Çimərliklərdəki yoluxma riski digər kütləvi toplanma yerlərindən daha yüksəkdir Professor

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma sayındakı sıçrayışlı artım sözün əsl mənasında həyəcan təbilidir. Nəticələr göstərir ki, bu artım davam edəcək. Yoluxmanın əsas mənbələrindən biri də çimərliklərdir. Bu fikirləri açıqlamasında türkiyəli professor, tibb elmləri doktoru, tanınmış ictimai xadim İbrahim Öztək ifadə edib.

Çimərliklərdə sosial məsafənin qorunması və maska taxmağın mümkünsüz olduğunu diqqətə çatdıran professor deyib: “Zənnimcə Ümumdünya Səhiyyə Təşkilatı ən qısa zamanda çimərliklər üçün xüsusi bir tövsiyə hazırlamalıdır. Maska ilə suya girmək mümkünsüzdür. İnsanlar heç bir halda belə etmirlər. Digər tərəfdən çimərlik sahilləri daim küləklidir. Həzin meh belə nəfəs yollarında ayrılan virusu sürətlə ətrafa yayır. Xəstə insanların bədənindən ayrılan su damcıları yoluxma mənbəyidir. Bu məkanda yoluxma riskini artıran bir neçə ciddi məqam var. Bütün bunlar deməyə əsas verir ki, çimərliklərdəki yoluxma riski digər kütləvi toplanma yerlərindən daha yüksəkdir”.

Avqustun 4-də Türkiyə üzrə virusa yoluxduğu aşkar edilən xəstə sayının bir gün əvvəlki göstəricidən 88 nəfər çox olduğunu diqqətə çatdıran İbrahim Öztək deyib ki, Qurban bayramı günlərində kütləvi toplaşma və ünsiyyətə qarşı qoyulan məhdudiyyətlərə əməl edilməməsi Türkiyənin koronavirusla mübarizədə əldə etdiyi uğurlara mənfi təsir göstərib. Çimərliklərdə və toylardakı vəziyyət və bayram günlərində məhdudiyyətlərə əməl edilməməsi qarşıdakı həftələrdə özünü daha qabarıq göstərə bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə