"Zərifə xanım oftalmoloqlar üçün həmişə örnək olacaq"

"Zərifə xanım oftalmoloqlar üçün həmişə örnək olacaq"

“Zərifə Əliyeva Azərbaycan elmini yüksəklərə qaldırıb, elmimizi dünya elminə çatdırıb”. SİA-nın xəbərinə görə, bu fikirləri Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, tibb üzrə elmlər doktoru, professor Elmar Qasımov deyib.

Bu gün Azərbaycan elminin bayramı olduğunu dilə gətirən mərkəz direktoru söyləyib ki, akademikin bir çox elmi əsərləri oftalmoloqların stolüstü kitabına çevrilib.

“1940-50-ci illərdə Azərbaycanda traxoma xəstəliyi sürətlə yayılırdı. Onun Azərbaycanda bu xəstəliyi aradan qaldırmasında böyük rolu olub. O, peşə patologiyası ilə də məşğul olub. Zərifə Əliyeva zərərli maddələrin görmə orqanlarına təsirini öyrənib. Görkəmli akadeik bu işlərin sonu kimi Moskavada kimya sənayesi üzrə görmə orqanlarının patologiyası üzrə elmi iş müdafiə edib”, - deyə E. Qasımov vurğulayıb.

Onun sözlərinə görə, Zərifə Əliyeva oftalmologiya sahəsinin fədaisi olub: “Onun ən böyük arzusu Azərbaycanda Oftalmologiya Mərkəzi açılması və bura başqa ölkə nümayəndələrinin müalicə üçün gəlməsi idi. Bu gün biz fəxrlə deyə bilərik ki, mərkəzdə savadlı gənc həkimlər çalışır. Artıq bizləri bütün dünya tanıyır. Səyyar klinika vasitəsilə 10 il ərzində 36 min xəstəyə baxış keçirilib. 1 ildə bizə 106 mindən çox xəstə müraciət edir. Bu gün mərkəzdə bütün əməliyyatları həyata keçirmək mümkündür”.

E. Qasımov əlavə edib ki, Zərifə xanımın elmi istiqamətləri bütün oftalmoloqlar üçün həmişə örnək olacaq.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə