Bu gün 11 iyul- Dünya Əhali Günü münasibətilə A.H. Kazımov adına 1 saylı şəhər poliklinikasında ölkəmizdə ahıl insanlara göstərilən səhiyyə xidmətinin təşkili mövzusuna həsr edilən dəyirmi masa keçirilib. SİA-nın xəbərinə görə tədbirdə ilk çıxış edən poliklinikanın baş həkimi Kübra Cabarova ölkəmizdə səhiyyə sahəsinə göstərilən diqqət və qayğıdan danışıb.
O bildirib ki, hazırda istənilən tibbi müəssisəsinə daxil olarkən dövlətin bu sahəyə göstərdiyi qayğını görməmək mümkün deyil. Onun sözlərinə görə, göstərilən diqqətin sayəsində sadəcə həkimlər daha məsuliyyətli olmalıdır: "Bu gün bütün klinikalarda xəstələrin müayinəsi üçün lazımı şərait yaradılıb. Burada əsas məqam həkimlərin vicdanlı olmasıdır. Biz öz işimizi vicdanla yerinə yetirməliyik ki, heç bir şikayət olmasın".
Ahılların sağlamlığının qayğısına qalmaq dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri olduğunu deyən baş həkim vurğulayıb ki, cəmiyyətdə 3 həssas təbəqə var ki, onlardan da biri məhz ahıllardır: "Poliklinikamızda 16500 xəstənin 1613- nü ahıllar təşkil edir. 8 ahıl daim poliklinikamızın nəzarətindədir".
Daha sonra çıxış edən Ş.Həsənov adına "Sağlamlıq Zonası" Sağalma və Reabilitasiya Poliklinikasının baş həkimi Məsməxanım Məcidova söyləyib ki, ahıl insanlara göstərilən səhiyyə xidməti bir neçə istiqamətdə aparılır: "Belə ki, əhalinin digər təbəqələri kimi bütün ahıllara Dövlət tibb müəssisələrində tibb xidməti göstərilir. Belə ki, ilkin səhiyyə strukturu olan ərazi poliklinikalarına müraciət edən bütün ahıllar qeydiyyatdadırlar, orada onlar müayinə olunaraq ixtisaslaşmış müalicə almaq üçün "Sağlamlıq sahəsi" poliklinikasına göndərişlə göndərilir. məqsədlə "Sağlamlıq sahəsi" şəhər poliklinikaları ilə sıx əlaqə saxlayaraq ərazi üzrə ahıl insanların "Sağlamlıq sahəsi"nə ixtisaslı heriatrik müalicə alması üçün göndərilməsini təşkil edir".
Onun sözlərinə görə, herontologiya sahəsində görülən işin həcmini genişləndirmək məqsədi ilə mütəmadi olaraq əvvəlcədən şəhər poliklinikalarında elan verməklə "Açıq qapı" aylığı keçirilir və poliklinikalardan göndərilən xəstələrə heriatrik tibbi xidmət göstərilir: "Açıq qapı" aylığı zamanı Bakı şəhər Səhiyyə İdarəsi tərəfindən müxtəlif profilli klinisistlerin konsultasiyaları təşkil edilir. Poliklinikada həssas psixologiyası olan tənha ahıllar üçün "Gündüz sağlamlıq klubu" təşkil olunub. Burada qrup şəklində ahıllara müalicə və müayinələrlə yanaşı xüsusi tədbirlər (musiqi terapiyası, fitoterapiya, katerlə dəniz gəzintisi terrenkur müalicəvi bədən tərbiyəsi və s.) həyata keçirilir. Mütəmadi olaraq Bilgəh qəsəbəsində yerləşən "Müharibə və əmək əlilləri üçün pansionat"a həkim heriatr briqadası gedərək, onları müayinə edir, onlara ixtisaslaşmış heriatrik tibbi xidmət göstərilir. Dərman təchizatı Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilir".
Daha sonra çıxış edən Müharibə veteranları Respublika xəstəxanasının baş həkiminin müavini Nizami Feyzullayev qeyd edib ki, əhalinin qocalma problemi ilə əlaqədar müxtəlif sahələrin mütəxəssislərinin bir araya toplanması təsadüfü deyil. Qocalıqla mübarizə, ömrün uzadılması, aktiv uzunömürlülüyə nail olmaq probleminin həlli ilə məşğul olan elm-Herontologiya elmi özündə bir neçə istiqaməti birləşdirir. Həmin istiqamətlərdən biri də heriatriya bölməsidir ki, bu da yaşlı insanlarda xəstələnmə hallarının xüsusiyyətlərini öyrənən bölmədir.
Tədbir müzakirələr əsasında davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB