Azərbaycanda dializ xəstələrinin sayı açıqlanıb STATİSTİKA

Azərbaycanda dializ xəstələrinin sayı açıqlanıb STATİSTİKA

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında Dünya Böyrək Gününə həsr olunmuş elmi-praktiki konfrans keçirilib. Universitetdən SİA-ya verilən məlumata görə, tədbirdə respublikamızın dializ mərkəzlərinin, o cümlədən özəl dializ mərkəzlərinin həkimləri, Mərkəzi Neftçilər Xəstəxanasının hemodializ və böyrəkköçürmə şöbəsinin əməkdaşları iştirak ediblər.

ATU-nun Tədris Terapevtik Klinikasının direktoru, professor Surxay Musayev bildirib ki, ənənəvi keçirilən konfransın məqsədi böyrək patologiyasına, böyrək çatışmazlığı olan xəstələrə və bu sahədə çalışan insanlara diqqəti yönəltməkdir. Bu məqsədlə ölkəmizdə müvafiq qərarlar qəbul edilir, tədbirlər planı həyata keçirilir. Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənmiş "2011-2015-ci illər üçün xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı" çərçivəsində ölkəmizdə böyrək xəstələri pulsuz dializ müalicəsi alırlar. Buna baxmayaraq, dializ xəstələrinin sayı hər il təxminən 21-25 faiz artır. Bu artım isə tibb işçilərini ciddi narahat edir. Bunu nəzərə alaraq, Azərbaycan Hökuməti tərəfindən Bakı şəhərində və regionlarda dializ mərkəzləri yaradılır. ATU-da da bu məsələlərə xüsusi diqqət yetirilir və burada nefrologiya şöbəsi fəaliyyət göstərir.

Sonra akademik M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının hemodializ şöbəsinin müdiri Fariz Babayev "Azərbaycanda böyrək əvəzedici terapiyanın 2014-cü il registri" mövzusunda məruzə ilə çıxış edib. O, xroniki böyrək çatışmazlığının əsas səbəblərindən, dializ mərkəzlərinin fəaliyyətindən danışıb və bu sahə ilə bağlı statistik göstəriciləri diqqətə çatdırıb.

F.Babayev qeyd edib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən Azərbaycan vətəndaşlarının kütləvi tibbi müayinədən keçirilməsi uğurla davam etdirilir. Tibbi müayinə nəticəsində böyrək xəstəlikləri də vaxtında aşkar edilir. 2006-cı ildə Azərbaycanda dörd Hemodializ Mərkəzində 437 xəstə dövlət hesabına dializ müalicə alırdısa, hazırda bu rəqəm 33 mərkəzdə 2 min 635 xəstəni əhatə edir. Həmin mərkəzlərdə 486 dializ aparatı xəstələrə xidmət edir. Əhalinin hər milyon nəfərinə təxminən orta hesabla 205 xəstə düşür. Ən yüksək xəstə sıxlığı isə Gəncə, Şəmkir, Mingəçevir və Bərdə zonasındadır. Burada bir milyon əhaliyə təxminən 253 xəstə düşür. Bu da regionlarda xəstəliyin daha çox yayılması ilə yox, həmin bölgələrdə əhali kütləsinin daha sıx olması ilə bağlıdır. 2014-cü ildə Bakı şəhərində 155 min 37, bölgələrdə isə 197 min 379 hemodializ seansı aparılıb. Azərbaycanda bu gün 135 dializ həkimi və 382 tibb bacısı çalışır. Bu rəqəm əhalini tam qane etməsə də, həkimlərimiz fədakarlıqla bu işin öhdəsindən gəlirlər.

Qeyd edək ki, konfransda "Hepatorenal sindrom", "Hemodializ və hemodiafiltrasiya tətbiqinin əsas xüsusiyyətləri", "ANCA - sistem kiçik damar vaskulitləri", "FSQS - kompleks müalicəsində plazmaferezin tətbiqi" və digər mövzularda məruzələr dinlənilib, müzakirələr aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə