Jurnalistlər tibb müəssisələrindəki şəraitlə tanış olublar REPORTAJ

Jurnalistlər tibb müəssisələrindəki şəraitlə tanış olublar REPORTAJ

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi regionlarda fəaliyyət göstərən tibb müəssislərində yaradılan şəraitlə, görülən işlərlə tanış olmaq və real vəziyyətlə bağlı əhalini məlumatlandırmaq məqsədi ilə Oğuz, Balakən və Şəki rayonlarına press-tur təşkil edib.

SİA-nın məlumatına görə, press-turda iştirak edən KİV nümayəndələri adıçəkilən rayonların xəstəxanalarında yaradılan şəraitlə yaxından tanış olublar və həkimlərlə söhbətləşiblər.

KİV nümayəndələri ilk olaraq Oğuz Rayon Mərkəzi Xəstəxanasında olublar.

Baş həkimin müavini İradə Məmmədova bildirib ki, xəstəxana Regionların sosial-iqtisadi inkişaf proqramı layihəsi çərçivəsində 2009-cu ildə istifadəyə verilib: "Xəstəxana hər cür müasir avadanlıqlarla təmin olunub. Burada əhaliyə xidmət etmək üçün müxtəlif cür müasir aparatura (rentgen, flüoqraf, exo kardioqrafiya və s.) var. Bundan başqa bütün Respublikada olduğu kimi Oğuz Rayon Mərkəzi Xəstəxanasında da şəkərli, psixi-ruhi, imtiyazlı xəstələr üçün dərman təminatı çox yüksək səviyyədə təşkil edilib. Göstərilən bu xidmətlərə görə rayon əhalisi və təşkilatımız adından cənab Prezident İlham Əliyevə və Azərbaycanın birinci xanımı, millət vəkili Mehriban Əliyevaya təşəkkürümüzü bildiririk".

İ. Məmmədovanın sözlərinə görə, gün ərzində xəstəxanaya 100-150 nəfər müraciət edir: "Ümumiyyətlə rayonumuzda ağır xəstəliklərə rast gəlinmir. İnfeksion xəstəliklər əhalinin sıxlığı az olduğu üçün çoxda müşahidə olunmur. Son illərdə rayonumuzda ana ölümü hadisəsi olmayıb. Uşaq ölümü isə çox nadir hallarda olur. Ümumiyyətlə rayonda 72 həkim var və onlardan 35-i Oğuz Rayon Mərkəzi Xəstəxanasında çalışırlar. Təbii ki, boş vakansiya (uroloq, onkoloq, travmatoloq və s.) yerlərimiz də var. Ümumilikdə 23 vakant yer vardır".

Jurnalistlər daha sonra Balakən rayon Mərkəzi Xəstəxanasında olublar.

Xəstəxananın baş həkimi Hacı Ömər Nuriyev deyib ki, xəstəxananın 2007-ci ildə cənab Prezident İlham Əliyev tərəfindən bünövrəsi qoyulub, 2011-ci ildə istifadəyə verilib: "Bu, bizim ucqar rayon olan Balakən üçün çox əlamətdar hadisə idi. Çünki belə bir xəstəxananın tikilib istifadəyə verilməsi ölkə başçısının xalqa olan münasibətini, hörmətini və ehtiramını ifadə etdi. Müəssisəmiz vaxtilə köhnə binalarda yerləşirdi. Mərkəzi Xəstəxanada 15 şöbə fəaliyyət göstərir. Həmin şöbələrin hamısı kadrlarla təmin olunub. Həkimlərimizin bəziləri Türkiyədə, Moskvada və ayrı-ayrı şəhərlərdə ixtisasartırma kurslarında olublar. Ona görə də xəstəxanamızda cərrahiyə əməliyyatları olunur. Müəssisədə doğum şöbəsi də fəaliyyət göstərir. Eyni zamanda ölkə rəhbərinin tapşırığına əsasən Respublikamızın hər yerində olduğu kimi Balakəndə də əhalinin kütləvi müayinəsi aparılıb. Ümumilikdə 63.000 mindən çox əhali kütləvi müayinədən keçib".

Baş həkim jurnalistlərə açıqlamasında qeyd edib ki, xəstəxanada hazırda 7 boş vakansiya (onkologiya, urologiya, lor və s.) yeri var: "Müəssisədə 148 həkim çalışır, 504 nəfər isə orta tibb işçisidir. Rayon ucqar yerdə yerləşdiyi üçün burada rütubətlik çox olur. Məhz buna görə də xəstəxanaya ən çox ağciyər, oynaq, revmatik xəstəlikdən əziyyət çəkənlər müraciət edir".

Ana və uşaq ölümünə gəlincə baş həkim əlavə edib ki, bu cür hallar dünyanın bütün inkişaf etmiş dövlətlərində də mövcuddur: "Son zamanlar xəstəxanamızda bu kimi hallar çox azalıb. 10 ilə yaxındır ki, bizdə ana ölümü olmayıb. Amma ildə 2-3 uşaq ölümü olur".

Jurnalistlər son olaraq Şəki Rayon Mərkəzi Xəstəxanasında yaradılan şəraitlə tanış olublar.

Xəstəxananın baş həkimi Məcid Əliyev diqqətə çatdırıb ki, xəstəxana dövlət başçısı İlham Əliyevin iştirakı ilə 2011-ci ilin noyabr ayında istifadəyə verilib: "Xəstəxanada hemodializ, poliklinika, reanimasiya, cərrahiyə şöbəsi fəaliyyət göstərir. Hemodializ şöbəsində 40-a yaxın xəstə müalicə olunur. Xəstəxana qonşu rayonların əhalisi üçün də xidmət göstərir. Burada müxtəlif rayonlardan olan xəstələr göz və onkoloji xəstəliklərindən müalicə və müayinə olunurlar. Müəssisə müasir avadanlıqlarla tam təchiz olunub. Burada çalışan həkimlərin hər biri Türkiyədə ixtisasartırma kursundan keçiblər və bilik, bacarıqlarını əhaliyə sərf edirlər".

Məcid Əliyev vurğulayıb ki, xəstəxanada 450-ə yaxın həkim ştatı yeri var ki, onlarında əksəriyyəti tutulub: "Kadr çatışmazlığı problemi artıq həll olunmaq üzrədir. Bütün ixtisaslar üzrə vakansiya yerlərimiz var".

Qeyd edək ki, bundan öncə Səhiyyə Nazirliyi Göyçay, Ağdaş və Ucar rayonlarının tibb müəssisələrinə press-tur təşkil etmişdi.

Xatırladaq ki, son 10 ildə Azərbaycanda 600 səhiyyə müəssisəsi tikilib, əsaslı təmir olunub, müasir avadanlıqla təchiz edilərək istifadəyə verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə