Körpələrin düzgün qidalandırılması ilə bağlı təlimlər keçirilir

Səhiyyə Nazirliyi ilə BMT-nin Uşaq Fondu (UNICEF) arasında birgə 2016-2017-ci illər üçün Dövri İş Planının icrası məqsədilə təlimlərə başlanılıb. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, təlim proqramının əsas məqsədi standart yanaşmanın formalaşdırılması vasitəsilə tibb işçiləri tərəfindən analara körpənin qidalandırılmasına dair verilən məsləhətlərin və göstərilən xidmətlərin keyfiyyətinin artırılmasıdır.

Oktyabr-dekabr aylarında Quba, Şəki və Lənkəran rayonlarında körpə və erkən yaşlı uşaqların qidalanmasına dair pediatrlar və neonatoloqlar üçün təlimlərin keçirilməsi planlaşdırılır.

Həmçinin, Səhiyyə Nazirliyinin BMT-nin Uşaq Fondu ilə birgə 2016-2017-ci illər üçün Dövri İş Planının icrası məqsədilə 2017-ci il ərzində yerli mütəxəssislər tərəfindən körpə və erkən yaşlı uşaqların qidalanmasına dair həkim-pediatrlar üçün beynəlxalq tövsiyələr və dünya təcrübəsinə əsaslanan təlim materialları, proqram və təlim vəsaiti hazırlanmışdır. Burada xüsusi diqqət ana südü ilə qidalanmaya, onun ana və körpənin sağlamlığına verə biləcəyi töhfələrə ayrılır, həkimlərin bu istiqamətdə göstərdiyi xidmətlər, verdiyi məsləhətlər geniş müzakirə edilir.

Eyni zamanda, Səhiyyə Nazirliyi və BMT-nin Uşaq Fondu arasında 2016-2017-ci illər üçün Dövri Fəaliyyət Planına uyğun olaraq Ankara Universitetinin mütəxəssislərini cəlb edərək Azərbaycanda erkən yaşlı uşaqların inkişafının monitorinqi üzrə mütəxəssislərin hazırlanması həyata keçirilir.

Layihə çərçivəsində beynəxalq mütəxəssislərin iştirakı ilə Azərbaycanda fəaliyyət göstərən həkim-pediatrlar üçün uşağın inkişafının izlənilməsi, inkişafdan geriləmə hallarının erkən aşkarlanması və müdaxiləsi üzrə müvafiq təlim materialları hazırlanıb.

Hazırda yerli təlimçilər tərəfindən okyabr, noyabr və dekabr aylarında Quba, Şəki və Lənkəranda həkim-pediatrlara və uşaq nevropatoloqlarına təlimlərin keçirilməsi planlaşdırılır. Bu təlimlərə 27 oktyabr tarixində start veriləcəkdir.

Təlimçi qismində Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri təkmilləşdirmə İnstitutunun və digər müəssisələrin əməkdaşları çıxış edəcəklər.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə