqədə olan Səhiyyə Nazirliyimiz artıq ilk müştərilərdən olmalı idi. Məncə gecikiblərsə də ilkin sifarişi verməlidirlər".

QHT sədrinin sözlərinə görə, hazırda dərman bazarında COVID-19 pandemiyasının müalicəsinda az çeşiddə istifadə olunan dərmanların qıtlığı var: "Eyni zamanda ikinci və təhlükəli bir dalğanın gəlişi gözlənilir. Bunları nəzərə alaraq təcili alınmalıdır. Belə hallarda sonradan istifadə olunmasa belə bu kimi vaksinlər mütləq səhiyyəmizin depolarında olmalıdır".

Qorxmaz İbrahimli qeyd edib ki, karantin müddəti dövlətimizə zərər vurub, bunların hamısını hesablayaraq gecikmədən hərəkət etməlidirlər.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə