Nodulyar dermatit xəstəliyinə qarşı ciddi mübarizə aparılır

Nodulyar dermatit xəstəliyinə qarşı ciddi mübarizə aparılır

İmişli rayonunun bir neçə kəndində iribuynuzlu heyvanlar arasında nodulyar dermatit virus xəstəliyinin kliniki əlamətləri müşahidə edilib. Bununla əlaqədar Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəis müavini Azər Süleymanov İmişli rayonuna ezam olunub. Bu barədə SİA-ya Xidmətin mətbuat katibi Yolçu (Xanvəli) Həsənov deyib.

Bu gün Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəis müavininin rəhbərliyi altında xidmət əməkdaşları xəstəlik qeydə alınan kəndlərdə dezinfeksiya, desinseksiya işləri aparmaqla, heyvanlarda simptomatik müalicə tədbirlərini həyata keçiriblər.

Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəis müavini Azər Süleymanov İmişli rayonunun kəndlərindəki xəstəlik qeydə alınan bütün təsərrüfatlarda olub. Fermerlərə və ayrı-ayrı təsərrüfat sahiblərinə xəstəlik barədə ətraflı məlumat verərək xəstəliyin müalicəsi istiqamətində aparılan məqsədyönlü tədbirlərdən danışıb. Eləcə də vurğulayıb ki, aparılan dezinfeksiya, dezinseksiya və simptomatik müalicə tədbirləri öz effektini verməkdədir. Artıq xəstəliyin dinamikasında enmələr müşahidə edilir.

A.Süleymanov qeyd edib ki, xidmət xəstəliyə qarşı mübarizədə bütün imkanları səfərbər edir və edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə