Naxçıvanda səhiyyə ocaqlarının sertifikasiya prosesi davam etdirilir
Naxçıvan Muxtar Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesi davam etdirilir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən azərtac-a bildirilib ki, Naxçıvan Muxtar Respublika Xəstəxanasının elektron zalında keçirilən sertifikasiya imtahanlarının növbəti mərhələsində muxtar respublikanın səhiyyə müəssisələrində çalışan orta tibb işçiləri biliklərini sınayıblar.
Nazirliyin tibbi yardımın təşkili şöbəsinin müdiri, sertifikasiya şurasının sədr müavini Süleyman Cəfərov tədbirdə çıxış edərək bildirib ki, sertifikasiya imtahanları xəstəxananın yeni binasındakı elektron zalda aparılır. Elektron zalda server xidməti ilə birgə 31 kompüter qurulub. Kompüter proqrama uyğun olaraq ümumi sual bankından iki müxtəlif variantda 60 test və 5 klinik tapşırıq sualını seçir. Bu, imtahanların aşkarlıq və şəffaflıq şəraitində keçirilməsini təmin edir.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində test imtahanı üçün əvvəlcədən suallar tərtib edilərək kompüterə yerləşdirilib. Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Naxçıvan Muxtar Respublikası Regional Bölməsinin nümayəndəsinin iştirakı ilə test bankından hər variant üzrə 60 sual seçilərək imtahanda iştirak edən orta tibb işçilərinə təqdim olunub, eyni zamanda, yazılı olmaqla müsahibə mərhələsinin də sualları paylanılıb. Cavablandırma qaydaları izah edilib. Məxfiliyin gözlənilməsi məqsədilə müsahibə sual kartlarında imtahan verənin adı-soyadı yox, kod nömrəsi əksini tapıb. Üç saat davam edən imtahanın gedişi imtahan-nəzarət komissiyası tərəfindən izlənilib. İmtahan suallarının test hissəsi üzrə cavab kartlarının yoxlanması kompüterlə, klinik hissəsi üzrə cavabların qiymətləndirilməsi isə mütəxəssislərin iştirakı ilə aparılıb.
İmtahanlara cəlb olunan 92 tibb işçisindən 83-ü növbəti mərhələdə iştirak edib. İmtahan suallarının test hissəsi üzrə 40 və ya daha çox, klinik tapşırıq hissəsi üzrə isə 16 və ya daha çox bal toplamış 55 orta tibb işçisi sertifikasiyadan keçərək 5 il müddətində müvafiq ixtisas üzrə praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ qazanıb. 28 nəfər isə zəruri həddi keçə bilməyib. Sertifikatlaşdırma imtahanlarında uğurlu nəticə əldə edə bilməyən orta tibb işçiləri ixtisaslarına uyğun hazırlıq kurslarına cəlb olunacaqlar. Onlar altı ay müddətində iş yerləri saxlanılmaqla müvafiq peşə hazırlığı keçəcək, sonra yenidən sertifikatlaşdırma imtahanlarında iştirak edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB