"Xorvatiya ilə birgə dərman zavodu yaratmaq üçün real əsaslar var" AÇIQLAMA
"Xorvatiya ilə birgə dərman müəssisəsi yaratmaq həm dərmanlarımızın dünya bazarına çıxarmaq, həm keyfiyyətli dərman istehsalı, həm də qiymətlərin münasib olması baxımından faydalı ola bilər". Bunu SİA-ya açıqlamasında Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Musa Quliyev deyib.
Xorvatiyanın dərman istehsalı sahəsində böyük təcrübəsi olduğunu deyən, millət vəkili söyləyib ki, sözügedən ölkə həm keyfiyyət, həm də çeşidinə görə güclü dərman sənayesi ilə fərqlənir: "Dünyanın tanınan, avropa standarlarına uyğun dərman zavodları Xorvatiyada yerləşir ki, onlar Azərbaycanla birgə zavodlar qurmağa maraqlıdırlar".
Hazırda Azərbaycanda Pirallahı qəsəbəsində dərman zavodunun tikintisinə başlandığını deyən millət vəkili söyləyib ki, bir neçə belə zavodun olması ölkəmiz üçün lazımlıdır: "Ölkədə dərman zavodlarının çox olması ölkədaxili istehsalda sağlam rəqabəti artıracaq, dərman idxalçısından, dərman ixracatçısına çevrilmək imkanımız olacaq. Bu səbəbdən də Xorvatiya ilə əməkdaşlığımıza real əsaslar var".
M. Quliyev vurğulayıb ki, əgər belə müəssisə yaradılsa, onun Azərbaycanda yaradılması daha məqsədə uyğundur: "Xorvatiya ilə birgə dərman zavodunun bizdə olması dərman vasitələrinin maya dəyərinin aşağı düşməsi, həmçinin yeni iş yerlərinin açılması baxımından sərfəlidir. Ölkə başçısının sərəncamı ilə ölkəmizdə bir neçə sənaye texnoloji parklar yaradılıb ki, onlarda vergi və rüsumla bağlı bır sıra üstünlüklər var. Belə bir dərman zavodu həmin texnoparkların ərazisində açılsa, həm qiymət, həm də müvafiq ərazilərdəki işçi potensialımızdan istifadə baxımından mühüm ola bilər. Dərman istehsal edərkən, təkcə zavodda işləmək üçün deyil, onun distribütorlarında çalışacaq, dərmanların rayonlara çatıdırılması, təşkili həmçinin ölkədən kənara çıxarılması üçün də bizə işçilər və kadrlar lazım olacaq. Bu mənada sözügedən zavodun bizim ölkəmizdə istehsal olunması bizim üçün daha maraqlıdır. Təbii ki, buarada Xorvatiyanı da maraqlandıran məsələlər var. Xorvatiya hər iki ölkənin birgə istehsal etdiyi dərmanları Şərq ölkələrinə çatdırmaq imkanı əldə edəcək. Azərbaycanın qədim İpək Yolunu bərpa edən və onun mərkəzində dayanan ölkə olduğunu, Çindən Finlandiyaya qədər, ilin sonunadək fəaliyyəti başlanacaq Bakı-Tbilisi-Qars dəmir yoluna malik olduğumuzu nəzərə alsaq, həmin dərmanların düyanın müxtəlif nöqtələrinə çatdırmaq imkanımızın geniş olduğunu göstərmək olar. Təbii ki, bu Xorvatiya üçün də maraqlıdır".
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev Bakıda keçirilən Azərbaycan-Xorvatiya biznes forumunda çıxışında bildirib ki, Xorvatiya ilə dərman istehsalı sahəsində birgə müəssisələrin yaradılması faydalı olar"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB