Azərbaycanda “donuz qripi” aşkarlanmayıb AÇIQLAMA

Afaq Əliyeva: "Bakı şəhərindəki bütün məktəblər və uşaq bağçalarında 100 faiz dezinfeksiya işləri başa çatdırılıb"
Azərbaycanda “donuz qripi” aşkarlanmayıb AÇIQLAMA

"Azərbaycanda laborator müayinələr aparılır. Yanvar ayında 300-dən çox şəxs müayinə olunub. Ölkədə kəskin respirator viruslar aşkar olunur. Amma indiyədək ölkədə "donuz qripi" aşkarlanmayıb. Qonşu ölkələrdə "donuz qripi" aşkarlanmasına baxmayaraq, Azərbaycanda bu virusa rast gəlinməyib. Əgər laborator təsdiq yoxdursa, deməli "donuz qripi" aşkarlanmayıb". SİA-nın məlumatına görə, bu fikirləri bu gün keçirdiyi mətbuat konfransında Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib.

Onun sözlərinə görə, Naxçıvan Muxtar Respublikasında da epidemioloji vəziyyət tam sabitdir: "Naxçıvanda "donuz qrip"nin qeydə alınması barədə yayılanlar şayiədir. Düzdür, orada da respirator viruslar aşkarlanır, amma "donuz qripi" qeydə alınmayıb. Heç kim şayiələrə inanmasın.

Sərhəd-keçid məntəqələrində "donuz qripi"nin qeydə alındığı ölkələrdən gələn şəxslər müayinədən keçirilir. O cümlədən də Bakı şəhərindəki bütün məktəblər və uşaq bağçalarında 100 faiz dezinfeksiya işləri başa çatdırılıb. Hər ay məktəb və uşaq bağçalarında iki dəfə dezinfeksiya işlərinin aparılması nəzərdə tutulub. Dezinfeksiya işləri şənbə və bazar günləri həyata keçiriləcək".

Afaq Əliyeva ötən ilin dekabrında Azərbaycanla həmsərhəd olan İran İslam Respublikasında "donuz qripi" aşkarlanmasından sonra səhiyyə naziri tərəfindən əmrin imzalandığını da diqqətə çatdıraraq qeyd edib ki, müvafiq əmrdən sonra dərman preparatları, laborator müayinələrin aparılması, lazımi avadanlıqlarla təminatla bağlı tapşırıqlar verildi. Hazırda xəstəliklər haqda gündəlik məlumatlar toplanır. Epidemioloji vəziyyət tam sabitdir. Eyni zamanda, ağır keçirən xəstələrin yaxmaların götürülməsi üçün ləvazimatlar göndərilib".

A. Əliyeva onu da qeyd edib ki, Azərbaycanda Zika virusu ilə bağlı narahatlıq yoxdur: "Zika virusuna Azərbaycanda yoluxma ehtimalı yoxdur".

Bütün xəbərlər Facebook səhifəmizdə