Baş pediatr: “Uşaqların peyvənd olunması vacibdir” AÇIQLAMA

Baş pediatr: “Uşaqların peyvənd olunması vacibdir” AÇIQLAMA

"Uşaqlar vaxtı vaxtında peyvəndə cəlb olunmalıdır ki, immunitetləri möhkəm olsun. Uşaqların icbari dispanzerizasiyası haqqında qanuna əsasən uşaqların peyvənddən yayınmasının məsuliyyəti valideynlərin üzərinə qoyulur". Bunu SİA-ya açıqlamasında Respublikanın baş pediatrı Nəsib Quliyev deyib.

O bildirib ki, uşaqların peyvənd olunması vacib məsələlərdən biridir: "Valideyn peyvənddən imtina edirsə, ondan bunun səbəblərini göstərən yazılı izahat tələb olunmalıdır. Bu məsələdə valideyn də, həkim də cavabdehdir. Uşaqların icbari dispanzerizasiyası haqqında qanunda da ən vacib məsələlərdən biri uşaqların peyvəndi işinin təşkili və onun inkişafıdır".

Azərbaycanda valideynlərin peyvəndə birmənalı münasibət göstərmədiyini qeyd edən N. Quliyev qeyd edib ki, vaksinasiyadan qaçmaq məntiqə uyğun deyil: "Dünyada tibb mütəxəssisləri arasında peyvəndə qarşı fərqli münasibət olmasa da, nədənsə Azərbaycanda valideynlərin peyvəndlə bağlı fikirləri çox müxtəlifdir. Çox təəssüf ki, bəzi valideynlərimiz hətta peyvəndə inanmadıqlarını da bildirirlər. Amma bu çox gülməlidir. Çünki peyvənd dünyada VII əsrdən başlayaraq insan cəmiyyətində tətbiq olunmağa başlayıb və bu günə qədər onun alternativi yoxdur".

Ümumilikdə ölkədə peyvəndlərin vurulması ilə bağlı vəziyyətin normal olduğunu deyən baş pediatr vurğulayıb ki, vaksinasiya ilə əlaqədar təbliğata yenə də ehtiyac var: "Bu işdə tibb işçiləri ilə yanaşı media nümayəndələri də təbliğat aparmalıdırlar. Lakin çox təəssüf ki, bəzi media nümayəndələri bu məsələyə qeyri-peşəkar yanaşaraq əks-təbliğat etməyə çalışırlar ki, bu da bizim üçün müəyyən problemlər yarada bilir. Jurnalistlərin belə hallara yol verməməlidirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə