Mehriban tibb bacıları

Təranə İsmayılova: “Məni həyatda oxuduğum kitablar formalaşdırıb”

Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının baş həkimi Rauf Sadıxovla müsahibə aparanda, o, çox maraqlı bir fikir dedi: “Bizim xəstəxanada öz peşəsinin yüksək ixtisaslı kadrı olan həkimlər və tibb bacıları çoxdur. Həm də kollektivimiz arasında mehribançılıq o qədər yüksəkdir ki, hamı bir-birini yarım sözdən başa düşür. Məhz buna görə də təkcə Sumqayıtdan, Bakı kəndlərindən yox, respublikanın hər yerindən xəstələr bura çox gəlir və burada yüksək səviyyədə şəfa tapırlar”.

Bu yaxınlarda Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının fizioterapiya şöbəsində olanda Rauf həkimin dediklərinin tam şahidi oldum. Bu şöbədə işləyənlər - Təranə İsmayılova, Xəyalə Quliyeva, Natiqə Cəfərova həqiqətən də öz işlərinin peşəkar mütəxəssisi olmaqla yanaşı, bura gələn və onlara müraciət edən xəstələri elə mehribançılıqla, xoş əhval-ruhiyyə ilə qarşılayır, yüksək səviyyədə müalicə edirdilər ki, hamı onlardan razılıq edirdi. Hətta valideynlər öz uşaqlarını müalicə olunmaq üçün Üşaq Xəstəxanasına yox, məhz onların yanına gətirirdilər. Mən burada müalicə olunduğum 10 gün müddətində bunun tam şahidi oldum və xəstələrin, onların valideynlərinin bu xanımlar haqqında dediyi xoş sözləri eşitdim. Ona görə də belə qərara gəldim ki, bu mehriban tibb bacıları ilə çoxminli oxucularımızı da yaxından tanış edim. Çünki bu gün insanlarımızın çoxunun xəstəxanalar və orada çalışan işçilər haqqında fikirləri elə də tam müsbət deyil...

Xəyalə Quliyeva Laçın rayonunun Mığıdərə kəndində anadan olub. Bu rayon erməni gavurları tərəfindən 18 may 1992-ci ildə işğal olunandan sonra onların ailəsi Sumqayıtda məskunlaşıb. Balaca Xəyalə də birinci sinifə Sumqayıtda məskunlaşan Laçın rayon məktəbində gedib. Orta məktəbi burada başa vuran Xəyalə xanımın arzusu müəllimə olmaq olub, amma Pedaqoji Universitetə qəbul ola bilməyib. Sənədlərini Sumaqyıt Tibb Kollecinə verib və qəbul olub. Kolleci tibb bacısı kimi bitirən Xəyalə xanımın ilk iş yeri elə 2011-ci ildən Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanası olub. Öz işinin yaxşı mütəxəssisi olduğunu görən xəstəxana rəhbərliyi Xəyalə xanıma fizeterapiya şöbəsinə rəhbərlik etməyi tapşırıb.

Söhbət əsnasında Xəyalə Quliyeva belə dedi:

- Bizim işimiz xəstələri aparatlarla fizioterapiya üsulu ilə müalicə etməkdir. Hər gün bura 60-dən çox insanlar gəlir. Bunların içərisində yaşlılar, cavanlar və uşaqlar da var. Hər biri də ayrı-ayrı xasiyyətdə. Onların içərisində xəstəlikdən əziyyət çəkən insanlar daha çoxdur. Bu adamlar da səbirsiz olurlar. Biz də səbrlə onları müalicə edirik. Onlar sağalandan sonra bizə öz təşəkkürlərini bildirirlər. Sonra öz yaxın qohumlarını, uşaqlarını da gətirirlər ki, onları da məhz biz müalicə edək. Yaşlı insanalara isə daha çox səbrlə, diqqətlə yanaşırıq. Çünki bilirik ki, onlar daha çox səbirsiz və inamsız olurlar. Bizim mehribançılığımızı görən uşaqlar da bizə çox meyilli olurlar. Onlar müalicə olunub gedəndən sonra gələn il valideynlərini məcbur edirlər ki, biz yalnız Xəyalə xanimin, Təranə xanımın, Natiqə xanımın yanına getmək istəyirik.

Rauf həkim də bizə tez-tez deyir ki, “xəstələrlə mehriban rəftar eləyin. Çünki xəstələr sizin yanınıza şəfa tapmaq ümidi ilə gəlirlər. İlk növbədə siz xəstələri öz sözlərinizlə müalicə eləməlisiz. Siz onlarla nə qədər mehriban danışsanız, onlarla nə qədər səmimi olsanız, onda xəstələrin sizə inamı daha çox olar”. Bu xəstəxana mənə bir də ona görə əzizdir ki, qaynanam Dostuxanım Quliyeva 47 il burada laboratoriyada işləyib. İndi təqaüddədir. O, bura gələndə işçilər və xəstələr onu elə mehriban qarşılayırlar, adam yaxşı mənada həsəd aparır. Mən də istəyirəm ki, onun kimi hörmət qazanım və mən də təqaüdə çıxanda həm xəstələr, həm də işçilər məni belə qarşılasınlar.

Bizim şöbədə texniki sahədə işləyən Dilşad Qurbanova da artıq tibb sahəsini elə mükəmməl bilir ki, hətta yeri gələndə xəstələrə gözəl məsləhətlər verir. Lazım olanda yüksək səviyyədə fizioterapiya da aparır. Biz, ona sağ əlimiz deyirik. O, hərtərəfli və insanları yarım sözdən başa düşən insandır.

Sizin qəzet vasitəsi ilə bir istəyimi də bildirmək istəyirəm. Baxmayaraq ki, mənim ömrümün çox hissəsi Sumqayıtda keçib. Cəmi 6 il Laçında yaşamışam. Amma evimizdə tez-tez Laçın haqqında söhbət olur. Çox böyük arzusundayam ki, Laçın tezliklə erməni gavurlarından təmizlənsin və biz yenidən həmin yerlərə qayıdaq. Çünki Laçınla bağlı söhbət düşəndə mənə çox pis təsir edir və istəyirəm ki, valideynlərimin, qardaş və bacımın dedikləri yerləri gedib öz gözlərimlə görüm.

Təranə İsmayılovanın dediklərindən:

-1983-cü ildə Sumqayıt Tibb Kollecini bitirəndən sonra təyinatla Sumqayıt Bərpa Müalicəsi Xəstəxanasına göndərilmişəm. Üç il təyinat müddətim bitəndən sonra taleyimi Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanası ilə bağlamışam. Həmin vaxtı bu xəstəxanaya məşhur cərrah və respublikada tibb sahəsində böyük işlər görmüş, tibb sahəsinin alimi İzzət Sadıxov rəhbərlik edirdi. Biz yaşlı insanlar burada onun məktəbini

keçmişik. Öz işimizin səlis bilicisi olmağa bizi məhz İzzət həkim həvəsləndirib. Mən bir müddət terapiya şöbəsində tibb bacısı işlədim. Amma massaj işinə əvvəldən böyük həvəsim olduğuna görə fizioterapeya şöbəsinə keçib massajist işləməyə başladım. Uzun illərdir ki, bu şöbədə çalışıram. İnsanlarla tez dil tapmağımın, onların xarakterini tez öyrənməyimin əsas səbəblərindən birini də mən, mütaliəni çox sevməyimdə görürəm. Bu, bəlkə də Allahın mənə verdiyi ən böyük vergidir. Azərbaycan klassiklərindən tutmuş dünya klassiklərinə və müasir yazıçıların əsərlərinə kimi minlərlə kitablar oxumuşam. İndi də hər gün kitab oxuyuram. Bügünkü cavanların kitab oxumaması mənə çox pis təsir edir. Onların çoxu nəinki xarici klassikləri, heç öz klassik yazıçılarımızı belə tanımırlar. Bu, doğrudan da böyük faciədir. Bütün bu nadanlıq da, çoxlu cinayət hadisələrinin törəməsi də məhz cavanların bədii əsərlər oxumamasından irəli gəlir. Məni həyatda oxuduğum həmin kitablar formalaşdırıb. Öz işimi kamil öyrənməyə həvəsləndirib və insanlara sevgini də kitablar yaradıb. İnsanların qulluğunda durmağı özümə borc bilirəm. Yəqin elə buna görədir ki, mənə xəstələr daha çox müraciət edir. Təkcə xəstələr yox, hətta onlarla gələn insanlar da mənə tez-tez müraciət edib, məsləhətlər alırlar. Belə məqamda kitablardan özüm üçün əxz elədiyim bilik, burada yaxşıca köməyimə gəlir.

Mən bir məsələni də vurğulamaq istəyirəm ki, Rauf həkim də atasının yolunu uğurla davam etdirir. Onlarda insana təmənnasız yaxşılıq eləmək irsən keçib. Bu ailənin keçmiş başçısı dünyasını dəyişsə də, ailənin böyük oğlu atanın qoyduğu işi və yolu uğurla davam etdirir. Hər bir işçi də öz problemlərini istənilən vaxt ona deyə bilir və Rauf həkimdən lazım olan ağıllı məsləhətləri də ala bilir. Yəqin elə bu mehribançılığa görədir ki, xəstəxanamıza müraciət edən xəstələrin sayı həddindən artıq çoxdur.

Natiqə Cəfərova Ermənistandakı bizim dədə-baba torpaqlarımız olan Sisyan rayonunun Ağdü kəndində anadan olub. Sonra ailələri Sumqayıta köçüb və Natiqə xanım da Sumqayıtdakı 15 nömrəli tam orta məktəbdə təhsil alıb. Arzusu həkim olmaq olub. Amma Tibb Universitetinə daxil ola bilməyib və təhsilini Sumqayıt Tibb Kollecində davam etdirib. Təyinatla Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsində işə başlayıb. 10 il burada işləyəndən sonra fizeoterapiya şöbəsində tibb bacısı kimi öz işini davam etdirməyə başlayıb. O, öz işindən razılıq edir. Söhbət əsanasında öz işi və xəstələrlə bağlı Natiqə xanım belə dedi:

-İşlədiyim bu 15 il müddətində həm reanimasiya və həm də bu şöbədə müxtəlif xarakterli çoxlu xəstələrlə və onların qohumları ilə rastlaşmışam. İlk öncə çalışıram ki, xəstələri diqqətlə dinləyim. Onların problemini öyrənim və sonra müalicə eləyim. Əlbəttə, axır vaxtlar problemlər çoxaldığına və dünyada dəhşətli hadisələr baş verdiyinə görə xəstəliklərin və xəstələrin də sayı artıb. Bizim hamımızın arzusu budur ki, insanlar xəstələnməsin. Onlar bura yalnız bizimlə görüşməyə, fikir mübadiləsi aparmağa gəlsinlər. Axırıncı 20 ildə insanların çoxunun xəstələnməsini mən stressdə görürəm. Stress də əsasən ondan yaranır ki, torpaqlarımızın 20 faizi işğal altındadır. 1987-ci ildən başlayaraq Ermənistandakı dədə-baba yurdlarımızdan və Qarabağ kimi cənnətməkan yerlərimizdən bir milyondan çox insanlarımız qaçqın, kökgün olublar. Bax bu da böyük problemlər yaradıb. Əsasən də insanların səhhətində xəstəliklər çoxalıb. Adi bir misal deyim.

Baxmayaraq ki, mənim həyatım Sumqayıtda keçib, amma hər il yay vaxtları biz Ağdüdə dincəlirdik. Oradakı Əlimərdan bulağını, dağları, nənəmgilin həyətini tez-tez xatırlayıram. Amma orada həyətının böyük hissəsini keçirən insanlar, əlbəttə ki, həmin yerləri xatırladıqca sstreslər keçirirlər. Mənim tibb işçisi kimi həmin insanlara bir məsləhətim var. Bir qədər səbirli olsunlar və öz sağlamlıqlarını qorusunlar. Yəqin ki, biz tezliklə həmin yerlərə qayıdağağıq... Qarabağda da, Ermənistandakı dədə-baba yurdlarımızda da tezliklə Azərbaycanın üç rəngli bayrağı dalğalanacaq. Çünki bizim müdrik, ağıllı siyasət aparan, xalqını düşünən, xalqın problemlərini həll etməyə çalışan ölkə başçımız və qüdrətli ordumuz var. Yəqin ki, ali baş komandanımızın rəhbərliyi ilə qüdrətli ordumuz tezliklə həmin yerləri geri qaytaracaq. Mənim kimi milyonlarla insanlarımız da buna inanır və həmin günü gözləyirlər. 2016-cı ilin aprel ayında biz bunun tam şahidi olduq. Tezliklə torpaqlarımızın bütövlüklə azad olunmasının da şahidi olacağıq.

Ağalar İDRİSOĞLU

Əməkdar incəsənət xadimi

Bütün xəbərlər Facebook səhifəmizdə