Azərbaycanda daha bir nadir cərrahiyyə əməliyyatı

Azərbaycanda daha bir nadir cərrahiyyə əməliyyatı

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin ürək cərrahlığı şöbəsində ölkəmizdə ilk dəfə Xaçmaz rayon sakini, 53 yaşlı Zərifə Dadaşovanın üzərində mürəkkəb cərrahi əməliyyat hesab olunan Bental əməliyyatı icra edilib.

Mərkəzdən bildiriblər ki, Z.Dadaşova səhhətindəki problemlə əlaqədar Bakı şəhərindəki özəl xəstəxanaların birində müayinə olunarkən onda aorta kökünün, qalxan aortanın anevrizması və ciddi aortal requrgitasiya aşkar edilib. Xəstəyə Bakı şəhərindəki özəl xəstəxanalarda, həmçinin İran İslam Respublikasında əməliyyatın 12 -15 min manata başa gələcəyi bildirilib.

Buna maddi imkanı çatmadığından xəstə kömək üçün Səhiyyə Nazirliyinə müraciət edib. Nazirlik isə onu müayinə və müalicə üçün M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə göndərib. Əməliyyat üçün lazım olan bahalı ləvazimatlar Səhiyyə Nazirliyi tərəfindən təmin edilib. Əməliyyatı tibb üzrə fəlsəfə doktoru, uzun müddət Səudiyyə Ərəbistanında ən qabaqcıl ürək cərrahlığı mərkəzlərində işləmiş və zəngin təcrübə toplamış İlqar Heybətov aparıb.

Onun dediyinə görə, belə mürəkkəb əməliyyatların icrası məhz son illərdə M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonra mümkün olub. Ölkə rəhbərliyinin səhiyyə sisteminə diqqət və qayğısı sayəsində bu gün ürək cərrahlığının təchizat və təminatı yüksək səviyyədədir. Gələcəkdə daha mürəkkəb əməliyyatların həyata keçirilməsi qarşıya məqsəd qoyulub.

Bütün xəbərlər Facebook səhifəmizdə