"Vətəndaşlarımız qəbul edilən qərarlara əməl etməlidirlər” AÇIQLAMA-ÖZƏL

"Ölkəmizdə koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən qabaqlayıcı tədbirlərdə əsas məqsəd hər bir vətəndaşın özünü virusdan qorumasıdır. Qorumaq deyəndə respirator xəstəliyin əlamətləri müşahidə olunan insanlardan mümkün qədər uzaq durmaq, onlarla təmasdan qaçmaq, ictimai nəqliyyatdan az istifadə etmək, kütləvi tədbirlərə qatılmamaq, xüsusi zərurət olmadan qonşuya, qohum evinə gedib-gəlməkdən çəkinmək nəzərdə tutulur". Bu fikirləri SİA-ya açıqlamasında Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev deyib.

O bildirib ki, əllərimizin təmiz saxlanılması ən vacib amillərdən biridir: "Gündəlik fəaliyyətimizdə çoxlu sayda əşyalara toxunduğumuzdan həmin anda əllərin sabunlu su ilə yuyulması zəruridir. Əgər belə imkan yoxdursa, üstünüzdə bir dezinfeksiyaedici məhlul olmalıdır. Bu da olmadıqda ən azı 70 faizlik spirtli məhlulla əllərin silinməsi, gigiyenik qaydaların gözlənilməsi zəruridir".

Baş infeksionistin sözlərinə görə, ən çox təbii qidalardan istifadə olunmalıdır: "Qida rasionunda meyvə-tərəvəzə üstünlük verilməli, eyni zamanda 8, ən azı 7 saatlıq yuxu rejimi gözlənilməlidir. Oturaq həyat tərzi keçirmək düzgün deyil. Zərurət yaranmadıqda kompüterlə, telefonla məşğul olmamaq, mənzillərin və iş otaqlarının havasını tez-tez dəyişmək məsləhət görülür".

Həkim qeyd edib ki, müşahidələr, statistik araşdırmalar xəstələnənlərin bir faizinin 1 yaşdan 19 yaşa qədər, 80 faizdən çoxunun isə 50 yaşdan yuxarı olan insanların təşkil etdiyini göstərir: "Ağırlaşma da daha çox yaşlı insanlarda baş verir. Bu da yaşlı insanlarda zaman keçdikcə immun sisteminin zəifləməsi, onlarda hər hansı yanaşı xroniki xəstəliyin olması ilə bağlıdır. Yəni xroniki xəstəliyi olan insanlarda bu xəstəliyin ağır keçmə ehtimalı sağlamlığı normal olan insanlarla müqayisədə daha yüksəkdir. Ona görə də yaşlı insanlar özlərini gözləməlidirlər. Dövlət tərəfindən bununla bağlı çoxsaylı tədbirlər işlənib hazırlanır. Vətəndaşlarımız qəbul edilən qərarlara əməl etməlidirlər".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...