Altsgeymer xəstəliyini qabaqcadan diaqnozlaşdırırlar

Altsgeymer xəstəliyini qabaqcadan diaqnozlaşdırırlar

Əksər hallarda yaşlı insanların mübtəla olduğu Altsgeymer xəstəliyi hərəkətlərin pozulmasında və zehni fəallığın zəifləməsində ifadə olunur. Yaponiyalı həkimlər bir xəstədə bu xəstəliyin ilk əlamətləri üzə çıxana qədər onun, məhz Altsgeymer xəstəliyinə tutulduğunu bildiriblər. Mütəxəssislərin fikrincə, bu fakt xəstəliyin patologiyasının inkişafını anlamaq üçün irəliyə doğru böyük addım hesab edilə bilər. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, kimya sahəsində Nobel mükafatı laureatı Koiti Tanaki başda olmaqla bir qrup alim Altsgeymer xəstəliyinin təzahürlərinin tədqiqatı üzrə layihə üzərində işləyir. Xəstəliyin patologiyasının hərtərəfli təhlili ilk simptomlar yaranana qədər diaqnoz qoymağa imkan verən yeni meyarlar aşkar etməyə şərait yaradır. Alimlərin fikrincə, yaşlı insanların müntəzəm müayinə olunması və yeni texnologiyalar onların əksəriyyətinin zehni qabiliyyətini qoruyub saxlamağa kömək edə bilər. Hazırda əsas problem ondan ibarətdir ki, bu cür təhlil aparmaq üçün zəruri kimyəvi reagentlər az tapılır və baha başa gəlir. Lakin mütəxəssislər əmindirlər ki, bunlar müvəqqəti çətinliklərdir.

Bütün xəbərlər Facebook səhifəmizdə