Praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesi uğurla davam edir. AR Prezidentinin 2009-cu il 21 dekabr tarixli Fərmanı və Nazirlər Kabinetinin 2010-cu il 08 iyun tarixli 108 nömrəli qərarı ilə təsdiq edilmiş "Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası" nı rəhbər tutaraq Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilir. 2015-ci ilin yanvar – noyabr ayları ərzində Səhiyyə Nazirliyinin Sertifikasiya Komissiyası tərəfindən sertifikasiya imtahanlarında iştirak etmək üçün 11705 nəfərə "Buraxılış vərəqəsi" təqdim edilib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, imtahanlardan 1-ci cəhddən 268 nəfər keçə bilməyib. Ümumilikdə isə "Buraxılış vərəqəsi" almış 10002 nəfəri imtahanlardan uğurla keçib.
İmtahanlarda iştirak edənlərin 4346 nəfəri 90 baldan çox, 4317 nəfəri 75-90 arası, 1339 nəfəri isə 60-75 arası bal toplayıb.
İlin sonuna qədər keçiriləcək test imtahanlarında iştirak etmək üçün daha 1880 nəfərə yaxın namizəd artıq qeydə alınıb.
Test imtahanı və müsabiqələrdə iştirak edənlərin əksəriyyəti Terapiya, Pediatriya, Stomatologiya, Anesteziologiya – reanimatologiya, Kardiologiya və Laboratoriya işi ixtisasları üzrə müraciət edənlərdir. Orta tibb işçiləri üzrə isə tibb bacısı, mama və feldşer ixtisasları üstünlük təşkil edir.
Sertifikasiyanın məqsədi əhaliyə keyfiyyətli səhiyyə xidmətinin göstərilməsinin təmin edilməsi və ölkədə praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin peşəkarlıq səviyyəsinin və peşə yararlığının yoxlanılmasıdır. Sertifikasiya prosesinə beş ildə bir dəfə ali və orta ixtisas təhsilinə malik, müvafiq qaydada dövri ixtisasartırma kurslarını keçmiş səhiyyə mütəxəssisləri cəlb olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB