İmran Abdullayev: "Toyuq ətindən dönər istehsal edənlərin sayı artır"
"Hazırda çox sayda dönərxanalar var ki, onlara ətin haradan və kimlər tərəfindən gətirilməsi, hansı standartlara cavab verməsi, kimlər tərəfindən satışa buraxılması barədə məlumat yoxdur". Bunu SİA-ya açıqlamasında Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma gigiyenası şöbəsinin müdiri İmran Abdullayev deyib.
Onun sözlərinə görə, Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən 2006-cı ildən toyuq dönərinin satışının qadağan edilməsinə baxmayaraq, hələ də bir çox dönərxanalarda toyuq dönəri satılır: "Bu tip dönərxanalarda təkcə Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən deyil, eyni zamanda məsələyə aidiyyatı olan digər dövlət qurumları tərəfindən də monitorinqlər keçirilir. Dönər obyektlərinə nəzarət hər zaman aparılır, lakin bununla belə toyuq ətindən dönər istehsal edənlər hələ də var və onların sayı getdikcə artır. Toyuq dönərinin istehsalı ilə məşğul olan hüquqi və fiziki şəxslər barəsində dəfələrlə inzibati tədbirlər görülüb. Ancaq cərimələrin miqdarı 150-200 manatdır, cərimələyirik, cəriməni ödəyib, yenə də əvvəlki formada fəaliyyət göstərirlər. Çünki 200 manat dönərxana işlədənlər üçün böyük məbləğ deyil. Ona görə də bu sahədə cərimələrin miqdarının artırılmasına ehtiyac var".
Toyuq dönəri ilə mübarizədə əhalinin də mühüm rol oynamalı olduğunu deyən İmran Abdullayev bildirib ki, mərkəz tərəfindən məsələ ilə əlaqədar əhaliyə dəfələrlə müraciət olunub: "Lakin çox təəssüflər olsun ki, əhali də toyuq dönərinin tanıdılmasında və istehlakında maraqlıdır".
Qidalanma gigiyenası şöbəsinin müdiri cari ilin 11 ayı ərzində hələ ki, dönərlə bağlı zəhərlənmə halının qeydə alınmadığını da bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB