Milli Onkologiya Mərkəzinin həkim briqadası rayonlarda müayinələr aparıb
Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin həkim briqadası respublikanın şimal-qərb bölgəsinə daxil olan Balakən, Zaqatala və Qaxrayonlarında əhali arasında profilaktik baxış məqsədilə müayinələr aparıb. SİA-nın xəbərinə görə, müayinələrin məqsədi və nəticələri barədə məlumat verən Səhiyyə Nazirliyinin baş mütəxəssisi, respublikanın baş onkoloqu Azad Kərimli aparılan profilaktik baxışların məqsədli xarakter daşıdığını bildirib.
Onun sözlərinə görə, bu müayinələr xərçəng və xərçəngyönümlü xəstəliklərin vaxtında aşkar olunaraq nəzarətə götürülməsi məqsədilə həyata keçirilir: "Müayinələr mərkəzin Mobil Diaqnostika Kompleksinin vasitəsilə 18 nəfərdən ibarət yüksək ixtisaslı həkim briqadası tərəfindən həyata keçirilib. Aksiya çərçivəsində Balakən rayonunda 1154, Zaqatalada 1010, Qax rayonunda isə 1385 nəfərdə müayinə aparılıb. Müayinələr zamanı xərçəng xəstəliyi ilə yanaşı, digər xəstəliklərin də aşkar olunub və belə xəstələr uyğun ixtisaslı həkimlərə yönəldilib".
Baş onkoloqun bildirdiyinə görə, müayinələr zamanı Balakən rayonunda 76, Zaqatalada 61, Qaxda isə 67 xəstə aşkar olunub: "Aşkarlanan xəstəliklərin heç də hamısı xərçəng xəstəliyi ilə bağlı deyil, yəni ümumi xəstəliklərdir. Müsbət haldır ki, aşkarlanan xəstələr arasında xərçəng xəstəliyinə tutulanlar çox az faiz təşkil edir. Xərçəng xəstəliyinin yerləşməsinə gəldikdə, ümumiyyətlə, bütün dünya üzrə kişilər arasında ağciyər, traxeya, qadınlar arasında isə süd vəzisinin xərçənginə daha çox təsadüf olunur. Ona görə də aksiya zamanı əsas diqqət qadınların müayinəsinə yönəldilib. Belə xəstələrin sayı o qədər də çox olmayıb. Şübhəli bilinən xəstələr əlavə müayinələrin aparılması, müalicə taktikasının seçilməsi üçün Milli Onkologiya Mərkəzinə dəvət ediliblər".
Baş onkoloq 2006-cı ildən mütəmadi olaraq keçirilən bu müayinələrin davamlı olacağını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB