Səhiyyə Nazirliyinin “Qaynar xətt”inə 40 mindən çox müraciət daxil olub

Səhiyyə Nazirliyinin “Qaynar xətt” xidmətinə bu günə qədər 40 mindən çox müraciət daxil olub. SİA-nın xəbərinə görə, bunu Səhiyyə Nazirliyinin Elektron Səhiyyə Mərkəzinin koordinatoru Nailə Daşdəmirova deyib. O bildirib ki, müraciətlərin əksər hissəsi sorğu xarakterli - əhalinin yaşadığı ərazi üzrə harada tibbi qeydiyyata alınması, hansı tibb müəssisələrinin necə fəaliyyət göstərməsi, imtiyazlı insanlar üçün siyahıda olan dərman preparatı ilə əlaqəli olub.

N. Daşdəmirova qeyd edib ki, vətəndaşlar səhiyyə müəssisələri barədə arayışların verilməsi, tibbi qeydiyyat, dövlət proqramları, dərman təminatı və müxtəlif məsələlər barədə suallarına cavab alırlar: “Xidmət yarandığı zaman şikayət xarakterli müraciətlərin sayı çox olsa da, hazırda belə müraciətlərin sayı azalıb. Son zamanlar sorğu xarakterli müraciətləri sayı daha çox artıb. Vətəndaşların şikayət xarakterli müraciətləri daha çox tibb müəssisələrinin fəaliyyəti barədə olub. Çox təəssüf ki, hələ də əhalinin tibbi maarifləndirilməsinə böyük ehtiyac var. Hər bir vətəndaşın müayinəsi həkim-mütəxəssis tərəfindən aparılmalıdır. Bəzən vətəndaşlar özləri-özlərinə tibbi müayinə təşkil edir. Məsələn, maqnit rezonans tomoqrafiya hazırda geniş yayılıb. Hər bir vətəndaş müraciət edərək bu xidmətdən istifadə etmək istədiyini bildirir. Amma təəssüf ki, onun əks göstərişləri, zərəri barədə əhalidə məlumat yoxdur. Mütləq əhali üçün hansısa müayinəyə təyinat həkim-mütəxəssis tərəfindən verilməlidir ki, sonradan heç bir problemlər olmasın”.

Bütün xəbərlər Facebook səhifəmizdə