Lənkəranda doğuş zamanı baş verən ölümün əsas SƏBƏBLƏRİ

Lənkəranda doğuş zamanı baş verən ölümün əsas SƏBƏBLƏRİ

Xəbər verildiyi kimi, Lənkəran rayon Mərkəzi Xəstəxanasında doğuş zamanı ölüm hadisəsi baş verib. Belə ki, Məmmədova Alidə Tofiq qızı ötən gün Lənkəran Mərkəzi Rayon Xəstəxanasının Doğum şöbəsinə yerləşdirildikdən sonra vaxtından əvvəl bir qız, bir oğlan dünyaya gətirib. Əkizlər bu gün səhər saatlarında dünyalarını dəyişiblər.

SİA əkizlərin ölüm səbəbini araşdırmağa çalışıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilib ki, Masallı rayonunun Türkoba kənd sakini, 1991-ci il təvəllüdlü Alidə Tofiq qızı Məmmədovanın hamiləliyinin 7-ci ayında səhhətində problemlər yaranıb: “Ötən gün Lənkəran rayon doğum şöbəsinə açılışla gətirilən A.Məmmədova əməliyyat edilib və onun bətnində 800-900 qramlıq uşaqlar xaric edilib. Aparılan tədbirlərə baxmayaraq, bu gün səhər saatlarında hər iki uşaq ölüb. Hazırda ananın səhhətində heç bir problem yoxdur. Onun vəziyyəti stabildir. Uşaqların meyiti müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib”.

Səhiyyə Nazirliyin Doğuşayardım Komissiyasının sədri, respublikanın baş mama-ginekoloqu Sevinc Məmmədova isə açıqlamasında bildirib ki, Məmmədova Alidə Tofiq qızı xəstəxanaya yerləşdirildikdə onun yüksək təzyiqi olub: “Xəstənin səhhəti ilə əlaqədar olaraq həkimlər doğuşu vaxtından əvvəl gerçəkləşdirmək məcburiyyətində qalıblar. Görülən tədbirlərə baxmayaraq, uşaqların həyatını xilas etmək mümkün olmayıb”.

Qeyd olunub ki, bu, Məmmədova Alidə Tofiq qızının ikinci hamiləliyidir və bundan öncə qadının 2016-cı ildə dünyaya gətirdiyi uşaq da xəstəxanada tələf olub.

Məlumat üçün nəzərinizə çatdıraq ki, Respublikamızda həyata keçirilən bu tədbirlərin nəticəsində ana və uşaqların sağlamlığını xarakterizə edən göstəricilərdə müsbət dinamika əldə edilib. Belə ki, respublikada son 3 ildə diri doğulmanın beynəlxalq meyarları tətbiq olunur. Bu günə qədər 1000 qramdan az çəki ilə doğulmuş 332 körpədən 111-ni xilas etmək mümkün olub.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə